Страница 2 из 4 · 25%

– O Məmiş burada olsa idi, bir yerdə təyyarə qayırardıq.

Ülkər gülüb cavab verdi:

– Bu qədər yoldaş sənə bəs deyilmi?

Teymur ürəyiaçıq və zarafatcıl idi. Əli ilə yoldaşlarını göstərib dedi:

– Bunlarla mənimki tutmur. Biri kələmdən, soğandan, biri kirpidən, dovşandan danışır.

Ülkər cavab verdi:

– Bunların hamısı lazımdır. Heç bir şeyə “pis” demək olmaz! Hünər bir işi yaxşı bacarıb, o yolda müvəffəq olmaqdır.

Bu fikirlə uşaqların hamısı razılaşdı. O axşam nəşələri yerində olduğundan dərslərini daha gözəl hazırladılar və sabah sinifdə müəllimin suallarına yaxşı cavab verdilər. Onlar anlamışdılar ki, yaxşı sənət sahibi olmaq üçün hər şeydən əvvəl bilik lazımdır.

Uşaqlar istirahət günlərini dörd gözlə gözləyirdilər.

O biri həftə heyvanxanaya getmişdilər.

Dəmir qəfəslərdə sıra ilə düzülmüş heyvanlara və quşlara tamaşa edirdilər. Teymur bir dəmir qəfəsin yanından keçərkən ona bir əl uzandı. Dönüb baxarkən gördü ki, meymundur. Qəfəsin içində böyük, kiçik meymunlar oynaşırdı. Teymur Qanbayı səslədi:

– Bura gəl, bura gəl! Bax, meymunlar necə oynaşır, əli ilə az qala məni tutmuşdu.

Qanbay onlara diqqətlə baxır və hər birinin hansı cinsdən olduğu düşünürdü. Teymur da əlindəki ağacı qəfəsə uzadıb, onları acıqlandırırdı.

Böyük bir meymun gəlib qəfəsin barmaqlığı ucunda etinasız dayandı. Teymur ona nə qədər ağac uzatdısa, əsla hərəkət etmədi.

Qanbay və Ülkər bir neçə dəfə ona dedilər: “Acıqlandırma, əlini dişlər”, Teymur fikir vermədi. Bir də ağacı uzadarkən, meymun ildırım kimi şığıyıb, onun qolunu iki əli ilə tutdu və ağzına saldı. Teymur qorxub qışqırdı. Qanbay əlindəki ağacla meymunu vurdu. Ülkər də yumruğu ilə ona hücum etdi. Meymun qorxub Teymuru buraxdı.

Teymurun qolunda meymunun dişlərinin yeri qalmışdı. Qolu bərk ağrıyırdı. Yoldaşları başına toplanıb soruşdular:

– Nə oldu, Teymur, nə oldu?

Qanbay gülə-gülə cavab verdi:

– Bir şey olmamışdır. O mənim meymunlarıma sataşdı, meymunlarım da onunla zarafat elədi.

Uşaqlar qəfəslərin önündən baxa-baxa keçirdilər. Qanbay kiçik bir qəfəs qarşısında durdu. Qəfəsin içindəki iki kiçik bağaya baxıb yoldaşlarına dedi:

– Sirkdə bunların iştirak etdiklərini heç görməmişəm. Görünür bunlar o qədər şüursuz heyvandır ki, öyrətmək mümkün olmur.

Ülkər onun çiyninə vurub dedi:

– Onları da sən öyrədərsən, böyük bir şey deyil ki.

Ülkər məktəbdə pioner təşkilatına işə keçdikdən sonra təşkilat canlanmışdı. Tətil günlərindəki səmərəli tənəzzöhlər və oyunlar uşaqları çox maraqlandırdığı üçün onların hamısı bu tədbirlərdə iştirak edirdi. Bu tədbirlər, Ülkərin keçirdiyi maraqlı müsahibələr Aslan kimi uşaqlara da təsirsiz qalmırdı.

Qanbay heyvanları çox sevirdi. Təbiət kabinəsinə girdiyi zaman saatlarla gözlərini şəkillərə dikib qalırdı. Şəhərə tamaşa üçün heyvan gətirildikdə, sirkdə heyvanların tamaşası göstərildikdə atası ilə bəra-bər gedib doyunca baxırdı. Onların oyunları yaşayışı və xasiyyətləri Qanbayı çox maraqlandırırdı. Köpəklərin, pişiklərin, donuzun, filin, hətta su itilərinin göstərdiyi oyunlara heyrət edirdi. Öz-özünə düşünürdü: “Bu ağıllı heyvanları haradan tapırlar?”

Bir gün atasından soruşdu:

– Ata, heyvanlar bu oyunları kimdən öyrənir?

Atası cavab verdi:

– Oğlum, sən elmi kimdən öyrənirsən?

– Müəllimdən.

– Onları da öyrədən bir müəllim var.

– Onu bilirəm, axı bu dilsiz heyvanlara belə oyunları necə öyrədirlər?

– Oğlum, sirkdə əlində çubuq tutan bir adam var idi. Onu gördünmü?

– Gördüm.

– Bax, o müəllimdir, həm də çox məharətli müəllimdir. Yaxşı oxumuş, illərcə təcrübə görmüş, alim bir adamdır. Heyvanların yaşayışını, xasiyyətini beş barmağı kimi bilir. Heyvanları öyrətmək ona nə qədər də çətin deyil.

Qanbay yenə düşündü. Birdən-birə başını qaldırıb, sevinə-sevinə dedi:

– Ata, böyüyəndə məni heyvanat müəllimi olmağa qoyarsanmı?

Atası onun başını sığallayıb dedi:

– Kaş o gün olsun, oğlum! Mən çox şad olaram. Ancaq heyvanat müəllimi olmaq istəyən adam hər şeydən əvvəl heyvanları sevməlidir. Bax, bundan sonra evimizdəki Mərmər pişiyi, qonşumuzdakı Qaplan iti vurma!

Qanbay qızardı; çünki oynadığı zaman onları arabir vururdu. Birdən-birə atasının əlini tutub dedi:

– Ata, bundan sonra vurmayacağam. Onlarla yaxşı-yaxşı oynayacağam.

Qanbay o gündən heyvanları daha çox sevməyə başladı. Heyvanat müəllimi olmaq fikri onun başında yerləşmişdi. O, sirkdə görmüşdü ki, müəllim kamançada bir çox hava çalır və heyvanları oynadır. Qanbay kiçik bir kamança aldı və o gündən çalmağı öyrənməyə başladı.

Türkan kəndində böyük bir kolxoz vardı. Bu kolxozun ucu-bucağı olmayan xırında iki çanaqlı bağa yaşayırdı. Bunlar tağların, yarpaqların arasında gözəl ömür keçirirdi. Qar, boranlı qış onları qarşıladığı zaman hər ikisi yuvaya çəkilib, üç ay qışı orada yatırdı.

Bahar gəlmişdi. Günəşin isti şəfəqləri hər şeyə qan və can verirdi. Bu uzun yuxudan sonra çanaqlı bağaların oyanmaq zamanı yetişmişdi.

Bir gün hər ikisi yuxulu gözlərini açdı. Onlar çoxdan ac idi. Çöldə günəşin ilıq şəfəqləri və atlaz kimi yumşaq, lətif otlar onları çağırırdı. Yavaş-yavaş sürünüb çölə çıxdılar.

Kolxozçular qızğın çalışırdılar: kimisi bostanın torpağını çevirir, kimisi toxum səpir, kimisi bostanı ləklərə ayırırdı.

Planlarını yerinə yetirmək üçün hamı qızğın çalışır, iş zamanı onların üzündən nəşə, sevinc yağırdı. Ləklərin dörd yanında yaşıl, yumşaq otlar göyərmişdi. Bağaların hər ikisi ac qurd kimi soxulub yeməyə başladı.

Bağaların istədikləri günlər gəlmişdi. Hava gündən-günə qızır otlar, yarpaqlar böyüyür, dirrik və bostan yaşıllaşırdı.

Dişi bağa artıq yumurtlamışdı. Bir müddət keçdikdən sonra yumurtalardan bala çıxdı.

Dişi bağa balalarını yanına alıb dirriyin içində dolaşır, onları yedirir, özlərini düşmənlərdən qorumağı öyrədirdi. Gün əyilmişdi. İsti qum qorlu külə dönmüşdü. Kolxozçular uzaqda bir çinar altında dincəlirdi. Səs-səmir kəsilmişdi. Yalnız bağalar sulanmış tağların ətrafında dolaşırdı. Göy üzündə qızılquş da tənbəl-tənbəl uçurdu. Ov tapmış kimi qanadlarını açıb durdu və gözlərini bir müddət yerə dikdi. Quş yavaş-yavaş aşağı enməyə başladı. O bir az sonra qanadlarını açıb durdu. Birdən-birə şığıyıb, ana bağanı caynağına alıb, havaya qalxdı. Qalxdı, qalxdı, sonra sağ tərəfə getdi. Uca qaya başında tikmiş olduğu yuvasına yaxınlaşdı. Bağanı birdən-birə qayanın üstünə atdı. Özü də arxasınca yerə endi. Bağa parçalanıb qınından çıxdı. Qızılquş onu caynağına alıb, yuvasının ağzına qondu. Onu görüncə balaları “cuq-cuq” səsləndilər və tüksüz boyunlarını ona tərəf uzadıb durdular. Qızılquş bağanı parçalayıb, onlara yedirtdi.

Yay tətili başlanmışdı. Ülkər öz pionerləri ilə bərabər Türkan kəndinə gəlmişdi. Ülkər yardım məqsədilə kənddəki pioner təşkilatının işlərinə qarışdı, təşkilatın rəhbərlərini yeni iş üsulları ilə tanış etdi. Kolxozçular arasında mədəni-maarif işləri aparmaq üçün Aslanı kolxoza təhkim etdi. Pionerlər hər gün dəniz sahilində qum və günəş vannası qəbul edir, dənizdə çimir, futbol oynayır və arabir kolxozlara və yaxın kəndlərə tənəzzöhə gedirdilər.

Aslanın işi çox yaxşı idi. O, istəyinə çatmışdı. Kolxozda həvəslə işləyirdi. Məhsulun cinslərini, onları becərmək yollarını, torpaq gübrələrini öyrənirdi. Yoldaşı Qanbay tez-tez onu görməyə gəlirdi. Bir gün Qanbay yenə Aslanın yanına gəlmişdi.

Aslan Qanbay ilə bərabər bostanı başdan ayağacan gəzdi. O, Qanbaya pomidor və badımcan tağlarını göstərir, onların haqqında izahat verirdi. Qanbay öz-özünə düşünürdü. “Oğru, – deyə təhqir etdiyimiz Aslana bax, nə qədər dəyişilmişdir! O artıq iş və zəhmət adamı olmuşdur”. Bu düşüncə ilə qarpız, qovun tağlarının yanından keçirdi. Birdən-birə tağların arasında iki bağa balasını gördü. Şadlığından bilmədi nə eləsin. Onları götürmək üçün ləklərin içinə girdi.

Bağalar uzaqdan onu görüncə qaçmağa başladılar. Onlar indi anasız və köməksiz idi. Hər şey onları hürküdürdü. O gün qızılquşdan çox qorxmuşdular. Onun güclü qanadlarının yeli hər birini bir tərəfə atmışdı. Bir müddət onlar özlərinə gələ bilməmişdi. Gözlərini açdıqları zaman analarını görməmişdilər. O gündən tağların arasında qorxa-qorxa yaşayırdılar.

Qanbay onlara yaxınlaşdı. Hər ikisi qorxudan başını qınına çəkib durdu. Qanbay hər əlinə birini alıb ləkdən çıxdı, sevincək:

– Aslan, bax gör nə tapdım, – dedi.

Aslan baxıb gülə-gülə:

– Sənin istədiyin şeydir, həm də nə qədər kiçikdir, – dedi.

– Sağ ol, Aslan! Görüşərik, – deyə Qanbay qaça-qaça getdi. Böyük bağın iri qapısından girincə bağırdı:

– Gör bir nə gətirmişəm!

Uşaqlar onun başına toplandı.

– Nədir, nədir? ver bura, ver bura!

– Qanbay, bunları haradan tapdın?

– Ləklərin içindən.

Səsə Ülkər də gəldi. Bağaları görüncə:

– Oy, nə balacadır! Heç belə kiçik bağa görməmişdim, – dedi.

Qanbay sevinə-sevinə dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов