Kolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.

Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.

Oxqay! Gözümə işıq gəldi! Yəqin, bulaqların beş addımlığında dayanmışdıq. Çayın suyu heç vaxt belə sərin, saf olmaz. Doyunca içsəm də, ağzımı sudan çıxarmaq istəmirdim.

“Flyaqa”ları doldurub, çay yuxarı addımladıq. Ağsaqqalın sağa burulduğunu görəndə onun izini itirməmək üçün addımlarımızı yeyinlətdik. Maral da onun yanındaydı. Mənə elə gəlirdi, Mazanovun rahat hərəkət etməyinə Maral mane olur, hər şeydən şübhələnir, iki dəqiqədən bir dayanıb müşahidə aparmalı olurlar. Onları komandirlə mən müşayiət edirdik. Arada yaxınlaşıb söhbət edə bilirdik. Bir dəfəsində Maralı ön xətdən qaytarmasını təklif etdim, yoxsa səhər açılanacan gedib bir yerə çata bilməyəcəkdik. Etiraz elədi, “Tunelə yaxınlaşdıqca təhlükə artır”, - dedi - “Qoy ehtiyatlı davransınlar.”

Maral siçanlara da reaksiya verirdi. Hətta bəlkə qarışqaların yerişini hiss edib şübhəyə düşürdü. Böcəklərin susması da, ötməsi də onun üçün ehtiyat siqnalı idi.

İstifadədən çıxmış köhnə bir tunelə gəlib çatana qədər qıl körpüsünü beş-altı dəfə o üzə-bu üzə adladıq. Kəşfiyyat qrupunun qabağında gedən adamdan - “dozor”dan çox şey asılıdır. O, istəsə ağır, istəsə yüngül səfər təşkil edə bilər. Kolluqdan tunelə yürüşümüz Maralın sayəsində ağırdan-ağır oldu, lakin sağ-salamat gəlib çatdıq. Girişin üstündəki iri, hamar daşa yazılmış “101” rəqəmi məni xeyli həyəcanlandırdı. Bu rəqəm sirli qaranlıqla dolub-daşan tunelin vahiməsini artırırdı. Olmaya pusquya düşmüşdük və bizə xüsusi parollarla işarə göndərirdilər? Məsələ budur ki, bölüyümüz Toğananın üstündə, camaatın “101” kimi tanıdığı balaca qəsəbədə yerləşirdi.

Komandiri yanlayıb qoluna toxundum və qaranlıqda güclə görünən rəqəmi ona göstərdim. Mənə baxıb gülümsündü:

“Çoxdanın yazısıdır, narahat olma.”

Başımı əyib nəhəng qaranlığa baxdım, tüklərim biz-biz oldu. Tunelə su damır və yerə dəydikcə qaranlıq boşluqda əcaib səslər çıxarırdı. Bu saat içəridən alov püskürən əjdaha çıxacaq, hamımızı udacaqdı.

“Qırğı, tuneli yoxla!” - komandir əmr elədi.

Avtomatın lüləsinə spirt töküb od verdim və içəri keçdim. Alovu əks edən damcılar, divarlardakı su şırnaqları və balaca gölməçələr uçub-dağılmış tunelin sirli qaranlığında əcaib mənzərələr yaradırdı. İşıq ətrafa vuran kimi buranın kimsəsiz, unudulmuş bir yer olduğunu anladım.

“Tunel boşdur” - mən dedim.

“Burda qalacağıq” - komandir dedi.

“Çox soyuqdur, həm də su damır” - mən dedim.

“Güllədən qorxmadıq, damcıdan qorxacağıq?” - o dedi.

Tunelin qarşısına gözətçi qoyub içəri doluşduq. Hərə bir tərəfdə oturdu. Qaranlıqda bir-birimizdən başına su damıb-dammadığını soruşurduq. Damcıların altında hərlənib islanmayan yer axtarırdıq. Gizir Səfərov əylənmək üçün yaxşıca fürsət tapmışdı. Hamıyla məzələnirdi. Hətta arada komandirə də sataşdı:

“Gəlin canlı örtük yaradaq, komandir islanmasın.”

“...”

“Soyuqlayar.”

“...”

“Komandir, “pesok”lu su istəmirsiz? Təmiz tunel suyu, xalis şəkər tozu!”

“...”

“Orucov! Eşitmirsiniz?”

“...”

“Komandir yoxdu deyəsən! Ə, Qırğı, o zırnanı yandır görək kişiyə nə gəldi?”

Məni də maraq götürdü, ətrafı bir anlıq işıqlandıranda Gizir Səfərovun damcıları “flyaqa”nın ağzı ilə tutduğunu gördüm. Komandirsə yox idi. Tunelin girişindəki gözətçidən soruşdum, müşahidə üçün çıxdığını söylədi. Biz tuneldə onu gözləyəcəkdik.

“Ömründə bircə dəfə qeyrətə gəlib komandirlə zarafat elədin, onda da eşitmədi.” - qayıdanda Gizir Səfərova ilişdim və uşaqların şaqqanaq çəkib gülməsini gözlədim. Səfərov bircə kəlməylə vəziyyətdən çıxdı: “Həəə, valla!!!”

Elə bu kəlməylə də təşəbbüsü ələ aldı: “Deyirəm, komandir yoxkən İrəfiyevi kəsib yeyək. Aclıqdı. Bu da bir işə yarasın barı.”

Tuneli gülüş dalğası bürüdü, qaranlıq qorxusundan ən ucqar dəlmə-deşiyə çəkildi. Səhər gülüşümüzlə açılırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 1. Polkovnik Nəbiyev

Kimdən nə istədiyimi yaxşı bilirdim. Hər cür ağlagəlməz vəziyyətlərdən çıxmağı bacaran bir zabit mənə yox deyə bilməzdi. Bəlkə, bunu özü bilmirdi, mən bilirdim və imkanlarını ortaya çıxarmaq üçün ona fürsət verirdim. Komandirdən çox şey asılıdır. Atın qabağına ot misalı. O, “dil” gətirəcəkdi, əmin idim. Kəlbəcərdən belə gec qayıtması da göstərirdi ki, əmri icra etməyə çalışmış, doğrudan da, mümkün olmamışdı. Olsaydı, heç vaxt boş qayıtmazdı. Lakin olacaqdı. Xidmət rəisi Kapitan Rəşidova qalsa, qrupu geri çağırıb bir müddət gözləməli idim. Razılaşmadım. Dəmiri isti-isti döyərlər. Özünə də dedim. Dedim, Rəşidov, mən bölük komandiri leytenant Abdinova niyə eyni əmri vermədim? Yoxsa elə bilirsən, zabitlər arasına ayrı-seçkilik salıram? O, qorxusundan heç təmas xəttini keçə bilməmişdi. Gedən kimi açığa çıxıb geri qaçmışdılar. Təmas xəttini keçsəydilər də, bir iş görə bilməyəcəkdilər. Mən kimə nə dediyimi bilirdim.

20181 мин
Üçüncü hissə, 2. Komandir

Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:

20182 мин
Üçüncü hissə, 3. Gizir Səfərov

“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:

20184 мин
Üçüncü hissə, 4. Komandir

Gecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.

20181 мин

Стихи других поэтов