Страница 3 из 3 · 67%

Nail bir şey anlamadığı halda itaət edərək, atasının yanınca getdi. Onlar yaxınlaşanda ağbaba quşları bir-birini itələyə-itələ, bir-birini dimdikləyə-dimdikləyə qazdıqları yerdən nə isə dimdiklərinə alıb yeyirdilər. Quşlar onları görüncə qaçıb gizləndi. Səid yanaşdı. Yumurtadan yenicə çıxmış timsah balalarını çuxurdan götürüb, qaba doldurdu. Oğluna göstərərək dedi:

– Bunların əti çox ləzzətli olur. Özü də çox baha qiymətə satılır. – Oğlunun çox maraqla dinlədiyini görüb Səid davam etdi: – Oğlum, timsahlar hər il otuzdan yüzə qədər yumurta verir. Yeri qazıb bu yumurtaları basdırırlar ki, qurd-quş yeməsin. O ağbaba quşlarını görürsənmi, onlar timsahların ən böyük düşmənidir. Bu quşlar timsah yumurtalarını və yumurtadan çıxmış balalarını çox sevirlər. Onlar timsahları güdürlər. Timsahlar yeri qazıb yumurtalarını harada basdırsalar, bu quşlar torpağı qazıb, onların yumurtalarını çıxarıb yeyirlər. Sol tərəfdən üstümüzə gələn timsah, öldürdüyümüz timsahın erkəyidir. Onlar növbə ilə yumurtalarını ağbabalardan qoruyurlar.

Onlar danışa-danışa gəlirkən, erkək timsah başını sudan çıxarıb, acıqlı-acıqlı onlara baxırdı. Səid bir timsah balasını ağacın başına keçirib ona göstərdi. Erkək timsah acığından ayaqları ilə yeri eşərək, yenə şiddətlə bağırdı. Səid tüfəngi ona göstərincə başını suya çəkib, yox oldu. Nail soruşdu:

– Ata, bu timsahlar, görünür, çox artımlı olurlar, hər il yüz yumurta qoyur. Demək, ildə yüz bala verir?

Səid:

– Elə deyil oğlum. Timsahın düşməni çoxdur. Bu ağbabaların əlindən salamat qurtarırsa, erkək və dişi timsah balalarını arxalarına alıb, Nil çayına daşıyırlar. Yolda arxalarından düşən, çayda üzə bilməyən balalarını özləri yeyir. Bu sayaq ildə də ancaq altı-yeddi balası qalır.

Səid timsahı soyur, Nail isə ona kömək edirdi. Bu arada eşşəyinin noxtası əlində, yaşlı bir ərəb gəldi. Onun işi ovçulardan balıq və timsah əti alıb satmaq idi. Nil sahilində onu tanımayan ovçu yox idi. Səid onu görüncə:

– Xoş gördük, Rəhim dayı! – dedi. – Yaxşı vaxtında gəlmisən. Bu timsah ətindən nə qədər istəyirsən sənə verəcəyəm.

Qoca ərəb timsaha müştəri gözü ilə baxaraq:

– Yağlı timsahdır, allah qoluna qüvvət versin! – dedi. Bir az oturub söhbət etdilər. Qoca ərəb yorğun idi. Eşşəyini yaxında bir xurma ağacına bağlayıb, kölgəsində uzanıb yatdı. Bir az sonra eşşək dartılıb noxtasını qırdı. Susuz olduğundan birbaş Nil çayına qaçdı. O, ağzını uzadıb, su içmək istərkən bir timsah başını sudan çıxarıb eşşəyi bir anda çaya çəkdi. Səidin və Nailin başı timsaha qarışdığından, eşşəkdən Xəbər tuta bilməmişdilər. Eşşəyin noxtasını qırıb qaçdığını Səid ancaq indi anladı. Sahilə tərəf baxarkən timsahın eşşəyi yaxalayıb suya çəkdiyini gördü. Tez tüfəngini götürüb köməyə getdi. Nail arxasından bağırdı:

– Ata, hara?

– Qorxma, oğlum, bir şey yoxdur, bu saat gəlirəm.

Səid əlində tüfəng durub gözləyirdi, bu zaman eşşək özünü timsahın ağzından qurtarıb, sudan çıxmağa can atdı. Timsah başını sudan çıxardıb, cəld eşşəyə yanaşıb, onu tutmaq istərkən Səid nişan alıb vurdu. Timsah ona baxmayaraq eşşəyi tutub yenə cəld suya cumdu. Eşşək bu dəfə də özünü timsahın ağzından qurtarıb sahilə çıxdı. Ayaqlarını yerdə görüncə şıllağa qalxıb, timsahın ağzından elə bərk təpik ilişdirdi ki, timsah bağıra-bağıra çaya cumdu və bir daha görünmədi. Səid eşşəyi tutub gətirdi. Yazıq heyvan boynundan və ayağından yaralanmışdı. Timsahın qanından və yağından yaralarına çəkib bağladı. Bu hadisədən xeyli qorxuya düşən Nail:

– Ata, bundan sonra səni timsah ovuna getməyə qoymayacağam, bu ki, ölümə getməkdir, – dedi.

Səid gülümsəyərək, cavab vermədi. Timsahı soyub parçalamışdılar. Səid qoca ərəbi oyatdı. Eşşəyin başından keçən macəranı ona nağıl etdi. Ərəb çox kədərləndi. Tez eşşəyin yanına qaçıb, onun yaralarını yoxladı, Səid ürək verərək:

– Qorxma, heç bir şey yoxdur, – dedi.

Səid timsah ətinin çox hissəsini başqa alıcılara satdı, qoca ərəbə də istədiyi qədər ət verdikdən sonra qalan əti götürüb yola düşdülər. Nail timsah balaları olan vedrəni götürüb:

– Ata, bunları mən bəsləyib böyüdəcəyəm, – dedi.

– Oğlum, bunlar tez böyüyür. İlıq suda bəsləmək lazımdır. Bir az böyüdükdən sonra gündə birini kəsib yeyərik, – deyə Səid yoluna davam etdi. Nailin sevinci yerə-göyə sığmırdı. O, atasına deyirdi:

– Ata, artıq yeməyə ətimiz, paltar almağa pulumuz var. Nazilə bilsə, çox sevinəcəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов