Страница 3 из 3 · 67%

– Bundan qurtardıq, – dedi.

Bu ara küçədə səs-küy çoxaldı. Doğrudan da respublikaçılar qaçan faşist əsgərlərini təqib edir, əllərinə düşən jandarm nəfərlərini öldürürdülər. Jandarmlar can qorxusundan özlərini həyətlərə soxub, gizlənirdilər. Albaressa ucadan bağırdı:

– Ay, bizimkilər gəldi, bizimkilər gəldi!

Albert Xuana xəbər vermək üçün otaqdan çıxdı. Artırmada iki jandarm ilə üzləşdi. Onlardan biri:

– Balaca, bizi gizləyə bilərsinizmi? – deyə ondan kömək istədilər. Bunların birisi haman qısaboylu yoğun jandarm idi. Albert hərifləri otağa apardı.

Qısaboylu jandarm əlini Albertin çiyninə qoyub dedi:

– Sənə mən çox əziyyət vermişəm. Vaxt olar, xəcalətindən çıxaram.

Albert ona cavab vermədi. Albaressanın köməyi ilə birisini palazın arasında gizlətdilər. Qısaboylu jandarmı da zənbilin içinə qoyub tavandan asdılar. Uzun kəndirin ucunu da qapı yanında vurulmuş mismardan bağladılar. Bu yerdə Mariya ağlaya-ağlaya içəri girdi:

– Bax, mən sizi saxladım, indi də siz məni saxlayın, düşmən gəlir.

Albert onu öz mətbəxinə aparıb hovuzun içində oturtdu; qabağı da başına keçirtdi:

– Qorxma, səni burada heç kim tapa bilməz!

Küçələrdə zəfər marşı çalındı. Albaressa pəncərələri geniş-geniş açdı. Xuan da gəldi. Daşqın sevinc içində orduya dəsmal sallayıb salamladılar:

– Yaşasın İspaniyanın müzəffər respublikaçı ordusu!

Bu zaman bir dəstə atlı zabit gəlirdi. Onlar küçənin ortasında dayandı. Zabitlərdən birisi əli ilə göstərib:

– Onu, bax, burda vurdular, mən durbinlə gördüm – dedi. Albert bağırdı:

– Vətəndaşlar, o faşist zabitini, bax, bu Xuan dayı öldürdü. Dəmir parçası ilə başını partlatdı.

Albert o qədər ucadan qışqırdı ki, zabitlər cəld ona sarı çevrildilər, razılıq əlaməti olaraq papaqlarını çıxartdılar. İçlərində rütbəcə ən böyük olan ucadan səsləndi:

– Vətəndaşlar aşağı enin!

Xuan Albertin başını qucaqlayaraq:

– Hörmətli zabitlər, – deyə səsləndi: – bu fikri mənə verən, döyülməyinə baxmayaraq məni dörd dəfə faşist jandarmlarından gizləyən bu kiçik qəhrəman Albert ilə Albaressadır. Biz aşağı enməkdənsə, siz yuxarı çıxın, bu kiçik qəhrəmanın ağlasığmaz işlərini görün, həm də sizin üçün hazırladığı dörd hədiyyəni təslim alın!

Zabitlər gülə-gülə, həm də təəccüblə bir-birinə baxdılar. Üç zabit atdan enib həyətə girdilər. Xuan onları Albaressanın otağına gətirdi. Bir-biri ilə yaxın dost kimi görüşdülər. Qoca Albaressa əhvalatı başdan ayağa zabitlərə nağıl etdi. Zabitlər onu heyrətlə dinləyirdilər. Xuanı gizlədərkən Albertin yapdığı işlərə qəhqəhə çəkib güldülər. Kiçik qəhrəman Albert onların gözündə böyümüşdü. Onun hünərinə, ağıl və kamalına heyran qalıb:

– Sağ ol, kiçik qəhrəman Albert! – deyə, onu qucaqlayıb alnından öpürdülər. Albaressa gülə-gülə:

– Albert, durma, hədiyyələri də təslim et! – dedi.

– Albert palaza yanaşdı. Onun ucundan tutub bütün qüvvəsi ilə dartdı; Albaressa və Xuan da ona kömək etdilər. Palazı açınca içindən jandarm çıxdı. Albert onun qolundan tutub zabitlərə dedi:

– Götürün, bu biri!..

Sonra sandığı açıb ikinci jandarmanı çıxardı.

– Bu da iki...

Xuanla divara bağlanmış ipi açıb yavaş-yavaş aşağı endirdi. Zabitlər zənbilin içində büzüşüb duran jandarmı görüncə gülüşdülər.

Zabitlər jandarmları tərki-silah etdikdən sonra kiçik binanın mərd sakinlərinə təşəkkür etdilər, onlarla birlikdə qərargaha getməyi arzuladılar.

– Siz də bizimlə bərabər qərargaha gedəcəksiniz. Əsgərlərimiz sizin kimi qəhrəmanları görməlidir.

Albert isə hələ məzhəkəni davam etdirirdi:

– Ay, dördüncü hədiyyəm qalmışdır, onu da təslim alın!

Zabitlər onun arxasınca mətbəxə girdilər. Mariya başında qabaq hovuzun içində səssiz oturmuşdu. Xuan dedi:

– Dostlar, dördüncü faşist harada gizlənib? Tapın!

Zabitlər mətbəxin hər tərəfinə baxıb bir şey görmədilər. Albert gülə-gülə qabağı Mariyanın başından qaldırdı. Zabitlər heyrətlə bir-birinin üzünə baxdı; sonra ucadan güldülər. Hamı balaca Albertin kələkbazlığına heyran qalmışdı. Zabitlərdən biri soruşdu:

– Kiçik qəhrəman, bu fikirlər sənin başına haradan gəldi? Bunları böyük adam da düşünüb tapa bilməz.

Albert qaşlarını çataraq dərhal cavab verdi:

– Bu fikirləri məndə oyadan vətənimə olan sevgimdir. Biz ölə
nəcən faşistlərlə çarpışacağıq, torpağımızdan onlara bir qarış da verməyəcəyik!

Zabitlər iftixarla Alberti bir neçə dəfə atıb-tutub:

– Yaşasın vətənimizin qəhrəman oğlu kiçik Albert! – deyə çığırırdılar.

Mariya saçları dağınıq halda qorxa-qorxa hovuzdan çıxdı. Onu da jandarmlara qatıb küçədəki gözətçilərə təslim etdilər.

Albert zabitlərlə yan-yana at üstündə gedirdi. Küçədən keçən xalq bağırırdı:

– Yaşasın ispan xalqının yenilməz ordusu!

Zabitlər də Alberti göstərək deyirdilər:

– Yaşasın ispan xalqının qəhrəman balaları!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü pərdə

Beşinci şəkilXanın bağıdır. Gövhər xanımın toyuna hazırlıq gedir Eloğlu, Atakişi, Telli,*

9 мин
Birinci fəsil

Günəş sönmüş, qaranlıq çökmüş, üfüqlər qısalmışdı. Bakının göylərində mənzil etməyə qərar vermiş qara, sıx cənub buludları ucubucağı olmayan durna qatarı kimi düzülərək, aylı-ulduzlu göylə şəhərdən ucalan çıraq və elektrik işıqlarının bir-biri ilə öpüşməsinə mane olurdu. Xəzərin qoynuna girmiş Bakı gecəsini, pəncərələrdən, yaxın buruqlardan, Qara və Ağşəhər zavodlarından, çit və bez fabrikindən, limanlarda və dənizdə olan yük və minik gəmilərindən ətrafa yayılan elektrik və çıraq işıqları ala-qaranlıq bir səhərə çevirmişdi. Təsadüfi olaraq o işıq nümayişində bu gecə Hacı Kərimin də elektrik lampaları iştirak edirdi. Məsləhətə çağırılmış olan qohum-qardaş yemək otağına toplanmış, mavi abajurlu elektrik lampalarının parlaq şəfəqləri altında şirin-şirin danışıq aparırdı. Hörmət və adət üçün bu gecə toyun nə zaman və necə başlanması haqqında yaxın qohumların da fikri öyrəniləcək və onlarla birlikdə qərar çıxarılacaqdı.Mina xanım qonaqları qabaqcadan söhbətə hazırlamaq istədiyindən məyus bir səslə:

190921 мин
İkinci fəsil

Məhərrəm əmi Gəncə vilayətinin Palçıqlı kəndində anadan olmuşdu. Atası Heydər kişi ağır bir ailə sahibi və yoxsul bir kəndli idi. Var-dövləti iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o öz ağır ailəsini idarə edə bilmək üçün başqalarına rəncbərlik etməyə məcbur olurdu. Məhərrəm on beş yaşında ikən atası Heydər ağır xəstəlikdən vəfat etmişdi. Avam və bacarıqsız anası yoxsul ailə həyatının ağır zərbələrinə davam gətirməyib, bir il sonra həyata vida etmiş olduğundan uşaqları tamamilə başsız qalmışdı. Ailə həyatında olan bu iki müdhiş faciə kiçik Məhərrəmin bütün varlığını sarsıtmış, həyatını alt-üst etmişdi. Ömrünün bahar çiçəklərini qoxulamadan, gənclik zövq və səfasını duymadan iki müdhiş xəzan görmüş olan gənc Məhərrəm, həyatın ağır boyunduruğu altına girməyə, onunla üz-üzə gələn ağır həqiqətlərlə çarpışmağa məcbur olmuşdu. Kimsəsiz yetim bacılarının yaşlı gözləri yalnız ona dikilmişdi. O, gənc ikən arxasına almış olduğu bu yükü namusla daşımaq üçün çox yollar düşündü. Bu ağır vəziyyətin altından çıxmaq üçün o, şəhərə köçməyə qərar verdi. Fəhləlikdən qazandığı pulla bacılarını dolandırırdı. Şəhər həyatı çalışmaq üçün onun gözləri önündə geniş bir sahə açmışdı. Çalışmaq və çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Onun zəif vücudu ağır yük daşımağa qadir olmadığından şəhərdə bir əttar dükanı açdı. Ancaq yazı-pozu bilmədiyindən, gəlirçıxarını lazımınca təyin etmədiyindən oxumaq fikri ilə qohumlarından bir mollanın yanına gedib yazı-pozu öyrətməsini ondan xahiş etdi. Molla istehza ilə gülərək: “Bu mahal bir əmrdir, yazı-pozu öyrənmək üçün azı yeddi-səkkiz il çalışmaq lazımdır” – deyə onu başından etdi. Məhərrəmin azərbaycanca oxumaqdan ümidi kəsildikdən sonra rusca oxumağa başladı. Cahil məhəllə adamları rusca oxuduğuna görə ona “rus Məhərrəm” adı verdilər. Məhərrəm bu sözlərə əsla əhəmiyyət verməyib oxumaqda davam edirdi. Bu aralıq hər iki bacısını köçürmüş olduğundan özünü daha sərbəst hiss edirdi. şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı onu sıxdığından bu mühitdən uzaqlaşmaq, daha mədəni bir həyata atılmaq üçün tədbirlər düşünməyə başladı. Nəhayət, kasıb bir ailədən yenicə evləndiyi Firuzəni də götürərək, Rusiyanın mərkəzi olan Peterburqa köçdü, tam qırx il orada ticarətlə məşğul oldu. O, yalnız ticarət adamı deyildi; eyni zamanda cəmiyyət adamı idi də. Xüsusi ticarət işlərindən artıq onu Qafqaz türklərinin iqtisadi, siyasi və mədəni həyatı da düşündürürdü. O bu yolda çalışmaq, bacardığı köməkliyi etmək istəyirdi. Lakin təhsili az olduğundan buna lazımınca müvəffəq ola bilmirdi. O özünü bir yanı iflic adam kimi hiss etdiyinə baxmayaraq, bu yolda çalışmağı bir vəzifə bilirdi. O zaman az da olsa Peterburqun ali məktəblərində təhsil almaqda olan azərbaycanlı tələbələrlə görüşür, onlara maddi kömək edir, tələbələrə məxsus yardım kassası açmaq, qiraətxana təsis etmək kimi məsələlər ortaya ataraq onun tətbiqinə çalışırdı. Öz xalqının istedadına inanmış olduğundan: “Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişdirə biləcəkdir” deyirdi. Ona görə də Peterburq universitetində təhsil almaqda olan dörd-beş studentin gələcəyinə böyük ümid bəsləyirdi. Onlarla tez-tez görüşür, bütün dərdlərinə, sevinclərinə şərik olurdu. Bu dörd-beş tələbə ona bir ordu kimi görünürdü. Onlarla görüşdüyü zaman özündə o qədər ruh yüksəkliyi hiss edir, o qədər şən və bəxtiyar görünürdü ki, sevincindən dünyalara sığmırdı. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirdilər. O görünən kimi hamısı başına toplanaraq, onu danışdırmağa çalışırdı. Məhərrəm əmi Qafqaz müsəlmanlarının geri qalmasını ruhanilərdə və köhnə İran padşahlarında görürdü. Ona görə də arabir söz açaraq, tələbələrə deyirdi:– Bizim iki böyük düşmənimiz var: biri İranda, Ərəbistanda təhsil almış ruhanilər və İranı aşıb gələn mərsiyəxanlardır. İkincisi xalqı istibdad pəncəsində əzməkdə olan əyyaş və başsız İran padşahlarıdır. Birincilərdən yaxamızı qurtarmaq üçün Qərb mədəniyyətini xalqımızın içinə geniş-geniş yaymaq və mənimsəmək, ikincidən qurtarmaq üçün isə İranda geniş bir inqilab hazırlayıb, ölkəni bu əyyaş, məğrur və xudpəsənd Qacar nəslinin ağır pəncəsindən qurtarmaq lazımdır.

190918 мин
Üçüncü fəsil

Bayram axşamı idi. Məktəb şagirdlərinin bir qismi öz evinə, bir qismi qohum-əqrəbasının, yaxın dost-aşnasının evinə, bir qismi də teatr və müsamirəyə getmişdi. Bayram Əhməddə acı bir düşüncə doğurmuş olduğundan o bu axşam heç bir yerə getməyərək geniş, səssiz dəhlizlərində dalğın-dalğın dolaşır, yalqızlığını, kimsəsizliyini düşündükcə amansız bir duyğu qurd kimi qəlbini gəmirirdi. Bu sıxıntılı düşüncələrlə salona girdi. Hər zaman yoldaşlarının şən gurultuları ilə canlanan salon indi səssiz-səmirsiz, onun kimi yalqız və kimsəsiz görünürdü. Köksünə sığmayan kədərlərini unutmaq fikri ilə pəncərəyə yanaşdı. Yoldan keçən arabaları, evlərinə şirni daşıyan üstü-başı təmiz adamları, qoltuqları dolu evlərinə tələsən şən uşaqları gördükcə acı bir düşüncə qəlbini dəlir, ruhunun işığını söndürürdü. Hətta yiyəsinin arxasınca qaçan köpəkləri gördükdə dərindən içini çəkdi: “bax. bu köpəklər də məndən xoşbəxtdir! Bunlar da bayram olduğunu hiss edərək, quyruqlarını oynada-oynada yiyələrinin şadlığında iştirak edirlər. Mən isə...”.İçindəki sıxıntı və həyəcandan sözlərini bitirə bilmədi. Gözləri yaşardı. Başını pəncərədən çəkərək, ortalıqdakı skamyanın üzərinə yıxıldı. Həzin-həzin düşünərək, qəlbində bu bayram axşamı münasibəti ilə Məhərrəm əminin evinə getmək arzusu canlandı. Bu xüsusda bir az düşündü. Qəlbi ona “Get!”, əzm və iradəsi isə “Getmə!” deyirdi. Bu tərəddüd içində stola dirsəklənərək, əlindəki rus şairlərindən Lermontovun əsərini vərəqləməyə, kitabın içərisində “Mtsıri” sərlövhəli poemanı istər-istəməz mütaliə etməyə başladı. Poemanın mündərəcəsi həyatına uyğun olduğundan daha böyük bir maraqla oxumağa, əsərin qəhrəmanı olan uşağın halını öz halına bənzətməyə çalışırdı. Bu düşüncə onu uzaqlara aparır, ixtiyarsız olaraq öz ata-anasını, yoxsul olmaqla bərabər şən və sadə ailə həyatını, atasının, anasının vəfatını, yetimliyini, həyatın qaranlıq və qorxunc çöllərində başsız. kimsəsiz, çaşqın-çaşqın dolaşdığı zaman Məhərrəm əminin yol göstərən bir ulduz kimi qarşısında parlayaraq, ona həyat və səadət yolunu göstərdiyini acı-acı düşünürdü. Sonra əsərin qəhrəmanı olan uşağın əsir düşüb vətənindən, ata-anasından, azad, geniş yaşıl yamaclardan, güllü çəmənlərdən ayrılaraq, bahar ömrünü monastrın sıxıntılı, kədərli qalın divarları arasında keçirməsini özünün məktəb divarları arasında inləyə-inləyə yaşamasına bənzətdi. bu fikirlərlə o qədər məşğul idi ki, qapı ağzına qədər gələn ayaq səslərini eşidə bilməmişdi. Birdən-birə qulaqları dibində gurlayan qəhqəhədən dik qalxdı. Əşrəfi görüncə əlini uzadaraq:

190916 мин

Стихи других поэтов