Страница 1 из 3

Lerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.

Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.

İspaniya qiyamçıları Almaniya və İtaliya faşistlərindən qüvvət alıb şəhərə hücuma başladıqları zaman respublikaçılar çocuqları, əlsiz, ayaqsızları səlamət yerlərə köçürmüşdülər. Yalnız Albert və Albaressa yaşadığı küçədə bir neçə çocuq, qoca kişi və qadın qalmışdı. Küçə faşistlər əlinə keçdiyindən bunları köçürməyə artıq vaxt olmamışdı. Madrid şəhəri küçələrində çarpışma gündən-günə şiddətlənir, faşistlər tez-tez hücuma keçirdi. Respublikaçılar düşmənin yeni qüvvət aldığını bildiyindən daha mətanətlə çarpışıb düşmənə böyük tələfat verirdi. Topların gurultusu, bombaların vıyıltısı, pulemyotların şaqqırtısı, tankların taqqırtısı qulaq batırırdı. Evlər, qapılar, pəncərələr zağ-zağ titrəyirdi.

Od içində qalmağa məcbur olan Albert birinci gün çox qorxmuşdu. O, bir tərəfdən cəbhədə çarpışmaqda olan ata-anasını, o biri tərəfdən də öz ağır və qorxulu vəziyyətini düşünürdü. Ona ürək və təsəlli verən yalnız qonşusu və baba kimi sevdiyi qoca Albaressa idi. Albaressanın qanadları altına sığınıb hər dərdini, kədərini onunla unudurdu. O, artıq yavaş-yavaş səsə, küyə alışmağa başlayırdı. Yaşadıqları dördüncü qatda Albaressa pəncərədən açmış olduğu deşikdən çarpışmaya tamaşa edir və respublikaçıların tezliklə qalib gəlməsini səbirsizliklə gözləyirdi.

Bir gün Albert qoca Albaressaya dedi:

– Bir az böyük olsaydım, mən də cəbhəyə gedərdim.

Qoca Albaressa gülə-gülə kiçik Albertin parlaq gözlərinə baxıb soruşdu:

– Sən cəbhədə neylərdin?

– Neylərdim? Bu canavarların ordusunu bir gündə dağıdardım!

Albaressa kiçik vətəndaşın başının əlilə oxşadı:

– Sən qorxma, bizim qəhrəman ordumuz düşməni darmadağın edəcək.

Albert qocaya bir az da yaxınlaşdı. Kiçik, ağıllı gözlərini onun gözlərinə dikib soruşdu:

– Baba, bu alman və italyan faşistləri ölkəmizə nə üçün ordu göndərir?

Qoca Albaressa əlini onun çiyninə qoyub cavab verdi:

– Oğlum faşistlər xalq azadlığının düşmənidir. Onlar öz səadətini başqa xalqların fəlakəti üzərində qururlar. Faşizm hər cür azadlığın düşmənidir.

Bu sözlərdən Albertin üz-gözü dumanladı. Bir az düşündükdən sonra başını qaldırıb dedi:

– Biz öz faşistlərimizi ölkəmizdən qovub çıxarmaq istəyirdik. Bu canavarlar hara gəlir?

– Hara gəlir? Leş, cəmdək üstünə. Bizim vətənimizi özlərinə müstəmləkə etmək istəyirlər.

– Necə? Müstəmləkə?!

– Bəli, müstəmləkə! Yoxsa, nə üçün gəlirlər? Bu istilaçılar həmişə başqa xalqın torpağına göz dikir. Müstəmləkəçilik onların siyasətidir.

– Yox, biz onlara öz torpağımızdan bir qarşı da verməyəcəyik!

Qonşu küçədə şiddətlə gurlayan topun səsi danışığa mane oldu. Artıq hər iki tərəf hücuma keçmişdi. Albaressa pəncərə deşiyindən baxıb Alberti çağırdı:

– Albert, gəl bax, faşist zabiti əlində durbin orduya komanda verir.

Albert tez yaxınlaşıb diqqətlə küçəyə baxdı. Zabit səngər içində, əlində durbin, qarşısında cəbhənin planı, telefon ilə əmrlər verirdi. Albert başını çəkib Albaressaya baxdı. O baxışlar çox mənalı idi. Pəncərədən çəkilib dedi:

– Baba, bu zabit bizim pəncərənin düz altında durub. Albaressa yavaşca:

– Yox, Xuanın pəncərəsi altındadır. Albert tez qapını açıb dişarı çıxdı. Albaressa çocuğun bu hərəkətindən şübhələndi. Onun nə üçün getdiyini və nə yapmaq istədiyini bilmək üçün arxasınca getdi. Albert yarım pudluq qalın bir dəmir parçasını qolları üstünə götürüb hıqqana-hıqqana pəncərəyə tərəf apardı. Albaressa əsəbi səslə bağırdı:

– Albert, neyləyirsən?

Albert qaşlarını çataraq kəskin bir səslə:

– Bunu faşist zabitinin başına salacağam – dedi.

Albaressa ona mane olmaq istədi. Albert öz fikrində inad göstərdi. Albaressa ona dedi:

– Sənin gücün çatmaz, onu ver mən atım.

Albert razı olmadı. Bunların səsinə qonşu Xuan gəldi. Xuan köhnə əsgər idi. Onun atası və kiçik qardaşı əsgərlikdə ölmüşdü. Özü də bütün həyatını əsgərlikdə keçirmişdi. Mərakeş xalqı İspaniya hökumətinə qarşı üsyan etdiyi zaman Xuan da orduya göndərilmişdi. Müharibədə ayağından aldığı yaradan şikəst qalmışdı. Xuan əhvalatı anlayanda dəmir parçasını Albertin əlindən dartıb aldı. Sonra əli ilə onları itələyib:

– Siz gördüyünüzü mən də görmüşəm. O, bizim pəncərənin altında durur. Siz buradan çəkilin. Bu mənim işimdir! – dedi.

O bu sözləri o qədər qəti dedi ki, Albert və Albaressa susmağa məcbur oldu. Xuan dəmir parçasını öz otağına gətirdi. Küçələrə qarşı olan pəncərələri açmaq yasaq olduğu halda pəncərəni yavaşca açdı və dəmir parçasını düz zabitin başına atdı. Dərhal pəncərədən çəkildi. Dəmir zabitin başını partlatdı. Dərhal küçədə səs-küy qopdu. Pəncərəni yaylım atəşinə tutdular.

Çox çəkmədi ki, həyətin dəmir darvazası şiddətlə döyülməyə başladı. Xuan Albertə və Albaressaya dedi:

– Siz çəkilin, məni aparmağa gəlirlər. Albert onun əlindən tutub:

– Qorxma, gəl, mən sizi gizləyəcəm, heç görməyəcəklər – dedi. Xuan onun sözünə əhəmiyyət vermədi. Albert isə əl çəkmədi, onun qolundan tutub:

– Xuan dayı, mən səni elə yerdə gizləyəcəm ki, heç kəs tapa bilməyəcək. Bircə sən gəl! – deyə fikrində inad etdi.

Darvaza qapısı açılıb jandarmlar, polislər içəri girmişdi. Həyətdə səs-küy getdikcə çoxalırdı. Xuan otağının içində durub yerindən tərpənməyirdi. Albaressa işə qarışdı. Albert onu Albaressanın otağına gətirdi. Albaressanın böyük bir palazı var idi. Albertin göstərişi ilə palazı tez açdılar. Xuanı palaza səriyib divara söykədilər.

Jandarmları dəmir atılan pəncərənin otağına girib Xuanı axtarırdılar. Orada tapmayınca qonşu otaqları bir-bir gəzdilər. Albaressanın otağını da aradılar. Otağı alt-üst etdilər. Hətta əyri və ağzı qıfıllı sandığın da ağzını açıb baxdılar. Xuanı tapmadılar. Jandarmlar acıqlarından dil-dodaqlarını çeynəyirdi. Albaressanın otağına bitişik olan qonşusu Mariya Albaressanı şübhəli baxışlarla süzərək:

– Yəqin onu gizləmişlər – deyirdi.

Jandarmlar Albaressanı çox sıxma-boğmaya saldılar. Yoğun və qısa boylu jandarm tüfənginin qundağı ilə onu vurmağa başladı. Albert:

– Mənim babamı niyə vurursunuz? – deyə Albaressaya sarıldı. Uca boylu, canlı bir jandarm Albertin qolundan tutub özünə tərəf çəkərək:

– De görüm o kişini harada gizləmisiniz? Yoxsa hər ikinizi öldürəcəyik – dedi.

Albert:

– Bizim xəbərimiz yoxdur! – dedi. Jandarm onun üzünə üç-dörd sillə çəkdi. Kiçik Albertin üzündə jandarmanın barmaq yerləri qıpqırmızı görünür, gözlərinə qan çökmüşdü, ağlaya-ağlaya cavab qaytardı:

– Bizi nə üçün döyürsünüz? Onunla bizim nə işimiz var? Qoçaqsınız axtarın, tapın!

Jandarmlar söylənə-söylənə getdilər. Fəqət o evi dörd tərəfdən əhatə etmişdilər. Döyüş şiddətlənirdi. Komandanı ölmüş olan faşist dəstəsi respublikaçıların şiddətli atəşi altında yavaş-yavaş geri çəkilirdi. Oğlu faşist zabiti olan Mariya get-gedə əsəbiləşirdi. O faşist komandanının ölməsini bu evdə yaşayan adamlardan gördüyü üçün hamıya düşmən kəsilmişdi. Albaressanın bu işdən xəbəri olduğunu duymuşdu. Ona görə də Xuanı harada gizlətmiş olduğunu bilmək üçün Albaressanı pusurdu.

Jandarmlar getdikdən sonra Albert ilə Albaressa Xuanı palaz içindən çıxartdılar Xuan ələ keçmədiyindən, jandarmları aldada bildiklərindən Albert çox sevinirdi. Onlar öz aralarında şən-şən danışırdılar Mariya onların danışığını eşidib qapı ağzından pusmağa başladı. Xuan deyirdi:

– Sağ ol Albert, sən məni ölümdən qurtardın, bu palaz sənin yadına hardan düşdü? Palaz olmasaydı neylərdiniz?

– Palaz olmasaydı başqa şey düşünərdim, – deyə Albert ona cavab verdi. Mariya bunu eşidincə tez aşağı endi. Əhvalatı dəmir darvaza ağzında duran jandarmlara xəbər verdi. Jandarmlar yenidən həyətə doldu. Fəqət onlar respublikaçıların irəlilədiyini və faşist ordusunun geri çəkilməkdə olduğunu bilirdilər. Ona görə də könülsüz olaraq yenə haman jandarma Albaressanın evini yoxlamağa çıxdı. Albert onların gəldiyini görmüşdü. Xuanı tez böyük sandığın içinə qoyub ağzını bağladı. Jandarmlar gəldi. Albaressanın otağına girincə palazı açdılar. İçində heç bir şey yox idi. Albaressanı və Alberti yenə çox incitdilər. Bir fayda vermədi. Onlar gedirkən:

– Biz səninlə atışma sakit olandan sonra danışacağıq, – dedilər.

Jandarmlar getdi. Albert sandığı açıb Xuanı çıxartdı Hər üçü sevinə-sevinə oturub danışırdılar. Albaressa dedi:

– Bu azğınlar qurd kimi qoxu bilir. Onları Xuanı palaz arasında gizlətdiyimizi eşidib gəlmişlərdi.

Sonra əlavə etdi:

– Bu, Mariyanın işi olacaq. O faşistin bizi görən gözü yoxdur.

Albaressa onun sözlərini təsdiq etdi:

– Jandarmlar bu dəfə gələndə mən çox qorxdum. Yoğun və qısaboylu jandarm sandığa bir neçə dəfə əyri-əyri baxdı. “Sandığı açın” – desəydi, neylərdik? Albert ayaq tappıltısı eşitdi. Əlini ağzına qoyub “s...s!” deyə, işarə etdi; sonra yerindən qalxıb qapını birdən-birə açdı. Mariya onları qapı ağzında durub dinləyirdi. Alberti görüncə o qıpqırmızı qızardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü pərdə

Beşinci şəkilXanın bağıdır. Gövhər xanımın toyuna hazırlıq gedir Eloğlu, Atakişi, Telli,*

9 мин
Birinci fəsil

Günəş sönmüş, qaranlıq çökmüş, üfüqlər qısalmışdı. Bakının göylərində mənzil etməyə qərar vermiş qara, sıx cənub buludları ucubucağı olmayan durna qatarı kimi düzülərək, aylı-ulduzlu göylə şəhərdən ucalan çıraq və elektrik işıqlarının bir-biri ilə öpüşməsinə mane olurdu. Xəzərin qoynuna girmiş Bakı gecəsini, pəncərələrdən, yaxın buruqlardan, Qara və Ağşəhər zavodlarından, çit və bez fabrikindən, limanlarda və dənizdə olan yük və minik gəmilərindən ətrafa yayılan elektrik və çıraq işıqları ala-qaranlıq bir səhərə çevirmişdi. Təsadüfi olaraq o işıq nümayişində bu gecə Hacı Kərimin də elektrik lampaları iştirak edirdi. Məsləhətə çağırılmış olan qohum-qardaş yemək otağına toplanmış, mavi abajurlu elektrik lampalarının parlaq şəfəqləri altında şirin-şirin danışıq aparırdı. Hörmət və adət üçün bu gecə toyun nə zaman və necə başlanması haqqında yaxın qohumların da fikri öyrəniləcək və onlarla birlikdə qərar çıxarılacaqdı.Mina xanım qonaqları qabaqcadan söhbətə hazırlamaq istədiyindən məyus bir səslə:

190921 мин
İkinci fəsil

Məhərrəm əmi Gəncə vilayətinin Palçıqlı kəndində anadan olmuşdu. Atası Heydər kişi ağır bir ailə sahibi və yoxsul bir kəndli idi. Var-dövləti iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o öz ağır ailəsini idarə edə bilmək üçün başqalarına rəncbərlik etməyə məcbur olurdu. Məhərrəm on beş yaşında ikən atası Heydər ağır xəstəlikdən vəfat etmişdi. Avam və bacarıqsız anası yoxsul ailə həyatının ağır zərbələrinə davam gətirməyib, bir il sonra həyata vida etmiş olduğundan uşaqları tamamilə başsız qalmışdı. Ailə həyatında olan bu iki müdhiş faciə kiçik Məhərrəmin bütün varlığını sarsıtmış, həyatını alt-üst etmişdi. Ömrünün bahar çiçəklərini qoxulamadan, gənclik zövq və səfasını duymadan iki müdhiş xəzan görmüş olan gənc Məhərrəm, həyatın ağır boyunduruğu altına girməyə, onunla üz-üzə gələn ağır həqiqətlərlə çarpışmağa məcbur olmuşdu. Kimsəsiz yetim bacılarının yaşlı gözləri yalnız ona dikilmişdi. O, gənc ikən arxasına almış olduğu bu yükü namusla daşımaq üçün çox yollar düşündü. Bu ağır vəziyyətin altından çıxmaq üçün o, şəhərə köçməyə qərar verdi. Fəhləlikdən qazandığı pulla bacılarını dolandırırdı. Şəhər həyatı çalışmaq üçün onun gözləri önündə geniş bir sahə açmışdı. Çalışmaq və çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Onun zəif vücudu ağır yük daşımağa qadir olmadığından şəhərdə bir əttar dükanı açdı. Ancaq yazı-pozu bilmədiyindən, gəlirçıxarını lazımınca təyin etmədiyindən oxumaq fikri ilə qohumlarından bir mollanın yanına gedib yazı-pozu öyrətməsini ondan xahiş etdi. Molla istehza ilə gülərək: “Bu mahal bir əmrdir, yazı-pozu öyrənmək üçün azı yeddi-səkkiz il çalışmaq lazımdır” – deyə onu başından etdi. Məhərrəmin azərbaycanca oxumaqdan ümidi kəsildikdən sonra rusca oxumağa başladı. Cahil məhəllə adamları rusca oxuduğuna görə ona “rus Məhərrəm” adı verdilər. Məhərrəm bu sözlərə əsla əhəmiyyət verməyib oxumaqda davam edirdi. Bu aralıq hər iki bacısını köçürmüş olduğundan özünü daha sərbəst hiss edirdi. şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı onu sıxdığından bu mühitdən uzaqlaşmaq, daha mədəni bir həyata atılmaq üçün tədbirlər düşünməyə başladı. Nəhayət, kasıb bir ailədən yenicə evləndiyi Firuzəni də götürərək, Rusiyanın mərkəzi olan Peterburqa köçdü, tam qırx il orada ticarətlə məşğul oldu. O, yalnız ticarət adamı deyildi; eyni zamanda cəmiyyət adamı idi də. Xüsusi ticarət işlərindən artıq onu Qafqaz türklərinin iqtisadi, siyasi və mədəni həyatı da düşündürürdü. O bu yolda çalışmaq, bacardığı köməkliyi etmək istəyirdi. Lakin təhsili az olduğundan buna lazımınca müvəffəq ola bilmirdi. O özünü bir yanı iflic adam kimi hiss etdiyinə baxmayaraq, bu yolda çalışmağı bir vəzifə bilirdi. O zaman az da olsa Peterburqun ali məktəblərində təhsil almaqda olan azərbaycanlı tələbələrlə görüşür, onlara maddi kömək edir, tələbələrə məxsus yardım kassası açmaq, qiraətxana təsis etmək kimi məsələlər ortaya ataraq onun tətbiqinə çalışırdı. Öz xalqının istedadına inanmış olduğundan: “Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişdirə biləcəkdir” deyirdi. Ona görə də Peterburq universitetində təhsil almaqda olan dörd-beş studentin gələcəyinə böyük ümid bəsləyirdi. Onlarla tez-tez görüşür, bütün dərdlərinə, sevinclərinə şərik olurdu. Bu dörd-beş tələbə ona bir ordu kimi görünürdü. Onlarla görüşdüyü zaman özündə o qədər ruh yüksəkliyi hiss edir, o qədər şən və bəxtiyar görünürdü ki, sevincindən dünyalara sığmırdı. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirdilər. O görünən kimi hamısı başına toplanaraq, onu danışdırmağa çalışırdı. Məhərrəm əmi Qafqaz müsəlmanlarının geri qalmasını ruhanilərdə və köhnə İran padşahlarında görürdü. Ona görə də arabir söz açaraq, tələbələrə deyirdi:– Bizim iki böyük düşmənimiz var: biri İranda, Ərəbistanda təhsil almış ruhanilər və İranı aşıb gələn mərsiyəxanlardır. İkincisi xalqı istibdad pəncəsində əzməkdə olan əyyaş və başsız İran padşahlarıdır. Birincilərdən yaxamızı qurtarmaq üçün Qərb mədəniyyətini xalqımızın içinə geniş-geniş yaymaq və mənimsəmək, ikincidən qurtarmaq üçün isə İranda geniş bir inqilab hazırlayıb, ölkəni bu əyyaş, məğrur və xudpəsənd Qacar nəslinin ağır pəncəsindən qurtarmaq lazımdır.

190918 мин
Üçüncü fəsil

Bayram axşamı idi. Məktəb şagirdlərinin bir qismi öz evinə, bir qismi qohum-əqrəbasının, yaxın dost-aşnasının evinə, bir qismi də teatr və müsamirəyə getmişdi. Bayram Əhməddə acı bir düşüncə doğurmuş olduğundan o bu axşam heç bir yerə getməyərək geniş, səssiz dəhlizlərində dalğın-dalğın dolaşır, yalqızlığını, kimsəsizliyini düşündükcə amansız bir duyğu qurd kimi qəlbini gəmirirdi. Bu sıxıntılı düşüncələrlə salona girdi. Hər zaman yoldaşlarının şən gurultuları ilə canlanan salon indi səssiz-səmirsiz, onun kimi yalqız və kimsəsiz görünürdü. Köksünə sığmayan kədərlərini unutmaq fikri ilə pəncərəyə yanaşdı. Yoldan keçən arabaları, evlərinə şirni daşıyan üstü-başı təmiz adamları, qoltuqları dolu evlərinə tələsən şən uşaqları gördükcə acı bir düşüncə qəlbini dəlir, ruhunun işığını söndürürdü. Hətta yiyəsinin arxasınca qaçan köpəkləri gördükdə dərindən içini çəkdi: “bax. bu köpəklər də məndən xoşbəxtdir! Bunlar da bayram olduğunu hiss edərək, quyruqlarını oynada-oynada yiyələrinin şadlığında iştirak edirlər. Mən isə...”.İçindəki sıxıntı və həyəcandan sözlərini bitirə bilmədi. Gözləri yaşardı. Başını pəncərədən çəkərək, ortalıqdakı skamyanın üzərinə yıxıldı. Həzin-həzin düşünərək, qəlbində bu bayram axşamı münasibəti ilə Məhərrəm əminin evinə getmək arzusu canlandı. Bu xüsusda bir az düşündü. Qəlbi ona “Get!”, əzm və iradəsi isə “Getmə!” deyirdi. Bu tərəddüd içində stola dirsəklənərək, əlindəki rus şairlərindən Lermontovun əsərini vərəqləməyə, kitabın içərisində “Mtsıri” sərlövhəli poemanı istər-istəməz mütaliə etməyə başladı. Poemanın mündərəcəsi həyatına uyğun olduğundan daha böyük bir maraqla oxumağa, əsərin qəhrəmanı olan uşağın halını öz halına bənzətməyə çalışırdı. Bu düşüncə onu uzaqlara aparır, ixtiyarsız olaraq öz ata-anasını, yoxsul olmaqla bərabər şən və sadə ailə həyatını, atasının, anasının vəfatını, yetimliyini, həyatın qaranlıq və qorxunc çöllərində başsız. kimsəsiz, çaşqın-çaşqın dolaşdığı zaman Məhərrəm əminin yol göstərən bir ulduz kimi qarşısında parlayaraq, ona həyat və səadət yolunu göstərdiyini acı-acı düşünürdü. Sonra əsərin qəhrəmanı olan uşağın əsir düşüb vətənindən, ata-anasından, azad, geniş yaşıl yamaclardan, güllü çəmənlərdən ayrılaraq, bahar ömrünü monastrın sıxıntılı, kədərli qalın divarları arasında keçirməsini özünün məktəb divarları arasında inləyə-inləyə yaşamasına bənzətdi. bu fikirlərlə o qədər məşğul idi ki, qapı ağzına qədər gələn ayaq səslərini eşidə bilməmişdi. Birdən-birə qulaqları dibində gurlayan qəhqəhədən dik qalxdı. Əşrəfi görüncə əlini uzadaraq:

190916 мин

Стихи других поэтов