Страница 5 из 7 · 57%

Sitarə”

Heyhat, bir daha mən bu əmrə qadir ola biləcəkmiyəm?

Sitarədən ayrı yaşamaq, o sevdayi gözləri görməmək, ah, nə qədər ağır bir əmr, nə qədər böyük təklif. Yox, yox, bunu mən çəkə bilmərəm, özümü boğaram, intihar edərəm. Yarın gedib ayaqlarına qapanacağam, ağlayacağam, yalvaracağam, qəbul etməz olursa, özümü o sevdayi gözləri önündə vəhşiyanə bir tövrlə qətl edəcəyəm. Baxalım sonu nə...

Cavad

Rəmziyyəm!

Zira mühakiməyi-vicdaniyyə bir an məni rahat buraxmayır. Artıq həyatımın hər dəqiqəsi, qəlbimin hər bir çırpıntısı mənim üçün ağır bir məsiyət və böyük bir günahdır. Zira mükəddər çöhrədən, həzin bir quş sədasından, adi bir nəğmədən, ufaq bir ahəngdən göz yaşları axıdaraq mütəəssir olan ürək bir insan ürəyi parçalamaqdan mütəəssir olmazmı? Bundan fəna nə ola bilir? İndi həyat mənim üçün çox dəhşətli görünür. Hər zaman gözlərimi qapar-qapamaz o zavallı qadın solğun və küsgün bət-bənizi ilə önümdə mücəssəm olaraq, zəfindən yaşıl damarları çıxmış gəmik əllərini mənə doğru uzadaraq, hıçqıra-hıçqıra mühib bir səda ilə: “Çapqın qadın çabuq, çabuq! Rədd et mənə zövcimin cəlb etdiyi qəlbini, rədd et!” – deyə bağırır. Xələcanlı bir halda gözlərimi açarkən, dəhşətimdən gözlərim qaralır, başım fırlanır, gəmiklərimi acı və ağır bir qüvvət çatır-çatır sıxır. Bağırmaq, ağlamaq istərəm. Fəqət heyhat!.. Bir şey nəfəsimi tıqır, məni boğur kimi olur. Saatlarca əllərimlə üzümü qapayaraq, durduğum yerdə donmuş bir heykəl kimi dururam. Görürmüsən həmşirəm, qəza mənim üçün necə səfil tuzaqlar qurmağa başladı.

Fəqət sevgili həmşirəm, məni unutmayacaqsınız, deyilmi? Bilirmisən nə zaman? Həzin bir qaranlıq gecənin müdhiş sükunəti içində sıxı-sıxı yarpaqlar arasına sığınmış zavallı bir quşcuğazın acı-acı fəryadi-dilxəraşı ara-sıra qulaqlarınıza çarpdıqca, məni xatırlayaraq, məni düşünün!

Yaxud günəşin şüaati-zərrini içində parıl-parıl parlayan şəbnəmlərə qərq olmuş bir bənəfşə, səhərlərə məxsus sərin bir ruzigara qarşı lətif-lətif şükuftələnməyə, gülümsəməyə başlarkən, axşamına nagahzühur bir badi-sərsərdən pamali-türab olduğunu görüncə, ruhum, rəvanım, həmşirəm, məni yad et!..

Yainki, göz işlədikcə, çiçəklərlə bəzənmiş zümürridin bir çəmənzar üzərində şatır münəqqəşpər bir kələbək, canlı bir çiçək kimi sevinə-sevinə, xəfif-xəfif, gurultularla, çiçək-çiçıək dolaşır. Sevincindən o müləvvən, parlaq qanadlarını oynadaraq, mini-mini xortumunu, sevdiyi, o dəlicəsinə aşiq olduğu çiçəyə, hərisanə bir surətdə uzadır. Birdən-birə havada bir təğəyyir, bir pozğunluq: bir anda səmanı kəsif səhabələr qaplamağa başlayır. Birdən-birə şiddətli bir ildırım bu səhabı qamçılayaraq göyün bir səmti yarılır kimi olur. Şiddətli bir yağmur sel kimi yağmağa başlayır. Ah, artıq bu canlı çiçək, o zavallı kələbək neredə? Bir saatdan bəri bir çiçək yarpağı kimi yerlərə sərilmiş, pamali-türab olaraq, həyati-nazənini bitmiş, məhv olmuşdur. Gözəl Rəmziyyəm, hər zaman bu lövhəyi-qəmfəzanı görürkən, düşünürkən məni xatırla, mənim üçün ağla!.. Zira bunların həpsindən məzlum, həpsindən bədbəxt mən oldum!..

Artıq yaza bilmirəm, əllərim titrəyir, qəlbim çarpır, əsabım oynayır, beynim dumanlanır. Xudahafiz. Öpürəm sizi.

Didarınıza həsrət Sitarə

Sevgili qardaşım!

Tam on gündür Sitarədən bir xəbər bulmadım. O faciəyi-əlimədən sonra fikrən, cismən xəstələnmişdim. Səhhət bulduqdan sonra Sitarənin, o olmazsa validəsinin nəzdinə gedərək, əllərinə, ayaqlarına qapanaraq həyati-dərunumu göz yaşlarımla ərz etmək, yalvarmaq kimi vəsilələrlə məramıma yetişmək xülyası ilə oraya getdim. Neçə saat pəncərələrinin önündə dolaşdım. Bir kəs görmədim. Nəhayət bir neçə kərrə qapının çınqırığını basdım. İxtiyar bir qadın çıxdı. “Kimi istəyirsiniz?” dedi. Xələcanlı və şaşalamış bir səslə: “Xanım qızı görmək istərdim” dedim. Qadın hiddətli bir nəzərlə məni süzdükdən sonra: “Evdə kimsə yox!” deyə başını çəkdi və qapını yenidən anaxtarlamaq istərkən: “Onlar çoxdan getdilər” sözlərini daha əlavə etdi. Bu son cümlələr bir şəhabi-saqib kimi üzərimə endi. Deyəcəyimi şaşırdım. Boğazımı tıqıyan bir hıçqırığı udduqdan sonra, boğunuq bir səslə: “Nereyə getdiklərini lütfən mənə demiş olasınız, çox məmnun olurdum” dedim. Qarı qapının arxasında hiddətli bir səslə: “Nereyə getdiklərini mən də bilməm. Lakin, canım, siz bu zavallı qızdan nə istəyirsiniz? Artıq bəs olmadımı? Çapqın!” deyə qapını hiddətlə çırparaq getdi.

Ah, bəradər, hər zaman bu qapıdan xirmən-xirmən lütf və mərhəmət düşürürkən, indisə belə hiddət və təhqir nədən? Bu sözlər yalın bir qılınc kimi qəlbimə təsir etdi, durduğum yerdə mıxlı kimi qaldım. Qapı bir kərrə daha açıldı. Arasından mənə bir məktub yazadan əl çıxdı: “Alınız, bu məktub sizə yetişəcək, unutdum” dedi. Məktubu alar-almaz yenə də hiddətlə qapı anaxtarlandı. İldırım sürətilə konverti cırdım. Gözlərim tanıdığım bir xəttə düşdü. Çabuq məktubun imzasına baxdım: “Sizin əbədi əsiriniz Sitarə”. Ah, bilsəniz qəlbimdə nə qədər qüvvətli bir hiss duydum. Nə demək? “Bu qız yenə də məni sevirmiş” deyə hayqırdım. Məktubun məzmunu çox mətin olmaqla bərabər, çox qısa idi. İştə bəyeynə yazıram: “Bəy əfəndi! Artıq sizi həmişəlik tərk etməyə məcbur idim. Lakin o faciəyi-müdhişədən sonra qəti surətdə qərar verdiyim əmr sizinlə bir daha görüşməmək şərtilə uzaq, çox uzaq bir ölkəyə getməyə qərar verdim. Neredə sakin olacağımı indi mən də bilməyirəm. Zira ola bilir ki, təxmin və təyin etdiyim məhəldən daha uzaq bir ölkəyə köçməyə məcbur olum. Qaranlıq sıxı-sıxı buludları qovalayan bir ruzigar kimi, məchul bir qüvvət də buradan məni qovalayır. Nereyə? Bilməm! Zatən buradan qaçmamın lüzumunu, mən hiss edirəm, əvət gedirəm, eşqimi, məhəbbətimi bu zavallı qadına fəda edərək bir daha qayıtmamaq şərtilə gedirəm. Lakin bəy əfəndi, ilk məhəbbətimiz, ilk görüşməmiz, sevişməmiz naminə rica edirəm, mən eşqimi bu zavallı qadına fəda etdiyim kimi, siz də fəda ediniz... Artıq məni unudunuz! Bir daha xatırlamamaq şərtilə unudunuz! Onunla birləşiniz, onu seviniz, onun qırmış olduğunuz qəlbini daima seviniz. Sevə-sevə yapdığı yuvanı yenidən təmir ediniz! Ah, Cavad, əyər sözlərimi tutacaq olsanız, bilsəniz, nə qədər məni özünüzə minnətdar buraxacaqsınız. Rica edirəm belə yapınız... Sitarə”.

Cavad

Ruhum, rəvanım, həmşirəm!

İndi məni neredə zənn edirsiniz? Dar, qaranlıq məzarda, qara torpaqlar altında, deyilmi? Hətta bürünmüş olduğum kəfənimi belə saralmış, parçalanmış və əndamımı çürümüş torpaqlara qarışmış sanırsınız... Zənnimcə bir neçə kərə belə mənə acıyaraq, ağ kəfənlərə bürünmüş olduğum halda önünüzdə mücəssəm edərək hayqıra-hayqıra ağlamışsınız.

Xayır həmşirəm! Yenə də məcburi olaraq yaşayıram. Əvət, bu faciəyi-əlimədən sonra qərar verdiyim əmr özümü intihar etməkdən ibarət idi. Lakin həmşirəm, iqtidarımdan mafövq bir qüvvət məni qərarımdan vaz keçməyə məcbur etdi. O daha Cavadın məhəbbətindən ibarət olsa gərəkdir. Ah, mən bu adamı artıq görməyirəm, ismindən belə tənəffur edərkən yenə də sevirəm. Qəlbimdə ona qarşı böyük bir eşq və məhəbbət hiss edirəm. Mən ondan ruhən, cismən qaçıb qurtulmaq istərkən, o məni daima kölgə kimi təqib edir.

Sizə məktub yazdığım günün axşamı idi. Çox dalğın, çox müdhiş idim. Validəm bu işdən çox darılmış olduğundan, odadan çıxmayırdı. İldırım vurmuş bir quş kimi kədərlənir, çırpınırdı. Xalam isə bir an gözdən buraxmayaraq, məni təqib edirdi. Zavallı qadın şiddəti-dəhşətimi anlayaraq yanıma oturdu. Dürlü-dürlü nəvazişlər, təltiflərlə könlümü almağa başlamışdı. Birdən-birə məni qolları arasına alaraq: “Qızım, kədərlənmə, gənclikdə belə işlər çox olur” dedi. Bu sözləri deyərkən mən çocuq kimi əllərimlə üzümü qapayaraq ağlayırdım. Xalam əllərimi üzümdən rədd etməyə çalışaraq: “Ağlama, qızım, nə üçün ağlayırsan? Bilirsən ki, mən sənin belə ağlamanı çəkə bilmərəm. Ah, yenə də ağlayacaqmısan? Bu gənci yenə də sevirmisən? Söyləsən a, quzum, yavrum. Bu adamda vicdan olmadığını bir kərrə düşün! Öz zövcəsinə mərhəmət etməyən bir adam, yarın səni məsud edəcəyinə əminsən? Təəhhül əmrini bu qədər səhl sanma ki, şaşıram. Ah, bu ağlamanın ardı-arası kəsilməyəcəkmi?”.

Zavallı qadın sapsarı kəsilərək, başını əlləri içinə aldıqdan sonra, birdən-birə yerindən qalxdı. Ayaqlarımı sıxı-sıxı qucaqlayaraq: “Quzum! Yavrum. Bu ayaqlarına qapanan bir ana qədər əmək verən, canı, ruhu qədər sevən ixtiyar qadına heçmi acımayacaqsan?” deyə şiddətlə hönkürərək ağlamağa başladı. Artıq dayana bilmədim. Bu zavallı qadının belə ağlayışından müdhiş kəsilərək, nə yapacağımı şaşırdım. Əsəblərim oynadığı, beynim dumanlandığı halda ayağa qalxdım, onu qucaqlayaraq hıçqıra-hıçqıra: “Xalacan, ağlama, mən də ağlamıram. Sizi sevindirəcək bir şeyə qərar verdim”. Zavallı qadın özünü toplayaraq: “Nədir qızım, çabuq söylə” deyə hayqırdı. “Xalacan, rica edirəm, məni bu əzabdan qurtarınız, Allahı sevərsiniz, qurtarınız” deyə bir dürlü özümü hifz edə bilməyərək ağladım. Xalam gözləri yaşlı olduğu halda: “Qızım mən nə yapa bilərəm? Çabuq söylə də, hər nə dilərsən yapım!” dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов