İlk döyüşdə Sanna, Balaşq çökürlər,
Güc atdadır, tanrıdadır, yaraqda.
Şimşəkquyruq şaha qalxır, kişnəyir,
Güc atdadır, tanrıdadır, yaraqda.

İlk döyüşdə qan qan üstə tökülür,
Sanna, Balaşq Sak dağına çəkilir,
Parsdiyarda Yerincevi sökülür,
Güc atdadır, tanrıdadır, yaraqda.

Bu güc, bu at, bu basarlıq haradan,
Qız toplumu, çuqçu çıxır sıradan,
Parsdiyara nə güc verib yaradan,
Güc atdadır, tanrıdadır, yaraqda.

Daryaş ilə qarşılaşır Eldəbir,
İlk vuruşda kürəyindən ox dəyir,
Yaraqlılar dənlənirlər birbəbir,
Güc atdadır, tanrıdadır, yaraqda.

Söyləyirlər bunu ana yerincə,
O,işləri belə gilinc görüncə,
Gizli çıxır yola üç gün,üç gecə,
Güc atdadır, tanrıdadır, yaraqda.

Yerinc on gün düşmür yorğun atından,
Gəzir onu göyün yeddi qatında,
Tapır onu Sak dağının altında,
Güc atdadır, tanrıdadır, yaraqda.

Görür Daryaş “Sanna” deyib,dayanıb,
Qıza qarşı onda sevgi oyanıb,
Ana yerinc üzdən-gözdən yayınıb,
Qanlı gözü sanki qanda yuyunub,
Güc atdadır, tanrıdadır, yaraqda.

Daryaş qıza öz-özünü öyəndə,
“Sanna” deyib öz döşünə döyəndə,
Kürəyinə cüt qoşa ox dəyəndə,
O yıxılır “Sanna” “Sanna” deyəndə,
Atı yerə ayağını döyəndə,
Güc atdadır, tanrıdadır, yaraqda.

Dəmirqızla yaraqlılar yürüşdə,
Balasqelden gəlmələr də döyüşdə,
Daryaş çökür gözlənilməz görüşdən,
Göz bərələ qalıb sanki bu işdən,
Güc atdadır, tanrıdadır, yaraqda.

Ancaq bu an külək qalxır kəsərli,
Gəlir Alpis, gözü qanlı, təpərli,
Yürüşdədir dördatlı,dördtəkərli,
Qar ələyir, sazaq tökür yetərli,
Dəmirqızı itələyir təkəlli,
Güc atdadır, tanrıdadır, yaraqda.


Bunlar bir göz qırpımında baş verir,
Olay yeydir gözlənilməz olanda.
Alpis yıxır Dəmirqızı, alayı,
Olay yeydir gözlənilməz olanda.

Alpis küsüb sanki böyük tanrıdan,
O qıvrılır, pöştələnir ağrıdan,
O bağlanıb Daryaş yönə doğrudan,
Olay yeydir gözlənilməz olanda.

Enir göydən şaxta, külək, qar, sazaq,
Udur şaxta yaralını busaraq,
Gələnləri o dondurur bu sayaq,
Olay yeydir gözlənilməz olanda.

Tək Dəmirqız, Balaşq, Sanna sağ qalır,
Daryaş atın quyruğundan güc alır,
Acığından düşüncəsi qaralır,
Olay yeydir gözlənilməz olanda.

Sanna deyir: – Yığaq çubuq, ot, alaq,
Daşı daşa sürtüb ondan od alaq,
Bu şaxtadan, bu sazaqdan qorunaq,
Olay yeydır gözlənilməz olanda.
Alpis gedir, ötür şaxta, qar, sazaq,
Axır yenə neçə-neçə çay, bulaq,
Daryaş döyüş görməmişdi bu sayaq,
Yaralıdır, çapır atı qaçaraq,
Olay yeydir gözlənilməz olanda.

Tunqər gəlir, durur vuruş önündə,
Sak dağına çatır bu yay günündə,
Tunc toxunma geyimi var əynində,
Olay yeydir gözlənilməz olanda.

Deyir: – Alpis burda olub deyəsən,
Solub burda meşə,otlaq,çöl,çəmən,
Bu döyüşə gecikmişəm mən deyən,
Olay yeydir gözlənilməz olanda.


Yürüş etdi Parsdiyara Alp Tunqər,
Hər döyüşdə neçə qanlı ölüm var.
Dörd öğlu da at səyirdir yanında.
Hər döyüşdə neçə qanlı ölüm var.

Alan,Sayan, Qaplan, Çatan ayıqdır,
Döyüşlərdə, yürüşlərdə sayıqdır,
Hər bir sözə, hər baxışa duyuqdur,
Hər döyüşdə neçə qanlı ölüm var.

Parsdiyara axşam üstü çatırlar,
Sıralanır yaşıl boya çadırlar,
Gənc oğullar baş qoyaraq yatırlar,
Hər döyüşdə neçə qanlı ölüm var.

Gecə ikən Tunqər çıxır yürüşə,
O başlayır Daryaş ilə döyüşə,
Daryaş yoxdur, gedib ellə görüşə,
Hər döyüşdə neçə qanlı ölüm var.

Axtarırlar, tapmayırlar Daryaşı,
Tunqər bunca hamı ilə dalaşır,
O danlayır Sanna, Çuqçu, Balaşqı,
Hər döyüşdə neçə qanlı ölüm var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви