Timsah ovu
Страница 2 из 3 · 33%
– Atam timsahın ətini satıb mənə paltar alacaq.
Nail:
– Mənə də... mənə də... Ay can, ay can!..
Səid yorulmuşdu. Dincəlmək üçün yerə oturdu. Uşaqlar onun ətrafını alaraq soruşdular:
– Ata, bu timsah yerin altına haradan gəlmiş?
Səid oğlunun, qızının başını əli ilə oxşayaraq, cavab verdi:
– Keçən yaz Nil çayı daşanda görünür bu timsahı da sel vurub bizim gölə gətirmişdir. Timsahlar qurumuş çaylarda, göllərdə qaldıqları zaman üç-dörd ay yuxuya gedirlər. Gölün suyu çəkilməyə başlayanda bu timsah özünü palçıqlı suyun altına soxub yatmışdır. Yaz fəsli gəldiyi üçün yenə yuxudan oyanmışdır. Nil çayı sahillərində belə hallar çox olur.
Bu məlumatı verdikdən sonra Səid timsahın üstündəki torpağı qazıb onu balta ilə parçaladı. Dərisini soyub yerə qoyarkən Zəhraya və uşaqlar:
– Bundan sizə başmaq və ayaqqabı tikdirəcəyəm, – dedi. Sonra timsahın vəzilərini kəsib Zəhraya uzatdı:
– Al, üzə və saça sürtmək üçün bu, ən gözəl maddədir, sənə lazım olar. Timsahın qanı ilə ilan zəhərinə çox faydalıdır. Gözləri düşən ağ titəni də götürür. – Timsahın dişlərini də Səid Zəhraya verdi. – Al bunları, bir nüsxəyə tik, qoluma bağlayacağam.
– O nə üçün?
– Qoluma bağlayacağam ki, igid olduğumu və timsah ovladığımı bilsinlər.
Timsahı şaqqalayıb xurma ağacından asdılar. Timsahın ətindən o gün Zəhra dadlı bir yemək hazırladı.
Bu hadisədən dörd-beş il keçdi. Nail artıq uşaqlıq dövründən gənclik dövrünə ayaq basmışdı. O da atası kimi ovçu olmaq istəyirdi. Bir gün atasına dedi:
– Ata, bu dəfə ova gedəndə məni də apar. Mən də ovçu olmaq istəyirəm.
Səid gülümsəyərək:
– Çox yaxşı, apararam, – dedi, – Elə isə divardan asılmış köhnə tüfəngi bura gətir. – Nail tüfəngi gətirdi. Səid onu söküb təmizlədi. Yenidən quraşdırıb diqqətlə tüfəngə baxdıqdan sonra dedi: – Bu tüfəng mənim, o biri tüfəngi verdim sənə.
Nail çox sevindi. O, atıb vurmağı çoxdan öyrənmiş, indi atıcılıq məharətini ovda sınamaq istəyirdi. Gecəni yatdılar. Səhər alaqaranlıqdan atası onu oyatdı:
– Oğlum, qalx, ova gedirik.
Nail ov adı eşidincə yatağından dik atıldı. Geyindi, yuyundu, atası ilə bərabər qəlyanaltı etdikdən sonra tüfənglərini və ova lazım olan şeyləri götürüb yola düşdülər.
Ata-oğul danışa-danışa Nil çayına doğru gedərkən musiqi səsi eşidildi. Nail musiqini dinləyib heyrətlə:
– Ata, bu çalıb-oxuyan ovçulardır? – deyə soruşdu.
Səid gülərək:
– Yox, oğlum, – dedi, – görünür, toydur, gəlin köçürürlər.
– Bəs nə üçün gündüz?
– Çünki gecələr Nil çayından qayıq ilə keçmək olmaz. Timsahlar dişləri ilə, quyruqları ilə gəmini çevirib, içindəki adamları yeyə bilərlər.
Ata-oğul sahil boyu uzanmış xurma ağaclarının arası ilə gedirdilər. Oğlan və qız adamları çala-çala, oxuya-oxuya gəlini sahilə doğru aparırdılar. Səid ilə Nail də şənliyə yanaşdı. Atası:
– Mübarəkdir! – dedi.
Oğlan və qız adamları:
– Sağ ol, sən də oğlundan, qızından görəsən! – dedilər.
Şənlik, sahildə onları gözləyən bir qayığa yanaşdı. Gəlin ilə görüşdükdən sonra onu böyük dəbdəbə ilə qayığa oturtdular. Hamı bir ağızdan:
– Allah mübarək eləsin! – dedi.
Qayıq hərəkət etdi. Sahildəkilər dəsmal sallayıb, şən-şən:
– Sağ-salamat get! – deyirdi.
Qayıq beş-on metr getməmişdi, bir timsah başını çıxarıb, Gəlini bir anda çaya çəkib yox oldu. Sahildəkilər, qayıqdakılar həyəcan içində bağırmağa başladılar. Timsahlar suda çox cəsur olduğundan heç kəs çaya girməyə cürət etmədi. Bu anda suyun altında timsah şiddətli səslə bağırdı. Çayın üzü qıpqırmızı oldu; gəlin də su üzündə göründü. Qayıqdakılar onu tutub sahilə çıxartdı. Timsah gəlinin qolunu yaralamışdı. Hamı qızın belə salamat qurtarmağına həm sevindi, həm də timsahın kim tərəfindən öldürüldüyünə heyrət etdi. Səid dedi:
– Nil çayında timsahların ən böyük düşməni yunis balığıdır. Timsahların qarnının dərisi çox yumşaq olur. Yunis balığının belində iri neştər kimi tikanları var. Timsah üzdüyü vaxt yunis balığı onun altından ildırım sürətilə keçib, belindəki tikanları ilə xəncər kimi qarnını doğrayır. Sizin xoşbəxtliyiniz onda olmuşdur ki, timsah, gəlini suyun təkinə aparmamış. Yunis balığı köməyə çatmışdır.
Səid sözlərini deyib qurtarmamışdı ki, timsah cansız bir halda yavaş-yavaş sürünüb özünü sahilə atdı. Onun qarnından qan sel kim axırdı. Səid timsaha işarə edərək:
– Yunis balığı olmasaydı, qız getmişdi, – dedi.
Qız adamları:
– Doğru deyirsən, qızı bu gözəl təsadüf qurtardı.
Gəlinin yarasına timsah qanı sürtdülər. Paltarını dəyişib sağ-salamat o biri sahilə çıxartdıqdan sonra Səid ilə Nail ov axtara-axtara sahil boyu aşağıya tərəf getməyə başladılar. Ov tapmadılar. Hər ikisi yorulmuşdu. Dincəlmək üçün yerə oturdular. Nail soruşdu:
– O gün timsah sənə harada rast gəlmişdi:
Səid əli ilə uzaqları göstərərək dedi:
– O yer buradan çox uzaqdır. Son zamanlar Nil sahillərində timsah çox azalmışdır. Aşağı sahillərdə timsahları qırıb tələf etmişlər. Yenə az-çox yuxarı sahillərdə tapılır. Bəzən elə olur ki, bir ay səhərdənaxşamadək gedirsən, bir timsaha da rast gəlmirsən. Boş qayıtmamaq üçün qarşına çıxan quşdan, heyvandan vurub evə dönürsən. Bu gün görək baxtımıza nə çıxacaq.
Bir qədər dincəldikdən sonra onlar yollarına davam etdilər. Axtarış çox uzun çəkdi. Xurmalıqdan sahilə çıxar-çıxmaz qarşılarına yerə uzanmış böyük bir şey çıxdı. Səid uzaqdan onu kökündən qopub yerə sərilmiş xurma ağacına bənzətdi.
Bir-iki addım getdikdən sonra Səidin qarşısında tamamilə başqa bir lövhə açıldı. Əli ilə Naili tez geri çəkərək yavaşca:
– Bax, timsahdır, özünü günə verir, – dedi.
Hər ikisi uzaqdan ona heyrətlə baxırdı. Timsah yuxarı çənəsini qaldırmış, sərçə boyda bir quş onun ağzının içinə qonaraq, dişlərinin dibini dimdikləyir, timsah da bundan həzz alır kimi, sakit dururdu. Səid gördüyü səhnəni oğluna izah etdi:
– Bu quşa traxil deyirlər. Timsahların dostu ancaq bu quşdur. Onu görüncə timsahlar ağzını açır, quşlar onların ağzına qonub dişlərinin dibində çürümüş yemək qalıqlarını dimdikləri ilə təmizləyirlər.
Bunu deyib Səid oğluna irəli gəlməməyi tapşırdı. Özü isə qarşı tərəfdən timsaha hücum etməyə hazırlaşdı. Nail qorxu içində:
– Yox, ata, o sənə ziyan verər, qoy, mən də gəlim, – deyə atasına kömək etmək istədi.
– Qorxma, oğlum, timsahlar quruda çox qorxaq olur. O ancaq özünü Nil çayına salmağa çalışacaq. Mən səni çağıranda gələrsən.
Səid getdi, timsahın qabaq tərəfinə keçdikdə timsah onu gördü. Cəld kiçik ayaqları ilə qaçıb qurbağa kimi özünü suya salmaq istədi. Səid nişanlayıb onu başından vurdu. Timsah inildəyə-inildəyə yenə Nil çayına tərəf qaçmaq istədi. Səid onun yolunu kəsib buraxmadı. Bir də tüfəngdən atəş açıldı. Timsah inildəyib, gücü gəldikcə bağırmağa başladı. Bu zaman onun səsinə səs verən bir timsah da başını sudan çıxarıb şiddətlə bağırdı. Bu dəhşətli səsdən Nail qorxaraq, atasına tərəf qaçdı. Atasını timsah yeyər deyə tüfəng ilə timsahın boynundan vurdu. Timsah bu dəfə daha şiddətlə bağırdı. Qaçmağa nə qədər çalışırdısa, yolunu kəsmiş Səiddən qorxaraq bağırır və timsahları köməyə çağırırdı. Timsahlar da onun səsinə cavab verirdi.
Müharibələrdə atılan topların səsindən daşa dəhşətli bir səs ətrafı bürümüşdü. Gənc Nailin rəngi qaçmış, əl-ayağı titrəyirdi. Səid ona ürək verdi:
– Bu səs-küy səni qorxutmasın.
Timsah üst çənəsini qaldırıb şiddətlə bağırarkən Səid nişan alıb onun ağzının içindən vurdu. Nail də tüfəngilə nişan alıb onun dal ayağını qırdı. Timsah başını itirmiş, aldığı yaraların ağrısından özünü yerə çırpır, quyruğu və ayaqları ilə qumu göyə sovururdu. Bu zaman Səid ona tərəf bağıra-bağıra bir timsahın gəldiyini gördü. Bunu görcək bir an belə gecikmədən onu nişan aldı. Güllə hədəfə dəydi. Timsah bağıra-bağıra özünü Nil çayına saldı. Səid erkək timsahın gəldiyi tərəfə baxıb gördü ki, iri ağbaba quşları timsahın getməsindən istifadə edərək, dimdikləri ilə torpağı eşirlər. İşini nə yerdə olduğunu anladı. Üzünü Nailə çevirib:
– Oğlum, ayağın uğurludur. Bu gün gözəl şikarla evə qayıdacağıq, – dedi və timsaha yanaşıb onun bel sümüyünü balta ilə çapdı. Timsah tamam hərəkətdən qaldı. Səid ürəklənərək onu balta ilə doğramağa başladı. Onlar timsahı soyarkən bir-iki dəfə erkək timsah onlara hücum etmək istədi. Səidin atdığı güllədən yenə də qaçıb çaya girdi. Səid iri bir qab götürüb: – Oğlum, bu timsah artıq bizim malımızdır. Gedək timsahın balalarını ağbaba quşlarının əlindən qurtaraq, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-timsah-ovu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Beş pərdəli dramİ Ş T İ R A K E D Ə N L Ə R**:
Birinci pərdəSəhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən*dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın*
İkinci pərdəSəhnə Səfi bəyin evini təsvir edir. Küçə tərəfdən iki pəncərə və həyətə açılan bö-*yük qapı. Həyət tərəfdə otaqların artırması. Ülkər pəncərədən küçəyə baxır. İldırım*
Üçüncü pərdəBirinci şəkilSəhnə kənd hakimi Şükür bəyin evini təsvir edir. Şükür bəy həyət artırmasında Səfi*
Стихи других поэтов
Ey mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər