Kənddəki həyətimizdə güllələdiyim qara pişik yenə yuxuma girmişdi. Qulağından və ağzından qan axa-axa çığırırdı. Ömrümün lənəti idi bu pişik! Hər dəfə yuxuda görəndə başıma ağır bir hadisə gəlirdi. Bir dəfə ayağımdan yaralandım, bir dəfə qılçalarıma qəlpə doldu. Onda Özbəkistandan təzə gəlmişdim. Sovet hərbi hissəsini icazəsiz tərk etdiyimə görə başımı sığallamayacaqdılar. Amma mən heç kimdən yox, atamdan çəkinirdim. Ona nə deyəcəkdim? Vətən, torpaq nağılları qulağına girməzdi. İcazəsiz gəldiyimə görə hərbi tribunaldan əvvəl özü cəzalandırardı məni. Aranzəmin döyüşlərində yaralananda da bunu atamın qorxusundan hamıdan gizlətmişdim. Atam bilsə, yaxamdan tutub soruşacaqdı: “Aranzəmində nə gəzirdin?” Axı o, məni öz ayağıyla batalyona gətirib, piser qoydurmuşdu. İşim-gücüm yazı yazmaq olacaqdı.

Kişinin məntiqinə baxın!

Özbəkistandan Ağdama yazı yazmağa gəlmişdim!

Yazı yazacaqdımsa, elə Özbəkistanda oturub yazardım də. Müharibə yox, döyüş yox. Hətta atama bir şeir də həsr edərdim.

Cahangir kişinin qorxusundan yaralarım sağalanacan kəndə getmədim. Anamın da narahat olmasını istəmirdim. Mənə çox bağlıydı. Hər dəfə evə gedəndə “Sənə gələn mənə gəlsin” deyib, başıma dolanmaq istəyirdi, qolundan tutub saxlayırdım, “Allaha ağır gedər, belə eləmə” deyirdim. Məni qucaqlayıb qoxlayır, içini titrədərək ağlayırdı. Onun sevgisindən qorxurdum. Yaralandığımı görsə, kiridə bilməzdim.

Yekə kişi oldum, atamın səsi gələndə yenə içimdən üşütmə keçdi. Gözümüzün odunu uşaqlıqdan almışdı. Mən atamın sərtliyinin faydasını sonralar, müharibənin ən çətin anlarında hiss elədim və bu dünyada atamdan artıq heç kimdən və heç nədən qorxmadım.

Futbol oynayıb yorulmuşdum. Zabili qapıya keşikçi qoyub yatdım. Dedim, dədəm gələndə xəbər elə, məni yatdığım yerdə tutmasın. Yatan uşaq gözünün düşməniydi. Az qala silahını çəkib vuracaqdı. Yuxunun ən şirin yerində Zabil qışqırdı: “Cahangir gəlir!”

Atamın əsl adı İbrahimdir, lakin hamı onu Cahangir kimi tanıyır. Məncə, ikinci adı daha dəqiqdir. O, İbrahim peyğəmbər kimi oğlunu qurban verməz, amma istənilən cahangir kimi dünyanı tutmağa iddialıdır. İmkanı ola, küllü-aləmi qarşısında baş əydirər.

Cahangir çox zəhmli kişiydi. Bir ayağının axsaması onu lap qorxulu göstərir, Teymurləngə oxşadırdı. Ondan bütün kənd, hətta Fərruxun erməniləri də çəkinirdi. Səsi yüksələndə hamı gizlənməyə yer axtarırdı. Ancaq həm də çox istəyirdilər onu. Camaatın xeyir-şərinə yarayır, kasıb-kusuba əl tutur, mübahisə düşəndə ədalətli qərarlar verirdi. Kəndin toy-yas məclisləri üçün öz cibinin puluyla böyük mağar və samovar almışdı. Məni əsgərliyə yola salanda həmin o mağarı qurub bir məclis düzəltdi ki, gəl görəsən. Heç kimdən pul-para, hədiyyəfilan da qəbul eləmədi.

Zabil qışqırıb məni yuxudan oyadanda nə “ata” dedi, nə “dədə”, “Cahangir” dedi və onun belə deməyi məni daha da qorxutdu. Sanki atam bir anlıq atalıqdan çıxıb, əsl cahangirə çevriləcək, əlində qılınc axsaya-axsaya yanıma gələcək, dərs oxumaq və iş görmək əvəzinə yan düşüb yatdığıma görə boynumu vuracaqdı. Yuxudan ayılıb necə tullandımsa, ev cəhənnəm, həyətdə də dayanmadım, kəndin içinə doğru qaçdım. Sən demə, gələn atam deyilmiş. Zabil uzaqdan maşın səsi eşidib, atam olduğunu zənn edib.

Cahangir kişi kəndin xeyir-şərinə aldığı mağarla, samovarla təntənəli məclis düzəldib, Özbəkistana yola saldığı oğlunu bir il tamam olmamış kənddəki həyətində görəndə gözləri alacalandı. Necə heyrətləndisə, hirslənmək yadına düşmədi. Fürsətdən istifadə edib vəziyyəti ona başa saldım. Dədəmdən çıxmayan iş, heç bir etiraz etmədən fikrə getdi, çənəsini xeyli ovuşdurub dedi:

“Səni qaçaq kimi qələmə verərlər, gəl hərbi komissarlığa gedək.”

Getdik. Əsgərlikdən qaçmadığımı, burda müharibə başladığı üçün geri qayıtdığımı bildirdim. Məni qeydiyyata alıb Allahverdi Bağırovun özünümüdafiə batalyonuna yazdılar. Məndən olsa, Şirin Mirzəyevin batalyonuna gedərdim. Onun haqqında çox eşitmişdim. Bir peşəkar kimi Şirin Mirzəyevdən hərbin sirlərini öyrənmək istəyirdim. Alınmadı. Atam Allahverdi Bağırovla yaxın olduğu üçün məni onun yanına apardı və qərargahda piser qoydurub dönə-dönə tapşırdı ki, öz işimlə məşğul olum. Yəni döyüşə-filana getməyim.

Amma döyüş başlayanda qərargahda heç kim qalmırdı. Hamı səngərə gedirdi. Mən də təcili yardım maşınına atılıb vuruşan əsgərlərin yanına qaçırdım. Silah çatışmırdı. Biz növbəylə döyüşməli olurduq.

Təcili yardım maşınını sürən Piriyev boydan balaca, arıq və cılız olduğu üçün onu səngərə buraxmırdılar. Maşının yanında var-gəl edib balaca əllərini ölçə-ölçə deyinirdi. Hərdən zarafatlaşırdım:

“Piriyev, hava qarışanda hündür yerlərə çıxma, külək səni atar erməni tərəfə, biabır olarıq.”

Qımışırdı, dalınca ciddiləşirdi:

“Görmürsən bunları? A kişi, güllə atmaq üçün pəhləvan olmaq lazım deyil eee... O qədər cəmdəklər görmüşəm, heç avtomatı saxlaya bilmirlər. Gəlin yoxlayın, ata bilmirəmsə, qoymayın səngərə!”

Qalın qaşlarını qaldırıb barmağını irəli uzadır, gözünü qıyırdı:

“Koppoğludu yalan deyən, spiçkanı vuraram!”

Silah səsləri ara verən kimi yenə zarafata keçirdim: “Otuz iki kilosan, qaqa, sənin kimilərini ruslar arxa cəbhəyə də qoymurlar. Səni uzağı əsgərlərə siqaret almağa göndərərlər. Yaxşı qaça bilirsən?”

Piriyevin yarısı yerin altındaydı:

“Siz “esenqe” uşaqları bilməzsiniz, biz qaçmağa öyrəşməmişik. Güllə mənə yalnız sinəmdən dəyə bilər! Yekəliklə deyil!” - hirslənirdi - “Bir də belə danışsan, səni səngərə gətirməyəcəm!”

Söz verirdi, amma yenə gətirirdi.

Bəzən zarafatlarıma tez cırnayırdı və başını bulayırdı: “Əh! Sən də onların tayısan!”

Çox vaxt qarşı tərəfdən gələn güllə səsləri söhbətimizi yarımçıq kəsirdi. Dəfələrlə olmuşdu, lap dalaşmaq həddinə gələndə atışma başlamışdı, Piriyev özünü məndən qabağa atmışdı.

Aranzəminə hücum planı səngərdə durub kiminsə silahı ilə atışmaq deyildi. Burda zarafata da vaxt qalmırdı. Artıq özümün silahım vardı və qanuni hərbi əməliyyata gedirdim.

Qara pişik onda girdi yuxuma və yaralandım.

Fərrux dağı uğrunda gedən döyüşdə yaralananda o pişiyin çığırtısını eşitdim. Tüklərim biz-biz oldu. Elə bil qəlpələr pişiyin çığırtısından çıxıb ayağıma sancıldı. Əslində, yaralanmazdım, güllənin dolu kimi yağdığı vaxt yanımdakı əsgərin qəfil ayağa durduğunu gördüm. Yəqin, özünü itirmişdi, yoxsa ağlı başında olan belə hərəkət eləməzdi. Mən atılıb onu yerə yıxanda yanımıza mərmi düşdü və pişiyin çığırtısı eşidildi. O səsin varlığına o qədər inandım ki, yaralı-yaralı ölümdən qurtardığım əsgərdən pişik səsi eşidib-eşitmədiyini soruşdum. Əsgər nə dediyimi anlamadı.

Qəlpələr indi də ayağımdadır. Havalar soyuyan kimi sızıldayır və Fərrux döyüşü ilə bağlı xatirələrimi diri saxlayır.

Yuxularımın kabusuna çevrilən qara pişiyi cücə oğurluğuna gələndə vurmuşdum. Görmüşük pişik cücəni gizlin oğurlayar, bu, o qədər harınlamışdı ki, arvad-uşağın gözü baxa-baxa evlərə, hinlərə cumurdu.

Evdə uzanmışdım, qəfil qışqırıq düşdü. Çölə çıxanda pişiyin hasarın üstündən həyətə şığıdığını gördüm. Çox cəld idi. Onu daşla, ağacla vurmaq olmur, itlər dalınca düşüb tuta bilmirdi. Hay-küyü də vecinə almırdı. Evə qaçıb, atamın tüfəngini divardan aldım və bayıra çıxdım. Pişik hində işini bitirib iri bir cücə ağzında geri qayıdırdı. Mən nişan alanda hasara sıçradı, gülləni bir az irəlisindən atdım, cücəni göydə buraxıb çığırdı və tappıltıyla hasarın dibindəki şax-şəvəlin arasına düşdü. Arvadlardan hansısa çığırtıdan qorxub “Allah, sən saxla!” dedi. Zabil özünü hasarın dibinə yetirəndə qışqırdım:

“Yaralı olar, sənə ağız atar!”

Vecinə almadı. Quyruğundan tutub ortalığa sürüdü. Qırmalar baş və boyun hissəsindən dəymişdi. Ölüsü də zəhmli idi. Ən böyük ev pişiyinin ikisi boyda olardı. Elə bil qorxulu nağıllardan çıxmışdı. Adətən kənd adamları pişikləri tanıyır, hardan gəldiyini, kimin evində böyüdüyünü bilirlər. Bu pişiyin yeri-yurdu heç kimə bəlli deyildi.

Zabil bizdən xəbərsiz pişiyin üstünə neft töküb yandırdı. Qapqara tüstü göyə millənib bir anlıq pişik şəklinə düşdü. O, yanıb yox olmadı, tüstüyə çevrilib qaranlıq dünyalara çəkildi və nə vaxtsa qisasını almaq üçün geri qayıdacaqdı.

Budur, qayıtmışdı və bu dəfə yaralanmamışdım, anamla birlikdə şəhid olmuşdum. Uşaqlığımın işıqlı dünyası sönüb getmişdi. Müharibə ilk dəfə bütün ağırlığıyla çatmışdı mənə. İndi vətən sözündən sızıltı eşidirdim və bu səs ayaqlarımdakı qəlpələrin sızıltısına qarışıb hüznlü nəğməyə çevrilirdi. Mən bu nəğməni bütün bədənimlə dinləyirdim. Bəzən sızıltılar artır, həzinlik itir, içimdə dəhşətli bir intiqam marşı çalınırdı. Qara pişiyin çığırtısı bir yandan məni vahimələndirsə də, o biri yandan qisas hissimi gücləndirirdi.

Anama görə Allahdan incimişdim; o, bu aqibətə layiq deyildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, 10. Sevinc

O ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?

20184 мин
Birinci hissə, 11. Komandir

Deyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.

20184 мин
Birinci hissə, 12. Kapitan Rəşidov

“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.

20182 мин
Birinci hissə, 13. Komandir

Kolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.

20183 мин

Стихи других поэтов