Əvvəl Hüseynovun, sonra Mazanovun yanına qayıtdım. İyirmi dəqiqə keçməmiş hamımız uçuq divarların arasında özümüzə yer eləmişdik. Biz gələnəcən komandir tikilinin nə olduğunu müəyyənləşdirmişdi:

“Bizimkilərin toyuq ferması olub.”

“Nədən bildiniz?” - Səfərov soruşdu.

“Onlar buxarını belə qoymur” - əlini hisli divarın əyilən yerinə uzatdı. Buxarıdan qəribə bir doğmalıq vururdu adamı. Bir anlıq elə bildim, daşların istisi hələ də çəkilməyib.

Uşaqları yerbəyer edəndən sonra komandir mənə silahın səsboğucusunu çıxartmaq əmrini verdi. Özü də çıxartdı. Birlikdə açıq sahəyə doğru addımladıq. Onun belə sərbəst hərəkət etməsinə təəccübləndiyimi görüb dedi:

“Çavuş Əsədov, biz elə bir yerə gəlib çıxmışıq ki, gizlənməyə ehtiyac yoxdur. Ehtiyatlı hərəkət etsək, şübhə doğurarıq.”

“Bəs səsboğucu? Onları niyə çıxardıq?”

“Səsboğucu kəşfiyyatçılarda olur.”

Geyimimizdə, üst-başımızda, ciblərimizdə kim olduğumuza dair adi bir əşya belə yox idi. Komandirin dediyi sonuncu sözlər məni lap ürəkləndirdi:

“Buralar da sənin torpağındır, Əsədov! Heç nədən qorxub-eləmə!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 18. Komandir

Hərbi hissəyə tələsirdim, Səltənət bibim daş atıb başını tutdu ki, bir az ayaq saxla, qızı sənə göstərəcəm. Oturub gözlədim. Qapının arasından qarayanız bir qız boylandı. Onu görən kimi anamı xatırladım. Gözlərində ağ işıq vardı. Tərəddüd etmədən razılığımı bildirdim. Bibim inanmadı. Sevindiyindən əli çalır, ayağı oynayırdı. Tez atamgili, o biri bibimi, qohumları muştuluqladı. Atamın gözləri yaşardı, Zabil sevindiyindən qışqırdı, bizdə qalan bibimisə ağlamaq tutdu.

20181 мин
Dördüncü hissə, 19. Sevinc

Hörmətli qonşum, məni, demək olar ki, hər gün, bəzən gündə bir neçə dəfə görən və hər dəfə də hal-xoş edən Səltənət xaladan məktub almışdım. Bu qədər rastlaşdığın insan sənə niyə məktub yazsın? Oxuyanda məsələdən hali oldum və evlərindəki papaqlı zabitin sirri açıldı. Hirsləndim. Məktubu cırıb atdım. Doğrudan da, gələn Səltənət xalanın qardaşı oğlu imiş. Və o, məni görməyə gəlibmiş!Sən demə, Səltənət xalanın mənimlə mehriban davranmasının səbəbi bu imiş. Məktubun məni hirsləndirən yerində elçi gəlmələri üçün razılığımı istəyirdi. Dəli oldum! Sevimli qonşumun altdan-altdan iş görməsi hislərimə toxunmuşdu. Ən çox da xəbərim olmadan məni çağırıb zabit qardaşı oğluna göstərməsi yer eləmişdi mənə. Hələ gör nə yazırdı: “Sevindim ki, xoşuna gəlmisən!” Hirsimdən dəli bir gülmək gəldi mənə. Minnəti olsun! Hələ sən get ona isti otaqda papaq çıxarmağı öyrət, sonra evləndirərsən. Acığımı məktubdan çıxdım deyə ürəyim soyudu və məsələni şişirtdiyimi anladım.

20181 мин
Dördüncü hissə, 20. Komandir

Gümüşü işığı itirmişdim. Ona görə imkan tapan kimi Sumqayıta o qızı görməyə gedirdim. Uzaqdan baxırdım. İzləyirdim. Qıza yaxınlaşmaq kəşfiyyata getməkdən çətinmiş. Utanırdım. Bir gün cəsarətimi toplayıb yaxınlaşdım. Həyəcandan az qaldım hərbi salam verəm. Yox-yox, özümü cəmlədim. Dedim, filankəsəm. Gözlərini süzdürüb baxdı. Bu, həm etiraz eləmək, həm də salamı almaq anlamına gəlirdi. Mən ikinci variantı qəbul edib irəli durdum. Gördüm, alınır. Amma nə deyəcəyimi bilmirdim. Başladım universitetdən, təhsildən, tələbəlikdən danışmağa. Söhbətimiz tutdu. Danışa-danışa məhəlləyəcən getdik. Ayrılanda gülümsündü. Dedi, indiyədək bu yolu piyada gəlməmişdim. Onun gülüşündən içimə bir işıq düşdü. Hiss elədim ki, axtardığım qadındır. Bu, sevgi deyildi. Mənim heç kimə bənzəməyən ömrümün əvvəldən yazılmış qaydalarından biriydi. Onunla evlənməliydim.Elçilər əliboş qayıtdı.

20181 мин
Dördüncü hissə, 21. Sevinc

Sevmirdim onu. Ailə qurmaq da istəmirdim. Çox kasıb yaşadığımız üçün işləyib ata-anamı vəziyyətdən çıxarmaq barədə düşünürdüm. Həm də hərbçiylə çətin olacaqdı. Bunu özü də mənə demişdi, qohumlar da. Bircə mənimlə açıq danışması xoşuma gəldi. Gördüm, mərd adamdır.Fikrim qəti idi. Ailə qurmaq ağlımın ucundan da keçmirdi. Atam imkan vermədi. O, anamla dolanmırdı. Evimizə elə bir ziddiyyət düşmüşdü ki, başımı alıb qaçmaq məcburiyyətində qaldım. Belə bir vaxtda yun papaqlı zabit üzümə qapı kimi açıldı.

20181 мин

Стихи других поэтов