Mən atayam, sən – oğul, xalqımın qarşısındaHər bir hərəkətinçün cavab verməliyəm mən.Qoy bayrağın yollarda vicdanın olsun, bala,Namusun, qeyrətinçün cavab verməliyəm mən.

Sevgisiz bu həyatda olmayacaq şöhrətin,Qapıları açıqdır üzünə səadətin.Hüzurunda bu xoşbəxt, alnıaçıq millətinSənin səadətinçün cavab verməliyəm mən.

Ömrünün gözəl keçən vaxtını zəhmətdə gör,Şöhrətinin ucalıq taxtını zəhmətdə gör.Fəhlə ol, ya alim ol, baxtını zəhmətdə gör.Şərəfli zəhmətinçün cavab verməliyəm mən.

Yaxına baxmalısan, uzağa baxmalısan,Başın üstə yellənən bayrağa baxmalısan,Ellərin yandırdığı çırağa baxmalısan;Əzminçün, cürətinçün cavab verməliyəm mən.

Uzun yollar keçmişəm, yaxşı qulaq as mənə,Dara düşsən unutma, hayan vətəndir sənə.Canımdan çox sevdiyim bu müqəddəs vətənə,Böyük məhəbbətinçün cavab verməliyəm mən.

Sən cavab verməlisən peşənçün, sənətinçün,Bütün dediklərimçün, adınçün, hörmətinçün.Sən cavab verməlisən əbədi qeyrətinçün,Hər şeyçün, şöhrətinçün cavab verməliyəm mən.

Gəl, gənclik illərini vermə küləyə, oğlum,Adına, şöhrətinə gəlməsin ləkə oğlum.Həqiqət dünyamızda səninlə birgə, oğlum.Sənin həqiqətinçün cavab verməliyəm mən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине