Güzgü göl əfsanəsi
Страница 5 из 10 · 40%
Çaqqal və Maral!
Çox qəribə və gülməli görünsə də belə idi!
Heqiqət hər necə acı olsa da, Maral xanım adət edib alqışladığı, tərifin doğurduğu məstedici nəşədən əl çəkə bilmirdi.
Maral xanım ağır addımla yırğalana-yırğalana, həm də küskünlüyün doğurub gətirdiyi gözəllik içində nazlana-nazlana gedə-gedə axır ki, Maral gölə yetişdi. Üzü danlanan, iztirab keçirə-keçirə küskünləşən Maral xanım gölə baxdı. Köşək gözlərindən gilə-gilə gələn yanıqlı göz yaşlarına xeyli tamaşa etdi. Maral xanım öz-özünə ağladı-ağladı, bəsdi deyincə ağladı!.. Birdən də özünü götürüb bu dərin gölə atdı: – Qoy boğulum, qoy canım çıxsın, biryolluq ölüm qurtaram. Ta bu xəbərçi Qəcələnin əlindən xilas olum! – dedi. Ancaq Maral xanım özünü bu göldə boğmaq, canını çıxarmaq istəmədi, ötərgi hisslərindən tezcə qurtarıb qol-qılça çala-çala, ağaran qılça-paçasına gözəl köksünə, dairəvi göbəyinə baxa-baxa süzdü, başını döndərə-döndərə hərləndi. Maral göldə Maral gözəlliyinin ayrıca büsatını tapdı. Baxdıqca Maral Marala qarışıb Güzgü gölün Maral xanımını müşayiət edirdi. Dalğalarda Maral, ləpələrdə Maral, Maral gölün hər yerində Maral!.. Bir də yox, bəlkə də yüz Maral! Maral xanım üzdükcə marallar onu müşayiət edirdi. Maral xanımın özü-özünə, öz əkslərindən, surətlərindən qatqat artıq gözəl görünürdü. Maral xanım Güzgü göldə bir maral görürdü, özü də olduğu kimi görürdü. Ancaq burada Maral göldə üzən zaman özünün dalğalandırdığı dalğalarda onun böyrüncə, ardınca, yan-yörəsində sayı-hesabı bir-birinə qarışan nə qədər də Maral görünürdü!.. Maralın köşək gözləri öz gözəlliyinin yeni-yeni əlamətlərini tapmış kimi hərisliklə işıldayırdı. Kimə, nəyə, hər necə gülməli, ya ağlamalı görünsə də Maral xanım indi ancaq bir tək öz məddahı Çaqqalı görmək, bir qıraqda dayanıb boylanan Çaqqalın qara burnuna baxmaq, onu özünə tərəf səsləmək, onu da özü ilə üzdürmək istəyirdi.
O, Çaqqalın mədhlərini, qoşmalarını və qəsidələrini eşidə-eşidə öz qılça-paçasına Çaqqalın gözü ilə, həsrəti ilə baxa-baxa, özü də bu dalğaları daha da Maralla doldura-doldura, maralların müşayiəti ilə üzürdü, üzdükcə gözəllik üstünə gözəllik gəldiyini yəqin edə-edə, özü öz misilsizliyinə inana-inana üzürdü!..
Qarğıya dönən Qəcələ tərəfindən ağır cəza alan, sağ gözü çıxarılıb bir tək sol gözünə möhtac qoyulan cənab Çaqqal getdikcə kinlənir, Qəcələyə qarşı qeyzlə dolurdu. Cənab Çaqqal istəyirdi ki, Tülkü dayısı kimi fəndgirliklə marıqda dursun, xəbərçi Qəcələnin dolaşdığı, tez-tez eşələndiyi Qara gölün, ya Zəli gölün yanında bir kolun içində gizlənsin, Qəcərə eşələnən zaman yerindən sıçrasın, qəflətən Qəcələni qapıb qənimini başlı-gözlü içəriyə ötürsün. Öz yanan ürəyini soyutsun, çıxarılan sağ gözünün hayıfını beləcə alsın. Dönüb Maral xanımın yanında özünü dartıb desin ki, mən necə yırtıcıyam, necə leşileş üstünə tullayan bir canavaram, yalquzağam!
Sağ gözü çıxarılan Çaqqal qızışa-qızışa danışandan, hirsini soyudandan sonra iki canlı məxluq onun tək gözünün qabağında qoşa dayanırdı. Birisi dayısı şələ quyruq tülkü!.. O birisi də öz qulaqlarını cütləyən, şıqqıltı, hənirti eşidincə irəliyə cuman, qaynar qandan qorxmayan, qabağına düşəni boğan, söküb-dağıdan leşi-leş üstə tullayan həmin-həmin yalquzaq Canavar!.. İndi bu taygöz cənab hansını özünə
mürşüd seçsin? O hansının müridi olsun?.. Tülkününmü?.. Canavarınmı? Çaqqal sağ gözündən axan al-qanı sol əli ilə silə-silə bu qərara gəldi ki, bəs ona daha yaxın olan, onun ürəyindən xəbər verən tülkü dayısının yolu, yəni kələyi, hiyləgərliyi birinci növbədə daha artıq gərəkdir! Ancaq yalquzaq canavar cəsarəti, fürsəti fövtə verməmək məharəti, onun hər hansı xapa-xaplığı hopa-hopluğu məqamı çatanda ola bilər! Buna görə də taygöz Çaqqal ilkin tülküləşib yazıqlaşmağı, bacardıqca daha məzlumlaşmağı qərara aldı. Çaqqal üçün tülkülüklə öz canavarlaşan sifətini də, dişini də gizləmək, öz quyruğunu tülkü quyruğu kimi şələləşdirib toz-tozanaq qaldırmaq, açıq ayıq gözlərə kül üfürmək gərək idi! Yoxsa Çaqqal sol gözünü də qurban verməli, yazıq, miskin hala düşməli idi. Çaqqal kor olduğu üçün də uçurumdan düşməli, nəticədə bu acıdil, xəbərçi Qəcələyə qismət olmalı idi. Vəziyyətin gərginliyini, ciddiliyini öz tay gözünün qabağına gətirən Çaqqal, Güzgü gölün yuxarısında yaşıl mamırlı daşın arasına girib, ufuldamağa, sol gözü ilə sağ gözünün dərdinə ağlamağa başladı. Elə bu zaman da Maral gölündə gərəyincə yuyunan, öz istəyincə daranıb düzələn, bahar günəşi altında qurulanan, daha da artıq gözəlləşən, əyri-üyrü cığırla dırmanıb yuxarı qalxan Maral xanım gərdənini çəkə-çəkə Güzgü gölə yetişdi. O, Güzgü gölün müqabilində həvəslə dayandı, qıyqacı nəzərlə özü-özünə tamaşa etməyə başladı. Maral xanım Maral göldən gözəllik götürüb, gözəllik üstünə yenə də gözəllik gətirdiyinə inandı. Ancaq bunu təsdiq və tərif edən hanı? Qəcələmi?! Yox, xəbərçilik edən, Göy gölün də, vələs-ulası da, az qala bütün dağı-daşı da Maral xanımın üstünə qaldıran, onu dilə-dişə salan Qəçələdən düşmənçilikdən başqa nə gözləmək olardı?
Əgər belə deyildisə, bəs düşmən nə təhər olardı? Düşmənin başında buynuz bitməz, çığıra-çığıra car çəkməz ki, mən sənin barışmaz düşməninəm, nizə buynuzlarımla sənin qarnını dağıdıb axırını da itirəcəyəm!.. Yox, düşmən elə acıdil Qəcələ kimi ürəyi qurdludur ki, Maral xanımın gözəlliyini dansın, onun paxıllığını çəksin, özünə dəxli olmayan işə qarışsın, bir xəlvətdə bu Çaqqala Maral xanımın öz göbəyini yalatdığını aləmə açsın, bu nazəndəni beləcə rüsvayi-cahan etsin?! Yox, bu xəbərçi Qəcələ dünyanın birinci xəbərçisidir, xəbərçi özü də şeytandır, şuğuldur, niyə də gərək Maral xanım sarı yağ kimi canına yayılan mədhlərdən, təriflərdən, qəsidə-qoşmalardan özünü məhrum etsin?! Bir gözəlliyin ki, qədri-qiyməti bilinmədi, daha o gözəllik nəyə gərəkdir?.. Axı heç də mətləb gözəlin yeyib-yatmağında deyildir, mətləb gözəlin dopdolu qiymətinin sözlə səxavətlə verilməyindədir. Güzgü göl Maral xanımı Maral göldə üzəndən, çiməndən, üzəçimə öz qılça-paçasına tamaşa edəndən sonra artan, üst-üstə gələn gözəlliyini öz parlaq aynasında göstərir. Maral xanım öz gözəlləşən surətini, qaş-gözünü, oxa dönən kirpiklərini, əl-ayağını, hər yerini, hər yanını qıyqacı süzür, bu Maral xanım tərpəndikcə o Maral xanımı da tərpədir, hətta birdən Maral xanımın gözündə Güzgü göl üstündə köşək gözlərini gəzdirə-gəzdirə gəzdirə, sonra da üzüyuxarı ağ sinəli Kəpəzə doğru gərdənini çəkdi... Öz tülkülüyü ilə Maral xanımın necə intizar içində boylandığını, necə olmazın iztirab keçirdiyini, məhz onu, cənab Çaqqalı axtardığını bilincə bu taygöz sürünə-sürünə üzüaşağı endi. Maral heyrət etdi:
– Sənə nə sədəmə toxunubdur, əzizim Çaqqal?
– Qana düşmüşəm, Maral!
– Necə qana? Söylə!
– Sənin yolunda sağ gözümü itirmişəm!
– Necə, mənim yolumda sağ gözümü itirmisən, əzizim?
Maral xanım diqqətlə onun çanaqlama çıxarılan sağ gözünə baxdı.
– Bəlkə mənim ardımca Maral gölə gələn zaman öz gözünü bir tikana, ya bir qələməyə ilişdirmisən?
– Yox, amansız bir hərami yolumu kəsibdir!
– Yəni bu diyara oxlu bir ovçu da gəlibdir?
– Oxlu-kamanlı ovçu belə bir həramidən, haramzadədən min pay ədalətli olardı!
– Bəs onda sənə nə bədbəxtlik üz veribdir, əzizim?
– Sizin qəddar düşməniniz Qəcələ sizin fədakar dostunuzun yolunu kəsibdir.
– Sən nə danışırsan, mənim əzizim? Qəcələdə belə qırğılıq, belə çalağanlıq?
– İndi Qəcələnin qırğıdan da yaman qılıncı qında durmur!
– Nəyə görə Qəcələ belə qudurubdur, niyə qılıncın qəbzəsindən belə zalimana yapışıbdır?
– Mənim sizə olan intəhasız eşqimə görə, xanım!
– Xəbərçi Qəcələ, qılıncı qında durmayan haramzadə öz xəbərçi, acıdan-acı dilini işə salıb, Göy göl diyarına yayıbdır ki, bəs sarı-sısqa Çaqqal bu diyarın Maral xanımının müşk-ənbər ətri verən dairə göbəyini yalam-yalam edibdir!
– Qoy heç zaman gizlin qalmasın ki, mən Maral xanıma necə müştağam, necə aşiqəm, necə məftunam, necə məcnunam!
– Buna indi daha artıq inandım, Çaqqal!
– Demək, Maral xanım öz məcnununun necə aşiqi-sadiq olduğunu ürəkdən təsdiq edir?
– Bəli, tamamən ürəkdən, özü də tərəddüdsüz təsdiq edirəm, Çaqqal!
– İlahi, mən nə qədər xoşbəxtəm, – deyə Çaqqal Tülkü dayısının məharəti ilə hər iki əlini göyə doğru qaldırdı, çıxarılan sağ gözündən qanlı yaş tökdü. – İlahi, sən özün şahid ol ki, mən aşiqi-sadiq Maral xanımın yolunda nəinki salamat qalan sol gözümü də, əzab-əziyyətdən, eşq-məhəbbətdən üzülən bircə canımı da qurban verməyə hazıram!..
Qollu-qanadlı vələsin mamırlı haçasında gizlənən, ümumən bu ara-bərədə xəlvətcə-xəlvətcə dolanan, bu budaqdan o budaca ehmallıca uçan Qəcələ bacardıqca heç nəyi gözdən qaçırmır, taygöz Çaqqala Maral xanımın bütün münasibətlərinə göz qoyurdu.
– Çaqqal, niyə yalamırsan gözəlləşən müşkümü?
– Maral xanım, hələ ki, ibadətlə məşğulam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-guzgu-gol-efsanesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Məhtaban 14Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban 15Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Məhtaban 16Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.
Стихи других поэтов
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.