Страница 2 из 2 · 50%

Bundan sonra Usta Bəxtiyar çox yalvardı, yaxardı, min bir bəhanə gətirdi, qəbula keçmədi. Padşah “Sözüm sözdür”, deyə inadından dönmədi. Fərraşı çağırdılar. O, içəri girib baş əydi. Padşah, paltarını soyunub Usta Bəxtiyara verməsini əmr etdi. Fərraş istər-istəməz əsə-əsə üst küləcəsini soyundu, xəncərini açdı, papağını yerə qoydu, ürəyində: “Bu necə murdar, adamdır, gətirəndə beş qran istədim vermədi, hələ üstəlik fərraşlığımı da əlimdən aldı”, deyə pıçıldadı.

Padşah Usta Bəxtiyara əmr etdi:

– Al, bu küləcəni geyin, xəncəri belinə bağla, papağı da qoy başına.

Usta Bəxtiyar qəbul etmək istəmədi. Padşah fərraşa:

– Gədə, vur bu nadürüstün boynunu, – deyə qışqırdı.

Fərraş alıcı quş kimi onun üstünü aldı. Əlindəki xəncəri qaldırıb vurmaq istərkən Usta Bəxtiyar onu itələdi:

– Padşah, mənə, balalarıma yazığın gəlsin, mən yaşamaq istəyirəm.

– Yaşamaq istəyən mənim əmrimdən çıxmaz!

Nəhayət Usta Bəxtiyar fərraşlığı qəbul etməyə məcbur oldu.

Axşam oldu. Usta Bəxtiyar evə qayıdarkən sabahın ərzağını almağa pulu yox idi. Evə əliboş getmək istəmədi. Çox düşündü, nəhayət xəncərin tiyəsini çıxarıb satdı və sabahın azuqəsini alıb evə qayıtdı. Qapını açıb içəri girəndə onu fərraş paltarında görüb hamı heyrətlə soruşdu:

– Bu nə paltardır?

Usta Bəxtiyar başından keçən macəranı nağıl elədi:

– Sabah üçün ərzaq almağa pulum yox idi, xəncərimin tiyəsini çıxarıb satdım, – deyə söhbətinə yekun vurdu. Hamı qəm-qüssəyə batdı.

Padşah əhvalatı bilmək üçün vəziri ilə bərabər dərviş paltarında Usta Bəxtiyarın qapısına gəldi. Otağa həmişəki şənlik yerinə dərin bir səssizlik, qəm və kədər çökmüşdü. Vəzir gülə-gülə yavaşca:

– Padşah sağ olsun, bəxtiyarlığını əlindən aldın, – dedi.

Səhər oldu. Usta Bəxtiyar fərraş paltarını geyinib saraya getdi. Qapı arxasında durub şahın əmrini gözləyirdi. Bir saat sonra padşah taxta oturdu. Vəzir, vəkil və əyanlar ətrafında səf çəkib əl-əl üstündə durdular. Padşah səsləndi:

– A gədə, fərraş!

Usta Bəxtiyar tez qapını açıb içəri girdi. Padşah onu gözucu süzdükdən sonra əmr etdi:

– Köhnə fərraşı bura çağır!

Usta Bəxtiyar hələ də saraydan getmək istəməyən köhnə fərraşı çağırdı. Hər ikisi padşahın hüzurunda əl bağlayıb dayandı. Köhnə fərraş elə düşünürdü ki, padşah onun fərraşlığını özünə verəcək, ona görə də qaşqabağı açıq idi. Padşah Usta Bəxtiyara gözləmədiyi halda əmr etdi:

– Fərraş, vur bu nadürüstün boynunu!

Usta Bəxtiyarın gözlərinə qaranlıq çökdü, nə edəcəyini bilmədi. Köhnə fərraş taxtın ayağına qapanıb ağlamağa, yalvarmağa başladı.

Padşah Usta Bəxtiyara qəzəblənib qışqırdı:

– Gədə, sənə demirəm vur bunun boynunu!

Ömründə bir adam öldürməmiş, günahsız qana batmamış Usta Bəxtiyar nə edəcəyini bilmirdi. Padşahı bir az da qəzəbləndirsəydi, öz başını kəsəcəkdi. Xəncərin isə tiyəsi yox idi. Ancaq iti ağlı onun köməyinə çatdı – o, vəziyyətdən belə çıxdı:

– Padşah sağ olsun, mənim bu xəncərimin bir xasiyyəti var: başı vurulan adam günahsız olanda tiyəsi yox olur. İndi görək bu köhnə fərraş necə adamdır.

Bəxtiyar bu sözləri deyib, xəncərin qəbzəsindən tutub dartdı. Qəbzə tiyəsiz idi.

Bəxtiyar sevincək:

– Gördünüz, qibleyi-aləm, görünür bu adam günahsız imiş, – dedi.

Padşahın əmri ilə Bəxtiyara təzə iti xəncər gətirdilər. Bu yolla padşah Bəxtiyarın kələyinin qabağını almaq istədi. Ancaq nə qədər çalışdı o, xəncərə yaxın düşüb fərraşın başını vurmağa razılıq vermədi. Hövsələdən çıxan padşah axırda onu tövləyə saldırdı, ac-susuz saxladı. Üç gün sonra yenə onu hüzura çağırıb soruşdu:

– Hə, necəsən? Fərraşlığı qəbul edirsən, ya yox?

Usta Bəxtiyar:

– Yox, mən öz sənətimi istəyirəm, – dedi.

Padşah onu yenə tövləyə saldırdı. Padşah hər üç gündən bir onu çağırıb soruşdu. Bəxtiyar yenə həmin cavabı verdi.

Vəzir görürdü ki, Bəxtiyarın hərəkətləri onun birinci gün padşaha dediyi sözləri təsdiq edirdi. O, həqiqətən özünü xoşbəxt bir adam hesab edirmiş. İndi isə heç bir qüvvə onu öz inadından, əvvəlki həyatına qovuşmaq arzusundan döndərə bilməyəcəkdir. Ancaq bunun sirrini yenə özü üçün aydın edə bilmirdi. Odur ki, padşaha müraciətlə dedi:

– Qibleyi-aləm, bu kişi səhərdən axşamacan isti kürənin qabağında tər tökə-tökə çəkic vurmağı fərraşlıq kimi ali vəzifədən artıq tutur; burada yəqin bir sirr və hikmət vardır.

Padşah əmr etdi, dəmirçini gətirdilər. O, həmişəki kimi başını yerə dikib durdu. Padşah soruşdu:

– A kişi, de görüm fərraş olursan, yoxsa yox?

Usta Bəxtiyar cavab verməyib getməyə başladı. Padşah soruşdu:

– Gədə, hara?

Dəmirçi cavab verdi:

– Padşah sağ olsun, yenə tövləyə.

Dəmirçinin bu hərəkəti padşahı daha da qəzəbləndirdi. O, hirsini boğaraq soruşdu:

– Gədə, sən bu dəmirçilikdən neçün əl çəkmək istəmirsən? Burada yəqin bir sirr var. O sirri gərək mənə açasan.

Dəmirçi bir qədər düşündükdən sonra cavab verdi:

– Qibleyi-aləm, burada elə bir çətin şey yoxdur. Sirri açaram, amma bir şərtlə.

– Şərtin nədir?

– Məni azad edib öz sənətimi işlətməyə razı olsaz, deyərəm.

Padşah söz verdi. Usta Bəxtiyar belə başladı:

– Atam kasıb bir kişi idi. Palçıq daşıyıb qazandığı qəpik-quruşla ailəsini dolandırırdı. Məndən başqa atamın dörd oğlu, iki qızı var idi. Anam da varlıların evində təndirə çörək yapır, paltar yuyurdu. Külfətimiz çox olduğuna görə məşəqqətlə yaşayırdıq. Atamın böyük oğlu mən idim. On beş yaşına çatanda atam dilə gəldi: “Ay oğul, görürsən ki, məni oğul-uşaq basıb, sən böyük oğlansan, heç olmasa get işlə, sən də qazan, bəlkə bir təhər yaşayaq”, – dedi. Mən uşaqlıqdan işləməyi sevmirdim. Razı olmadım, atam acıqlandı, zornan məni çəkə-çəkə aparıb bir dülgərin yanında ayda üç quruşa şagird qoydu. İşləmək mənə hər cəzadan ağır gəlirdi. Usta dedi: “Qalx, o taxtaları gətir bura”. Mənim gözlərimə qaranlıq çökdü. “Usta, qollarım ağrıyır, gətirə bilmərəm”, dedim. Usta mənə acıqlı baxıb: “Oğlan, bəs ayda üç quruşu müftə alıb yemək istəyirsən? Get, tənbəl şagird mənə gərək deyil”, – dedi. Sevinə-sevinə evə qayıtdım. Anam həyətdə paltar yuyurdu. Məni görüncə soruşdu: “Ay Əhməd, niyə qayıtdın?” Mən qaşqabağımı sallayıb, yerə otura-otura: “Usta dedi: get, mənə şagird lazım deyil”, – dedim. Anam başını bulaya-bulaya: “Sənin kimi tənbəl oğuldan bir kor qız yaxşıdır”, – dedi. O gün atam da məni çox danladı. Səhər zornan aparıb məni bir bənnanın yanında şagird qoydu. Bənna mənə hər dəqiqə buyururdu: “Oğlan, durma, su gətir palçıq hazırla!”. Bu iş mənə çox çətin görünürdü. Gözlərimi döyə-döyə: “Usta, mən palçıq hazırlamaq bacarmıram”, dedim. O mənə sərt-sərt baxıb: “Gədə, bəs bacarmırsın, müftə yeyib yatmağı bacarırsan?! Get, mənə tənbəl şagird gərək deyil!” dedi. Ürəyim sakit oldu. İlan ağzından qurtaran qurbağa kimi sevinə-sevinə evə qayıtdım. Atam, anam nə qədər məni döydü, söydü, danladı, mən zəhməti, işi sevə bilmədim. Düz iki il yazıq atam məni hansı sənətə qoydu, hər birinə bir bəhanə gətirib qaçdım. Bizimlə qapı-qapıya bir dəmirçi olurdu. Onun bir qızı vardı. Adı Ceyran idi. Məndən üç-dörd yaş kiçik idi. Hər gün həyətdə bir yerdə oynayardıq. Tənbəlliyimi görüb o məni hər gün danlayırdı, hərdən mənə deyirdi: “Sən yaxşı oğlansan, hayıf ki, tənbəlsən. Tənbəl adam xoşbəxt olmaz, mənim sənə yazığım gəlir”. Axırda mən bu qıza bir könüldən min könülə aşiq oldum. Bir gün fürsət tapıb fikrimi qıza açdım. “Ceyran, mənə gələrsənmi?” dedim. Qız mənim sözümə gülüb: “Sənin kimi tənbəl, işsiz, sənətsiz oğlana hansı qız gələr?” – dedi. Elə bil başıma bir qazan qaynar su tökdülər. Bu söz məni çox bərk götürdü. Bir az özümə gələndən sonra yenə soruşdum: “Ceyran, bir sənət öyrənsəm necə?” O gülərək: “Tənbəlliyi atsan, yaxşı sənət öyrənsən, gələrəm”, dedi. Şadlığımdan bilmirdim neyləyim. Atamın yanına gəlib: “Ata, dəmirçi olmaq istəyirəm, məni qonşumuz Həsən dayının yanına şagird qoy”, dedim. Ata-anamın qırışığı açıldı. Atam: “Çox yaxşı, oğlum, kaş sən işlə!” – dedi. Sabahdan atam aparıb məni qonşumuz Həsən dayının dükanında şagird qoydu. Usta Həsən nə əmr elədi, o saat yerinə yetirirdim. Ustanın işləməyinə fikir verib öyrənməyə çalışırdım. Beş-altı ayda dəmirçiliyi öyrəndim. O qədər yaxşı öyrəndim ki, ustam ən çətin işləri mənə tapşırdı. Mən də canla-başla çalışıb o işi ustamdan da yaxşı qayırırdım. Həsən dayı bir gün əlimdə işlədiyim kotana baxıb: “Sağ ol, Əhməd! Sən gözəl usta olacaqsan! Çəkici istədiyin yerə vurursan həm də məndən cəld işləyirsən”, – dedi. İşlədikcə öz sənətimə olan şövqüm o qədər artdı ki, yorulmaq nədir bilmirdim. Bunun sayəsində dəmirçilikdə şöhrət qazandım. Qayırdığım kotan, xış, bel, balta, dırmığı kəndlilərimiz alıb aparırdı. Çəkicimin altından çıxan hər şey mənə fərəh verirdi. Çünki Ceyran qıza evlənmək üçün yaxşı sənətkar olmağa söz vermişdim. Öz sənətimə və Ceyrana olan sevgim məni bəxtiyar elədi. Sözün qısası, Ceyran qıza evlənib, yaxşı bir ailə qurdum. Məni xoşbəxt yaşadan bu iki şeydir: biri sənətim, biri də məhəbbət.

Bəxtiyar öz söhbətinə belə yekun vurdu:

– Padşah, məni bu iki sevgilimdən ayırma, mən bunlarsız yaşaya bilmərəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов