Yengisoy söylənci
Ana üç ay şahlıq etdi Başevdə,
Çətin gündə qardaş gərək, güc gərək.
Yengisoyu sağaltmağa girişdi,
Çətin gündə qardaş gərək, güc gərək.
Üç ay çəkdi, şah göz açdı, sağaldı,
Yengisoyun ağrıları çoxaldı.
Şah başevdə yalqız qaldı, tək qaldı,
Çətin gündə qardaş gərək, güc gərək.
Dedi: – Düzər, bunlar gücdə qoşadır,
Bu Yengisoy sağalana oxşamır.
Elə bil ki, ölüb, daha yaşamır,
Çətin gündə qardaş gərək, güc gərək.
Bunu deyib Nənso bərkdən çığırdı,
Bölgəmici Yengisoyu çağırdı.
Gah ağladı, gah qışqırıb bağırdı,
Çətin gündə qardaş gərək, güc gərək.
Dedi: – Düzər, oğlum onsuz qalanmaz,
Bu Uruyer Yengisoysuz qalanmaz.
Günlərimiz onsuz-bunsuz dolanmaz,
Çətin gündə qardaş gərək, güc gərək.
Bir gün oğlum dedi: – Ana, gəlmişəm,
Yuxumu yoz, ağır yuxu görmüşəm.
Görmüşəm ki, məni çəkir dağ, meşə,
Çətin gündə qardaş gərək, güc gərək.
Dedim: – Oğlum, sən hər yerdə basarsan,
Basarları çox da sevmir tanrılar.
Tanrılaşdın Uruyerdə Tanrıtək,
Basarları çox da sevmir tanrılar.
Mənim oğlum yarıtanrı oğuldur,
Qılıncıyla çox toplumlar dağıldı.
El-obalar dörd yanına yığıldı,
Basarları çox da sevmir tanrılar.
Tanrı qızı İştar ona vuruldu,
"Sevgi" deyib, "gəl" deməkdən yoruldu.
Oğlum isə ondan qaçdı, ayrıldı,
Basarları çox da sevmir tanrılar.
Oğlum deyib: – Sən gəzərgi, ötərgi,
Gərək deyil İştar mənə bu sevgi.
Minik verməz əgriyüyən üzəngi,
Basarları çox da sevmir tanrılar.
İştar yanıb bu sözlərdən qovrulub,
Sınıq düşüb, könlü, gözü daralıb.
Tüstüləşib, göy üzünə sovrulub,
Basarları çox da sevmir tanrılar.
Atasına olanları danışıb,
Yalvararaq ətəyindən yapışıb,
Ata Tanrı bu işlərə qarışıb,
Basarları çox da sevmir tanrılar.
Bunlar çatıb ana tanrı Anuya,
Ana tanrı öncə düşüb qorxuya.
Sonra girib bir qorxulu qurğuya,
Basarları çox da sevməz tanrılar.
O, acıqdan dəli kimi bağırıb,
"Yardım" deyib tanrıları çağırıb.
Boz palçıqdan bir "Yengisoy" yoğurub,
Basarları çox da sevmir tanrılar.
Bunu deyib öncə ata tanrıya,
Sonra atıb o palçığı, Uruya,
Bunca göydə Tanrıları qoruya,
Basarları çox da sevmir tanrılar.
Düzər balam, sən də mənim bir oğlum,
Qadın öcü ağır olur yamanca.
Bu öc böyük qan-qadalar yaradır,
Qadın öcü ağır olur yamanca.
Mənim balam bu öcü də addadı,
Çox əlləri, çox dizləri qatdadı.
İştar-Antu acığını oddadı,
Qadın öcu ağır olur yamanca.
Sonra necə… Oğlum belə danışdı,
Dedi, palçıq yerdə aytək sayrışdı.
Adam olub çöllüklərə qarışdı,
Qadın öcü ağır olur yamanca.
Yarıtanrı, yarı tüklü Yengisoy,
Yarıtanrı göyün, yerin oğludur.
Yırtıcılar Yengisoya baş əyir,
Yarıtanrı yerin, göyün oğludur.
Qayaların yarıqları oyması,
Dağlar, daşlar onun isti daxması.
Qan ayqıran yırtıcılar doğması,
Yarıtanrı yerin, göyün oğludur.
Dağı, daşı, suyu, otu qoruyur,
Hamı olub hamılığa yarıyır.
Dilsizlərin yarasını sarıyır,
Yarıtanrı yerin, göyün oğludur.
Qorxu salır Uruyerə Yengisoy,
Qorxaq var ki, qorxur gələn qorxudan.
Gəlib ondan hərə bir söz danışır,
Qorxaq var ki, qorxur gələn qorxudan.
Dağ-daş, yer, göy Yengisoydan asılı,
Onu görən naxırçılar sarsılır.
Mal-qaraya, yan-yörəyə qısılır,
Qorxaq var ki, qorxur gələn qorxudan,
Bir naxırçı atasına danışır,
O, qurd minir, yırtıcıyla çarpışır.
İri-iri qaplanlarla qapışır,
Qorxaq var ki, qorxur gələn qorxudan.
Ovçuların çələsini qırır o,
Dilli, dilsiz yaranışdır, toxunma.
İlxıları at-at minib çapır o,
Dilli, dilsiz yaranışdır, toxunma.
Qoymur budaq, ağac, kol-kos sındırım,
Ağac kəsim, bir od-ocaq qalayım.
O, bir dağdır, bir qayadır, sıldırım,
Dilli-dilsiz yaranışdır, toxunma.
Ata dedi: – Get Uruya bu gecə,
Bölgəmici soruş, onu görüncə,
Söylə: Necə günün düşüb gilincə,
Dilli, dilsiz yaranışdır, toxunma.
Bölgəmicə ağız-ağız çatdı bu,
Yaxşı olar, aldadasan güclünü.
Aldat, - dedi, - gör bu kimdir, nəçidir,
Yaxşı olar, aldadasan güclünü.
Çağırtdırdı o, yanına Şamxatı,
Onun üzü, baxışları parıltı.
Başa saldı o, gözəli dilaltı,
Yaxşı olar, aldadasan güclünü.
Dedi: – Şamxat, gözəlliyin ötməyib,
Birisi var, ona dad-duz yetməyib.
Bir yol gözəl arxasınca getməyib,
Yaxşı olar, aldadasan güclünü.
Dedi: – Aldat, onu gətir Uruya,
Sən gözəlsən, ürək çəkir gözəllik.
Səni görcək o, vurulub sınacaq,
Sən gözəlsən, ürək çəkir gözəllik.
Ancaq çalış qoru ondan özünü,
Bir üzün var, sən beş elə üzünü.
Bu gözlərlə aldadarsan yüzünü,
Sən gözəlsən, ürək çəkir gözəllik.
Şamxat güldü, yola düşdü çöllərə,
Çöllər bütün bürünmüşdü güllərə.
Əl elədi, dağa gedən yellərə,
Sən gözəlsən, ürək çəkir gözəllik.
Şamxat yaman qılıqlıydı, çəkimli,
Qılıq çəkər öz qoynuna daşı da.
Yengisoyun gözlərinə göründü,
Qılıq çəkər öz qoynuna daşı da.
Öncə qorxdu Yengisoydan, yıxıldı,
Ağ gövdəsi, daş ürəyi sıxıldı.
Onu görüb ərən yandı, yaxıldı,
Qılıq çəkər öz qoynuna daşı da.
O, yaxına gəldi, gördü qol-qıçı,
Ağca döşü, ağca boynu, ağ qucu.
Bir də gördü göz süzülüb, iç uçub,
Qılıq çəkər öz qoynuna daşı da.
Ata deyib: Çox inanma qılığa,
Səni pozan yaltaqlıqdır, qılıqdır.
Dörd yanında neçə-neçə qılıq var,
Səni pozan yaltaqlıqdır, qılıqdır.
Qadınların qılığı var, ötürmə,
Kişilərin qılığını götürmə.
Qılıqları yurd-yuvana gətirmə,
Səni pozan yaltaqlıqdır, qılıqdır.
Qılıq çoxdur, yağlı, quru, yalıncaq,
Qoyma gəlsin addım-addım dalınca.
Qov, sənlə baş qoymasın balınca,
Səni pozan yaltaqlıqdır, qılıqdır.
Bir gün Şamxat Yengisoya söylədi,
– Bizi yuntək yumuşaldan sevgidir.
Sən uzaqlaş daha qurddan, qaplandan,
Bizi yuntək yumuşaldan sevgidir.
Nə görübsən bu meşədə, dağ-daşda,
Uzaq gəzmə sevgilidən, qardaşdan.
Uruyerə yola düşək o başdan,
Bizi yuntək yumuşaldan sevgidir.
Bölgəmicdir Uruyerin yiyəsi,
O ərəndir yer üzünün zirvəsi.
O, kölədir, el də onun köləsi,
Bizi yuntək yumuşaldan sevgidir.
Yengisoya acıq gəldi bu sözlər,
Başbilənə başbilənlər baş əyməz.
Qoyub getdi o Şamxatı düzəndə,
Başbilənə başbilənlər baş əyməz.
Gördü onun ayaqları tutulub,
Elə bil ki, saçı, tükü ütülüb.
Qurdlar yoxdur, unudulub, atılıb,
Başbilənə başbilənlər əyilməz.
Üz döndərib hamı ondan, bilmədi,
Çox çağırdı dilsizləri, gəlmədi.
Şamxat ona güldü, osa gülmədi,
Başbilənə başbilənlər əyilməz.
O, qayıtdı baş əyərək Şamxata,
Pis günə də qoyar sevgi sevəni.
Dedi: – Məni atma, gözəl sevgilim,
Pis günə də qoyar sevgi sevəni.
Dedi: – Məni Uruyerə apar sən,
Gedim orda Bölgəmici görüm mən.
Gəlim bir az mən özümə yenidən,
Pis günə də qoyar sevgi sevəni.
– Sənə görə - dedi - düşüb hay-haray,
Üz döndərib məndən ilxı, mal-qara.
Çəkiliblər zirvələrə, dağlara,
Pis günə də qoyar sevgi sevəni.
– Yalvarıram, məni apar özünlə,
Söz verirəm, mən çıxmaram sözündən.
Mən taparam öz gücümü dözümdə,
Pis günə də qoyar sevgi sevəni.
– Uruyerdə çox-çox gözəl qadın var,
Məndən dadlı, məndən ağdır o qızlar.
Görüb məni atacaqsan, a sonqar,
Pis günə də qoyar sevgi sevəni.
– Səndən özgə olmayacaq Şamxatım,
Sənsiz yoxdur mənim qolum-qanadım.
– Yoxdur sənin nə geyimin, nə atın,
Pis günə də qoyar sevgi sevəni.
Qurd dərisi, bir də ki at tapdılar,
İç də, çöl də dəyişilir geyimlə.
Geyindilər Uruyerə çapdılar,
İç də, çöl də dəyişilir geyimlə.
Yengisoyu görən qorxdu, diksindi,
Elə bil ki, yuxudaydı, səksəndi.
Gözü iti, görünüşü kəskindi,
İç də, çöl də dəyişilir geyimlə.
Sanki qovaq ağacıydı Yengisoy,
Enlikürək, tüklüboyun, ucaboy.
Qol-qıçının çəkimləri oymatov,
İç də, çöl də dəyişilir geyimlə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-yengisoy-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение