Üfüqlərdən günəş qalxır bayrağımtək hər səhər,Yad ellərin səhəri bu səhərimə bənzəməz.Bu dünyada məncə min-min gözəl şəhər yox deyil,Yox, heç biri bu xəzrili şəhərimə bənzəməz.

Hamı bilsin, bu sirri mən çoxlarına açmışam,Şair kimi dövranıma min bir mahnı qoşmuşam.Səfər vaxtı dənizlərdən, ümmanlardan aşmışam,Heç bir dəniz, heç bir ümman Xəzərimə bənzəməz.

Sevgilimi o sahildə mən görmədim bu ay da,Deməyin ki, sənin acı fəryadından nə fayda.Yarı canım bu taydadır, yarı canım o tayda,Yer üzündə heç bir kədər kədərimə bənzəməz.

Süleymanam, bu dərd mənim ürəyimdə yaradır,O sahildə qan qardaşım yaman bəxtiqaradır.Yaxşı ki, mən hələ sağam, qələm yazır, yaradır,Heç bir dəftər mənim sinə dəftərimə bənzəməz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе