– Ov yerinə yollanıram,
Ana, mənə uğur dilə.
Qayıtmasam, bil, ölmüşəm,
Ana, mənə uğur dilə.

Yastıdağın ətəkləri,
Ovla dolu çökəkləri.
Maralları, ördəkləri,
Ana, mənə uğur dilə.

Oxum, payam, ipim, baltam,
Tunc döşlüyüm, dəri xaltam.
Sağ ol, bacım, sağ ol atam,
Ana, mənə uğur dilə.


– Gücər, sənə uğur olsun,
Yanla ovu sən qurdsayaq.
Busa-busa, qaplan kimi,
Yanla ovu sən qurdsayaq.

Çalış çox-çox uzaq getmə,
Qobuyerdə dayan, ötmə.
Meşə sıxdır, azıb itmə,
Yanla ovu sən qurdsayaq.

Yıxılmasa ov bir oxla,
Qov onu sən, ara saxla,
Yan-böyrünü tez-tez yoxla,
Yanla ovu sən qurdsayaq.


Dünən yağıb qar bolluca,
Çox buraxma uzaq ovu.
Maral ürkək, donuz konaz,
Çox buraxma uzaq ovu.

Sürü, naxır, ilxı, təkə,
Saymayasan ovu gərək.
Vursan, "Tanrı" adını çək,
Çox buraxma uzaq ovu.

Qaplan olsa boynunu bur,
Maral olsa döşündən vur.
Ayı olsa belini qır,
Çox buraxma uzaq ovu.


Al, çörəkdir, pis ayaqda,
Bu çörəkdən bir qırıq ye.
Gördün gücün lap azalıb,
Bu çörəkdən bir qırıq ye.

Acıqanın güclü olsa,
Üzərini ölüm alsa,
Ürəyinə qorxu dolsa,
Bu çörəkdən bir qırıq ye.

Bu çörəyi yapıb anan,
Ana südü hopub ona.
Vur, basar ol çox yamana,
Bu çörəkdən bir qırıq ye.


Bu çörəkdir, bu da kökə,
Ana südü qarışıqdır.
Sənə Tanrı gücü verər,
Ana südü qarışıqdır.

Sarı bunu göy qurşağa,
Ver nə ova, nə qonağa.
Qoru, saxla, pis ayağa,
Ana südü qarışıqdır.

Qurdu götür, - qaplanboğan,
Az qaçağan, çox qapağan,
Qurd da arxan, süd də arxan,
Ana südü qarışıqdır.


Gəlin dedi: – Tez qayıt gəl,
Ovun maral, cüyür olsun.
Gey bu dəri gödəkçəni,
Ovun maral, cüyür olsun.

Qurd dərisi oxbatmazdır,
Qılınckəsməz, odtutmazdır.
Şaxtaqovdur, çatatmazdır,
Ovun maral, cüyür olsun.

Sən gec gəlsən küsəcəyəm,
Saçlarımı kəsəcəyəm.
Ağlar-ağlar gəzəcəyəm,
Ovun maral, cüyür olsun.


Yola düşüb Gücər getdi,
Ova çıxmaq ər işidir.
Qapağan da arxasınca,
Ova çıxmaq ər işidir.

Qanadlanıb buğlanmışdı,
Çarıxları yağlanmışdı.
İp-qəzillər bağlanmışdı,
Ova çıxmaq ər işidir.

Arxasınca su atdılar,
Qurd-itləri ulatdılar,
Boğazda səs qaynatdılar,
Ova çıxmaq ər işidir.


Bacalardan boylandılar,
– Gucər, əli dolu qayıt.
Qışdır, ət, ot tükənibdir,
Gucər, əli dolu qayıt.

Qar tutmuşdu cığırları,

Suvamışdı çuxurları.
Yamacları, hündürləri,
– Gucər, əli dolu qayıt.
Bilinmirdi eniş-yoxuş,
Gizlənmişdi qarda qurd-quş.
Ağacları şaxta vurmuş,
– Gucər, əli dolu qayıt.


Axşamacan getdi Gucər,
Nə qurd-quş var, nə kəl, maral.
Çəkil ay qış, qırov, şaxta,
Nə qurd-quş var, nə kəl, maral.

Yolda yuva qazıq-qazıq,
Ağac, budaq, kol pırtlaşıq.
Yox meşədə yar-yaraşıq,
Nə qurd-quş var, nə kəl, maral.

– Qapağanım, harda qaldın,
Niyə üzüdönük oldun,
Sənsiz bu yol ağır yoldur,
Nə qurd-quş var, nə kəl, maral.


Qayalıqda, daşovuqda,
Ayı yatıb uyuyurdu.
Kol-kos içrə gizlənmişdi,
Ayı yatıb uyuyurdu.

Gücər girdi daş ovuğa,
Qaranlıqda daş yarığa.
Düşdü daha sərt soyuğa,
Ayı yatıb uyuyurdu.

Daşlı yollar buruq-buruq,
Qaya lay-lay, qopuq-qopuq.
Sallaq buzlar çubuq-çubuq,
Ayı yatıb uyuyurdu.


Lap uzaqda, lap uzaqda,
Qurd-Qapağan ulayırdı.
Qırıb ipi Tutuqluğu
Qurd-Qapağan ulayırdı.

– Harda qaldın, Qapağanım,
Gəl, qurdların qudurğanı.
Salxım buzdur hər bir yanım,
Qurd-Qapağan ulayırdı.

Çağırırdı tay-tuşunu,
Qurd bacısı, qardaşını.
Qar almışdı döş-başını,
Qurd-Qapağan ulayırdı.


Gücər dedi: – Ayı ovum…
Qurdel mənə sağ ol deyər.
Balta vurram, leşi qalar,
Qurdel mənə sağ ol deyər.

Apararam iki budun,
Yurdu alar iyi, dadı,
"Qış ovçusu" qalar adım,
Qurdel mənə sağ ol deyər.

Qoy gözləyim hələ bir az,
Dursun yatan bu yaramaz.
Yatan ovu vurmaq olmaz,
Qurdel mənə sağ ol deyər.


– Oyan, ayı, dur yatağan,
Ayı çoxdan uyumuşdu.
– Dur, çarpışaq, dur, qarpışaq,
Ayı çoxdan uyumuşdu.

– Ov gözləyir Qurdel məndən,
Dur, ölərsən yatan yerdə.
Yoxsa vurram səni birdən,
Ayı çoxdan uyumuşdu.

Gucər onu hey səslədi,
Yan-yörəsin çox bizlədi.
Çox tərpətdi, çox gözlədi,
Ayı çoxdan uyumuşdu.


O çağırdı, boğaz yırtdı,
Ağır olur qış yuxusu.
Çox bizlədi, silkələdi,
Ağır olur qış yuxusu.

Gucəri də yuxu tutdu,
Ayı kimi o da yatdı.
Yuxusuna dinclik qatdı,
Ağır olur qış yuxusu.

Bir səs gəldi lap yaxından,
Səs dolaşdı Qurd dağında,
Gəzdi, Ayı ovlağında,
Ağır olur qış yuxusu.


Nərildəyən heyvərəydi,
Püskürürdü od ağzından.
O girirdi daşovuğa,
Püskürürdü od ağzından.

Gövdə tuluq, başsa iri,
Somururdu daş, dəmiri.
Ağac, kötük, daş gəmirir,
Püskürürdü od ağzından.

O ayını caynaqladı,
Ayı qalxıb oynaqladı,
Çaşıb daşı qucaqladı,
Püskürürdü od ağzından.


Daşovuğun ağzı dardı,
Baş içəri girə bilmir.
Cəmdək iri, köküs qaba,
Baş içəri girə bilmir.

Ayı ona caynaq atır,
Özü aşıb yerə yatır.
Heyvərə də qana batır,
Baş içəri girə bilmir.

Gücər vurur baltasını,
Cəhənginə yabasını.
Boğazına payasını,
Baş içəri girə bilmir.


Heyvərənin əngi sınır,
Balta ağır enimlidir.
Caynaqları doğram-doğram,
Balta ağır enimlidir.

Ox sancılır sağ gözünə,
Yaba batır sol gözünə.
Səpələnir qan üzünə,
Balta ağır enimlidir.

Daş hellədir Gücər, sal daş,
Boğazına təpir birbaş.
O boğulur yavaş-yavaş,
Balta ağır enimlidir.


Daşovuğun ağzı bağlı,
– Qal beləcə, öl, heyvərə.
Baş bacada, gövdə çöldə,
Qal beləcə, öl heyvərə.

Ayı döşdən yaralıydı,
Qanlı gözü qaralırdı.
Gücər ondan aralıydı,
– Qal beləcə, öl, heyvərə.

Daşovuğun ağzı pərçim,
Dönüb olur dustaq içi,
Ovçu ölür, ovdan keçir,
Qal beləcə, öl, heyvərə.


– Ay arxamca yelli gələn
Harda qaldın, yoxa çıxdın?
Tutuq düşdüm daşovuqda,
Harda qaldın, yoxa çıxdın?

Qapağanım, Qaçağanım,
Qaplanqovan, qurdboğanım,
Ayı kimi oynağanım,
Harda qaldın, yoxa çıxdın?

Niyə belə küsüb getdin,
İpi, kökü kəsib getdin.
El-obadan bezib getdin,
Harda qaldın, yoxa çıxdın?

Bir də necə tapışarıq,
Biz yan-yana çapışarıq,
Küsüb hərdən qapışarıq,
Harda qaldın, yoxa çıxdın?


– Dədə qurdum, tək qalmışam,
Tək qalanda ovçu çaşır.
Öz-özümdən küsmüşəm mən,
Tək qalanda ovçu çaşır.

Gəl boynunu qucaqlayım,
Ov yerini soraqlayım,
Yamanlığı qabaqlayım,
Tək qalanda ovçu çaşır.

Nədir bunca ulartılar,
Ulartıda söz altılar,
Göz önündə qaraltılar,
Tək qalanda ovçu çaşır.


– Qurdum, sənsiz yaman təkəm,
Tək qalanın səsi batır.
Yeyir təklik təklənəni,
Tək qalanın səsi batır.

Tək qalanda şahlanırsan,
Birdən iki qatlanırsan.
Soyuyursan, odlanırsan,
Tək qalanın səsi batır.

Hamılıqdan təklər küsür,
Çox düşünür, çox da susur,
Öz-özünə sonev qazır,
Tək qalanın səsi batır.


Qaldı Gücər dırmaş-dırmaş,
Lay qayalar arasında.
Uzanaraq o gözlədi,
Lay qayalar arasında.

Yaralılar inlədilər,
İniltini dinlədilər.
Gecələri günlədilər,
Lay qayalar arasında.

Bəyirirdi ov yan-yana,
Bu çarpışa kim dayanar.
Çörək yedi, o, azcana,
Lay qayalar arasında.

Keçdi üç gün, üç ay, üç il,
Çürüdülər mitil-mitil,
Gücər yatdı mışıl-mışıl,
Lay qayalar arasında.


Südlü çörək, nə güclüsən,
Ana südü gücdür, heydir,
O yuxuya getdi üç il,
Ana südü gücdür, heydir.

O yatmadı, o bayıldı,
Üç il sonra o ayıldı.
Dil tutuldu, göz qıyıldı,
Ana südü gücdür, heydir.

Köks ötürdü dərin-dərin,
Ayı ilə heyvərənin
Sümükləri yığın-yığın,
Ana südü gücdür, heydir.


Lap uzaqda qurd uladı,
Qurdun səsi qorxunc olur.
Qapağanın balaları -
Qurdun səsi qorxunc olur.

Qurd qurd ilə yalaşırdı,
Hərdən onlar ulaşırdı,
Bu səs yurdu dolaşırdı,
Qurdun səsi qorxunc olur.

Uzaq, uzaq enişlərdə,
"Quyruqbula" görüşlərdə.
Gül qoxuyan örüşlərdə,
Qurdun səsi qorxunc olur.


Gücər çıxdı daşovuqdan,
Üç il yuxu yorucudur.
Keyəlmişdi əl-ayağı,
Üç il yuxu yorucudur.

Ox, yay, balta, paya, yaba,
Addımını saya-saya,
Tələsirdi el-obaya,
Üç il yuxu yorucudur.

Nə deyəcək anasına,
Qoca ovçu atasına,
Qurdelinə, obasına,
Üç il yuxu yorucudur.


Maral çıxdı qabağına,
Ov ovçunu axtarırdı.
Buynuzları budaq-budaq,
Ov ovçunu axtarırdı.

İri, ağır, tez-tov ürkək,
Qulaq oynaq, uduq titrək.
"Tanrım, bunu vurum gərək",
Ov ovçunu axtarırdı.

Gücər qoydu yaya oxu,
Bunda inanc, onda qorxu,
Maral durub oxa baxır,
Ov ovçunu axtarırdı.


Vıyıldadı ox uçanda,
Ox şimşəyə dönür hərdən.
O, sancıldı ov döşünə,
Ox şimşəyə dönür hərdən.

Ov yıxıldı, sonra qalxdı,
Ürkək-ürkək yola baxdı.
Ox döşünü onun yaxdı,
Ox şimşəyə dönür hərdən.

Maral ürküb durdu bəri,
Döşdə, budda yara yeri,
Dirəşdilər diri-diri,
Ox şimşəyə dönür hərdən.


Bir az geri çəkilərək,
Maral cumdu irəliyə.
Bir ox kimi çıxdı yaydan,
Maral cumdu irəliyə.

Yürük çatıb o, Gücərə,
Vurdu, yıxdı onu yerə.
Görən niyə, nəyə görə,
Maral cumdu irəliyə?

Sonra döndü üzü yola,
Ordan qalxdı qarlı yola.
Valayladı sağa-sola,
Maral cumdu irəliyə.


Onlar çıxdı Qobuyerə,
Sıx meşələr dalda qaldı.
"Ovum, qaçma, toxda bir az",
Sıx meşələr dalda qaldı.

Ox döşündə, maral getdi,
Qanın yerdə izi itdi,
Gücər gəlib ovu ötdü,
Sıx meşələr dalda qaldı.

Bir qız çıxdı qabağına,
O, əl atdı yarağına.
Ov yıxıldı ayağına,
Sıx meşələr dalda qaldı.


Qız durmuşdu qaşqabaqlı,
O, gözəldi, acıqlıydı.
Gücər baxdı, gülümsədi,
O, gözəldi, acıqlıydı.

Boyu uca, saçı qırxıq,
Neçə yerdən üzü capıq.
Ayağında lığdan çarıq,
O, gözəldi, acıqlıydı.

Maral hələ tərpənirdi,
Hərdən-birdən çırpınırdı,
Ov ovçuya təpinirdi,
O, gözəldi, acıqlıydı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов