Sordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.

Yusif də olsan hüsndə, sən məndən incimə,Hər yerdə söylərəm, gözəlim, mən gəda səni!

Məcnun zamanı Leyli görəydi camalını,Eşqindən eylər idi, inan, tez fəna səni.

Təqsirim olmadan məni saldın bəlalara,Mən ruhuma sanırdım, əzizim, qida səni.

Bir kəlmə söz kifayət edər anlayan kəsə,Naəhlə tanrı eyləməsin mübtəla səni.

Fikrə, xəyalə, möhnətə sən salmısan məni,Canan, əhatə eyləməsin bir bəla səni.

Tanrım özü cəza verəcək zülm edənlərə,Könlüm əgər ki, bir qəmə görməz rəva səni.

Yoxdur günah səndə, səni öyrədəndədir,Biganə göstərir hamıya kəcnüma səni.

Hal əhli olsa, Vahid, əgər sevdiyin gözəl,Heç yerdə bivəfa deməz ol məhliqa səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви