Öz əlinə aldı Odər ölkəni,
Başsız, şahsız qala bilməz bir ölkə.
İşdayağı gözdən uzaq qoymadı,
Başsız, şahsız qala bilməz bir ölkə.

Balasq burdan, Asurlarsa o yandan,
Necə çıxmaq ikibaşlı oyundan.
Uzaq belə qaynatadan, qayından,
Başsız, şahsız qala bilməz bir ölkə.

Odər ata toplumları çoxaltdı,
Mindiyarın başrağını ucaltdı.
Dərin-dərin yaraları sağaltdı,
Başsız, şahsız qala bilməz bir ölkə.


Odər dedi, İyid oğlum İşdayaq,
Bu ölkədə şahdan sonra Odərdir.
Məni gərək eşidəsən hər işdə,
Bu ölkədə şahdan sonra Odərdir.

Hələ gəncsən, atan düşüb yatağa,
Onu sağalt, qaldır, dursun ayağa.
Sən indidən bağlan böyük ocağa,
Bu ölkədə şahdan sonra Odərdir.

Minel üçün tutaq yeri ocaqdır,
Yerdə, göydə Mindiyara dayaqdır.
O, düşmənə ən kəsərli yaraqdır,
Bu ölkədə şahdan sonra Odərdir.


Bu yaranış, bu dolanış dərindir,
Hər bir işdə sən tanrıya arxalan.
Şah olsan da, olmasan da iyidim,
Hər bir işdə sən tanrıya arxalan.

Ocaq bizim inanışın köküdür,
Pis yaxşıya, yaxşı pisə çəkidir.
Od tanrısı, Su tanrısı ikidir,
Hər bir işdə sən tanrıya arxalan.

Böyü, oğlum, şah yerinə yetiş sən,
Sev Mineli, öz soyuna bitiş sən.
Dili öyrən el-obaya qatış sən,
Hər bir işdən sən tanrıya arxalan.


Yeniyetmə yaşındaydı İşdayaq,
Gözəlliyə vurğun olur bu yaşlı.
Ovda ovu, at çapmağı sevirdi,
Gözəlliyə vurğun olur bu yaşlı.

Qılınc, toppuz, bizuc ondan uzaqdı,
Sevdikləri dəniz, meşə, bulaqdı,
Hər gün yeni bir oylağa qonaqdı,
Gözəlliyə vurğun olur bu yaşlı.

Yaşı daha yetişmişdi on birə,
Uyuşmurdu, sığışmırdı bir yerə,
Bağlanmışdı uşaqlıqdan görgörə,
Gözəlliyə vurğun olur bu yaşlı.


Sevməyirdi Uranusu, Qeysəri,
Kim istəyər qan-qan deyən qancılı.
Anasıydı bircə onu göynədən,
Kim istəyər qan-qan deyən qancılı.

Kövrəlirdi atasına baxanda,
Zarıltısı dörd bir yanı yaxanda.
Üzüntülər ürəyini sıxanda,
Kim istəyər qan-qan deyən qancılı.

Ancaq tez də unudurdu bunları,
Döyüşlərdə çay-çay axan qanları,
Göz yaşıyla suvarılan anları,
Kim istəyər qan-qan deyən qancılı.


İlk döyüşü asurlarla başladı,
Alınlara döyüş qanla yazılır,
Balasq dilli bir ərənlə vuruşdu,
Alınlara döyüş qanla yazılır.

Öncə özü yaralandı dizindən,
Ağrı dolu alov qalxdı gözündən,
Dözüm gəzdi, dözüm tapdı özündə,
Alınlara döyüş qanla yazılır.

Sonra vurub yıxdı onu bizucla.
Bir də vurdu, iki böldü qılıncla,
İçdi onun al qanını ovucla
Alınlara döyüş qanla yazılır.


Qan içənin gərək qanın içəsən,
İşdayağın adı qaldı Üçdamar.
On üç yaşdan qızıl qana susadı,
İşdayağın adı qaldı Üçdamar.

Balasq, Minel, ərəb asur qanında,
Seçilirdi elbirləri yanında,
Boz qurd başı papağının altında,
İşdiyağın adı qaldı Üçdamar.

Yavaş-yavaş gözəlliyi unutdu.
Kobudlaşdı, qancıllığa yön atdı,
Hər bir sözdə ürəkləri qanatdı,
İşdayağın adı qaldı Üçdamar.


Qeysər bir gün atasına söylədi:
– Qurd atadan törəyənlər qurd olar.
İçimizi yaxşı bilir İşdayaq,
Qurd atadan törəyənlər qurd olar.

Onu gərək biz aradan götürək,
Şah olmazdan ilim-ilim itirək,
Ya da qapıb gizli bura gətirək,
Qurd atadan törəyənlər qurd olar.

Bacıoğlu bizə böyük qorxudur,
Bizi lapdan çala bilən qırğıdır.
Bu qurdun da ölüm yolu ağıdır,
Qurd atadan törəyənlər qurd olar.


Üç ox ucu suvarıldı ağıda,
Qorxaq vurur iyid əri arxadan,
Bir döyüşdə Qeysər onu oxladı,
Qorxaq vurar iyidləri arxadan.

Yaralandı, düşdü o da yatağa,
Onun ilə görüş oldu qadağa,
Çox çəkmədi bir gün durdu ayağa,
Qorxaq vurar iyidləri arxadan.

Qan damarı bələşmişdi ağıya,
Ox yarası alınmışdı sarğıya,
Tez-tez dönüb o baxırdı arxaya,
Qorxaq vurur iyidləri arxadan.


Odər dedi,-Oğlum, tapın tanrıya,
Tanrı bizi pisliklərdən qurtarır.
Dedi, tanrım, İşdayağı qoru sən,
Tanrı bizi pisliklərdən qurtarır.

Getdi on il ocaqlarda oturdu,
Biliyini, işığını artırdı,
Gecə-gündüz o ocaqda yatırdı,
Tanrı bizi pisliklərdən qurtarır.

Bu on ildə Odər ata baş oldu,
Soyuqluqda üzü, gözü daş oldu,
Başraqları qızıl qandan yaş oldu,
Tanrı bizi pisliklərdən qurtarır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов