Страница 2 из 2 · 50%

Altıncı şəkil

Nüşabənin sarayı. Tərxan kənarda qoyulmuş kürsü üstündə oturub Nüşabənin
yolunu gözləyir. MəsturGəra yla bərabər gəlir. Məstur Gəraya oturmaq üçün
yer göstərir.

Məstur
Xanım indi gələcək, əyləş, xan!

Gəray
Gözəl oldu bu görüş.

Tərxan

Bu hardan?

Gəray kənarda olan kürsüdə oturub Tərxanı acıqlı nəzərlərlə süzür.

Gəray
Gözləyir yoxsa bu da cananı?

Tərxan

(Öz-özünə)
Hiylə, fitnə bürümüş dünyanı!

Məstur Nüşabənin ardınca gedir. Gəray Tərxana istehzalı
nəzərlərlə baxdıqdan sonra

Gəray
Bəs nə tez eşqinə yandın, ey igid?
Bir sönük şölə sənə verdi ümid. Əhdi, ilqarı nə tez qırdın sən?
Adına bu yaraşarmı? Əhsən!

Tərxan
Get, uşaqsan hələ, bir azca düşün, Sonra qarşımda cəsarətlə öyün!

Gəray
Tutduğun iş adına vurdu ləkə,
Güləcəkdir sənə hər el, ölkə.
Almadın dövləti, həm xalqı saya, Qız donunda necə girdin saraya? Barı ram oldumu ürkək ceyran?

Tərxan
Nəşəmi pozma, çəkil, get buradan! Eşq utanmaz bu dona girməkdən, Ucalır sevgi bütün istəkdən!

Gəray
Çay kimi tez bulanırsan hər an,
Bəxtiyardır ürəyi gen insan.
Yar sənə ərk edərək əyləndi,
Qəlbinə sevgi səfası endi.
Sən onun ərkini sandın təhqir,
Çeynədin kinli, alovlu zəncir.
Buna bax, sevgiyə bax, aşiqə bax! Düşməni kininə etdin sığınaq.
Səndə yox eşq, məhəbbət...

Tərxan

Hay-hay...
Bu gülüşlər sənə layiqdi, Gəray. Onun eşqilə ürəkdən yanıram,
O pərini hamıdan qısqanıram. Olmasaydı bu dərin sevgi, maraq,
Eşqinin qəsrinə basmazdım ayaq.
Sevgilim boynuma salmış zəncir,
Dara çəksə məni, etsə təhqir,
Can onundur, mənə çox minnəti var,
Mənə qismət olacaq sevgili yar.
Ovunu verməz əlindən aslan!..

Gəray
Bu sözə qol çəkirəm, ay Tərxan!
Bu şikarı kim alar pəncəmdən?

Tərxan
Çox öyünmə, kim alar?.. Bax, onu, mən...

Gəray
Mənim olsun gərək o şux dilbər.

Tərxan
Bu qılınc məsələni həll eylər.

Hər ikisi qılıncı çəkib bir-birinə hücum edərkən Nüşabə, Uluca,
Almaz, Mərcan, İnci, Məstur və Saltik gəlirlər.

Nüşabə
Bu nə?

Saltik
Tərxan!

Uluca

Dəliqanlı xanlar!
Sizə kin ilə döyüşmək nə yarar!

Nüşabə
Uğur olsun, uğur olsun, Tərxan!
Qonşuya qonşu kəsilməz düşman.

Uluca

(Gəraya)
Ölkəyə basmış ayaq İsgəndər,
Qüvvətin varsa – ona get göstər!

Saltik
Şübhə yox, toqquşacaq xeyr ilə şər.

Uluca
Bir bəladır bu böyük İsgəndər.
Öncə bir dost kimi gəlməkdə yağı; Elə ki ölkəyə dəydi ayağı,
Başlayır kinə, çökür şan, şövkət,
Axıdır Ruma xəzinə, sərvət...

Saltik
Bəllidir, fikri çalıb-çapmaqdır,
Ölkədən taxtı-tacı qapmaqdır.

Tərxan
Vermək olmaz o səfilə meydan.

Gəray
Bizi də sanma zəif, ey Tərxan!

Tərxan
Var şərəfli adımız, dövlətimiz.

Gəray
Dağ kimi qüvvətimiz, şövkətimiz.

Uluca
Aç o yaqut dodağın, ey xanım, aç! Ortaya inci, cəvahir, dür saç!
Fikrini dostlarına söylə açıq,
Saf ürəklər səni qansın artıq.

Nüşabə
Bilirəm, rumlu qürur satdı bizə,
Saymamazlıq toxunur qəlbimizə. Kim umar xeyir, vəfa bayquşdan? Qurdun ən sevdiyi şey qandır, qan! Bir bəladır dolu, məhsullu bağa, Qara yel dost ola bilməz çırağa.

Gəray
Ona baş əysə bu üç şanlı ocaq,
Bizi Rum qeysəri aciz sayacaq.
Bu isə nəslimizə bir ləkədir.

Nüşabə
Olsa üç qonşu bu gündən əlbir
Üç könül bir nəfəs ilə çarpar,
Bir uca taleyi izlər üç yar...

Gəray
Razıyam...

Tərxan
Mən də.

Nüşabə
Bu süngü, mizraq
Düşmənin bağrını dəlsin ancaq!

Uluca
Birləşin siz, əbədi sirdaş olun!

Saltik
Vətən eşqilə ekiz qardaş olun!

Tərxan
Göstərək biz də ona qarşı hünər, Üç igid qaplana bir qurd neylər?

Saltik
Qurda bənzətmə nəhəngi, Tərxan! Hissə aldanmaz ağıllı insan.

Nüşabə
Qan il oynamaz adil kəslər,
Kin ilə kükrəmədə varmı hünər? Bir qığılcım böyüyüb yanğın olar, Bir xəta qanlı fəlakət doğurar.
Belə işlərdə mətanət xoşdur.
Hələlik incə siyasət xoşdur.

Gəray
Bizi o saymadı heç, satdı qürur.

Nüşabə
Bu xüsusda ona yazdım: “Məğrur”. Bilər öz həddini artıq, anlar,
Hər elin ənənəsi, mənliyi var.

Tərxan
Qəlbimə yatdı bu tədbir, əhsən!
Hiyləgərdir, hər amansız düşmən.

Gəray
Rumlu düşmən kəsilərsə vətənə, Odlu bir kin açarıq kin edənə.

Nüşabə
İlk vəzifə qorumaqdır yurdu.
Sürüyə kim buraxır ac qurdu!
Qarşı çıxsa bizə hər hansı quduz, Qurtuluş yox, yeyəcəkdir toppuz. Bu ana yurdu – sevimli torpaq
Oğlunundur, qızınındır ancaq! Üç tərəfdən açarıq biz meydan,
Bir sürü qurdu yenər üç aslan!

Uluca
Budur ən doğru və sağlam tədbir,
Olsun üç qonşu bu gündən əlbir.

Şərab gətirilir, Məstur qədəhləri doldurub Tərxana və Gəraya verir. Üçüncü qədəhə
zəhər töküb Ulucaya verir və cəld otaqdan çıxır. Bu mənzərəni seyr edən İnci cəld
kənarda olan şərab kuzəsini götürüb Ulucaya yaxınlaşır.
Uluca əlindəki qədəhi qaldıraraq.

Uluca
Birliyin eşqinə!

Qədəhi qaldırıb, içmək istərkən İnci
Ulucanın əlindəki qədəhi alaraq gülə-gülə.

İnci

Al, kuzədən iç! Qəlbinə versin işıq, həm də sevinc.

Kuzəni Ulucaya verir, Almaza yaxınlaşıb əlindəki
qədəhi ona verib otaqdan çıxır.

Uluca
Birliyin eşqinə!
(Tərxan, Gəray və Uluca içirlər)

Tərxan
Etdi sərxoş məni bu bircə qədəh.

Uluca
O deyil, sərxoş edir başqa fərəh...

Gəray

(Tərxana)
Gəl gedək, hazır edək ordumuzu.

Tərxan
Qoruyaq şanlı ana yurdumuzu!

Gəray

(Nüşabəyə və Ulucaya)
Uğur olsun!

Nüşabə
Uğur olsun bu səfər!

Uluca
Belə birlik doğurar şanlı zəfər.

(Gəray və Tərxan gedirlər)
Bir siyasət gözəl oldu, əhsən!

Nüşabə
Bir xəbər yoxmu, baba, qatildən?

Uluca
Yox, qızım.

Nüşabə
Tərsinəmi döndü cahan?
Göyəmi çıxdı o xain şeytan?

İnciMəsturu qabağına salıb gətirir.
Nüşabə İnciyə acıqlı-acıqlı.

Nüşabə
İnci, anlat, bu necə rəftardır?

İnci
Yersiz iş olsa da, haqqım vardır. Baba içsəydi zəhərli qədəhi,
Sarayın matəm olardı fərəhi.

Nüşabə
Bu fəlakət, bu xəyanət haradan?

İnci
Onu, xaqan, soruşun Məsturdan.

Nüşabə

(Məstura)
Nə tökülmüşdü o gülgün qədəhə?

Məstur
Adi şərbət...

Nüşabə
Məni sardı şübhə.

Uluca
Şubhəsiz, burda xəyanət vardır.

İnci
Satılıb düşmənə, bu, əğyardır!

Məstur
Mənə böhtan deyir İnci, bu yalan Bağrımı dəldi... hanı bəs vicdan?

Nüşabə
Zəhəri kim sənə verdi, söylə?

Məstur
Nə zəhər?

Uluca
Qız, bizə gəlmə hiylə.

İnci
Qoyma gəl tülkülüyə sən özünü.

Almaz
Qurtuluş yox sənə, anlat düzünü.

Məstur
İnanın qəlbimə, vicdanıma.

İnci
Qədəhi çək başına!

Məstur İncinin əlindəki zəhərli qədəhi alıb dodaqlarına
yaxınlaşdırarkən dəhşətdən sarsılır.

Məstur

Yox, bu mahal.

O, əlindəki qədəhi yerə çırpır.

Almaz
Etdi ifşa özünü...

Nüşabə

Ax, miskin!

Uluca
Hər silahdan bu xəyanət kəskin.

Nüşabə
Qorxudaykən vətənin taxtı-tacı,
Qurd içindən gəmirirmiş ağacı.

Uluca
Bura xaricdən uzanmış əl var
Dövləti bada verər satqınlar

Ayıq ol, böylə davam etsə bu hal,

Millətə qorxuludur istiqbal.

Nüşabə

(Almaza)

Götürün, daşqalaq olsun murdar!

Məsturu aparırlar. Dilbər gəlib baş əyir

Dilbər

Rum şahından sizə bir qasid var.

Nüşabə

Söylə gəlsin!

Dilbər gedir. Uluğbəy gəlir. Uluca İnciyə yaxınlaşıb onun alnından öpür.

Uluca

Yaşa, namuslu qızım,

Budur ən son və şərəfli arzum:

Bütün el qızları olsun sən tək,

Nəslinizlə gücə dolsun gələcək!

Rum qasidi Flut içəri girib baş əyir.
Nüşabə diqqətlə onu süzür.

Nüşabə

Buyurun!

Flut

Ey salar!
Çox salamdan sonra söylər şanlı yunan qeysəri Mülkünə bir dost kimi girmiş bizim rum əsgəri. Göy çəmənlikdə gəzirkən adlı bir sərkərdəmiz, Kinli sözlər ilə təhqir elyəmişdir bir kəniz,
Arxadan vurmuş bizim ən qəhrəman bir əsgəri, Qəhrə doldurulmuş kənizin bu işi İskəndəri Yolkəsən quldur kənizin ismi, xaqan, İncidir,
Dost ikən bu çirkin işlər qeysəri çox incidir,
Böylə əmr etdi, onu versin mənim fərmanıma!

Almaz
Bu böyük rüsvayçılıqdır orduma, xaqanıma!

İnci
Keçmək istərkən hüdudu etdilər təhqir məni.
Həm bu şanlı dövləti, hər ordunu, həm ölkəni.

Flut
Getməsə, dözməz bu təhqirə, coşar, evlər yıxar, İldırım gurlar göyündə, odlu şimşəklər çaxar.

Nüşabə
Sən qapı ağzında gözlə!

(Flut çıxır)

Yox, silinməz bu ləkə! Bəxtinə məğrur olan qeysər qoy açsın mərəkə!

Uluca
Müttəfiqlər ordusu toplanmamış bir nöqtəyə,
Qeysərə qarşı vuruş bir zərbədir bu ölkəyə.

Uluğbəy
Sən uca dağsan, əyilmə, sayma xain düşməni!

Uluca
Hər kiçik bir hadisə qovqaya çəkməz ölkəni.

Nüşabə
İncini vermək, baba, rüsvay edər mərd ordumu.

Uluğbəy
Bu yaraşmaz bizlərə, mərdlik, igidlik, ah, bumu?

Uluca
Qanı qan ilə yumazlar, hər yelə coşmaz dəniz.

İnci
Dövlətə olsun fəda həm canımız, həm sevgimiz!

Nüşabə
Sızlayırkən bir yaram, alsam ikinci bir yara,
Qəlbimi, şəksiz, baba, həsrət çəkər müdhiş dara.

Uluca
Bağçadan bir gül dərilsə, bağiban çəkməz kədər, Sönsə bir ulduz, işıqlı göylərə etməz əsər!

(Nüşabənin qarşısında diz çökür)

İnci
Hökmran, qovqaya bais olmaram, alsın məni
Doğrasın ellər yolunda, zindana salsın məni.
Razıyam hər bir cəzayə, qoy məni çəksin dara, Qəlbimi əzməkdə ancaq başqa bir gizlin yara.

Uluğbəy

(Öz-özünə)

O yaran könlümdə sızlar.

İnci

Ah, Uluğ...

(Başını aşağı salır)

Uluğbəy

(İnciyə yaxınlaşaraq)

Düşdüm qana.

İnci
(Göz yaşlarını gizləməyə çalışaraq)

Hələlik sağlıqla qal!
(Deyib Nüşabənin qarşısına gedərək)

Mən hazıram hər qurbana.

Nüşabə İncini qucaqlayaraq öpür. İnci vidalaşıb sürəkli addımlarla gedir.

Uluğbəy

(əsəbi)

Çıxmasın İncim əlimdən, hökmran!

Nüşabə

(Uluğa təsəlli verərək)

Etmə kədər.

Ölkəyə qurban verən, bir gün gələr,

Bayram edər!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов