Страница 1 из 6

Modalar atelyesi. Qorxmazovun kabineti. Otağın iki qapısı var. Ustalar, işçilər, müştərilər gəlib Qorxmazovu soruşurlar. Otağın koridora pəncərəsi də vardır. Qapıçı Dəmirov Qorxmazovu soruşanları bayıra çıxarır. Qorxmazovun başı üstündə bu şüar yazılmışdır:

“Əyninə paltar zakaz vermə çasni masterə,

Pullarını vozduxa sovurma napras yerə”.

Dəmirov

Yoldaş qırğom, tavariş qırğom, başına dönüm qırğom, qadanı alım qırğom!

Müştərilər

Canım, bizə müdir gərəkdir.

Dəmirov

Anam qırğom, bacım qırğom, bayıra, bayıra...

Dilavər (gəlir)

Hanı bu Qorxmazov?

Dəmirov

İndicə gələr. Müavini Gülara öz otağındadır ki...

Dilavər

Çün arvad tayfasilə alış-verişim yoxdur. (Gedir.)

Müştərilər yenə içəri girmək istəyirlər.

Dəmirov onları bayıra çıxarır.

Dəmirov

Qadanızı alım bayıra, başınıza dönüm bayıra.

Bayramalı (gəlir)

Salam! (Əlində zağarası getmiş yekə bir portfel vardır.)

Dəmirov

Əleykəssalam.

Bayramalı

Qorxmazov gəlib?

Dəmirov

Hələ yox... Aşna bazar günü bostanımıza gedirik? Nəyimiz var bostanda?

Bayramalı

Xiyarımız da var, pomidorumuz da... Ancaq unutma ki, bostanda araq bitmir ha. (Gedir.)

Baş usta (əlində paltar bir neçə adamla içəri girir)

Qorxmazov yoldaş hanı?

Gülara da gəlir.

Gülara

Hanı bu Qorxmazov?

Dəmirov

Gəlməyib, səhərdən aləm onu axtarır.

Gülara

Onu telefonda vacib bir yerdən soruşurdular...

Daha bir neçə müştəri gəlir.

Müştəri

Belə də iş olar... Saat on ikidir. Direktor hələ də yerində deyil.

Dəmirov

Buyurun onun sağ əli Gülara xanımla danışın.

Gülara

Sözünüzü mənə də deyə bilərsiniz, qulaq asıram.

Müştərilər (bir səslə)

Yoldaş direktor, mənim kostyumum, mənim paltom, mənim şlyapam, mənim tumanım...

Gülara (Qorxmazovun stolunun dalında oturur)

Ancaq bir-bir danışın.

Müştəri

Mən keçən il bu vaxt sizin atelye modaya...

Dəmirov (pəncərədən baxaraq)

Aha, odur, Qorxmazov gəlir.

Qorxmazov (içəri girir)

Dəmirov! Sənə min kərəmlə deməmişəm ki, mən olmayanda kabinetimə heç kəsi buraxma? Hanı sənin nizamlı-intizamlı kulturan, hanı?

Dəmirov

Deyirəm qulaq asmırlar.

Qorxmazov

Necə yəni qulaq asmırlar?! Məndən əvvəlki direktorun başına çıxmışdılar, istəyirsiniz indi də mənim başıma çıxsınlar?.. Hamı bayıra... priyomu növbə ilə başlayacağam.

Dəmirov

Qardaşlar, bayıra, bacılar bayıra!..

Hamı bayıra çıxır.

Qorxmazov

Gülara, məgər mən ölmüşəm ki, sən mənim stolumun dalında oturub rəhbərlik eləyirsən?

Gülara

Nə rəhbərlik? Sizinlə vacib işim vardı. Birdən müştərilər başladılar ki...

Qorxmazov

Onları bilmirəm... Amma sən yaman başlamısan. Onu bil ki, adamın iki başı olmadığı kimi, bu idarənin də iki başı yox, bir başı var... O baş da mənəm, mən!

Gülara

Bəs biz nəçiyik?

Qorxmazov

Siz mənim əmrlərimin qulu.

Gülara

Lakin unutmayın ki, yalnız özü ilə məşğul olan bir baş bu işlərin öhdəsindən gələ bilməz.

Qorxmazov

Gələ bilər Gülara, gələ bilər. Bu kərənlik keçdim günahından, ancaq bir də mənim stolumun dalında oturma.

Dəmirov stulda oturur.

Gülara

Çalışıram, yoldaş direktor... (Gedir.)

Qorxmazov

Dəmirov, Marksı ordan mənə ver görüm. (Dəmirov şkafın içindən Marksın bir tomunu ona verir.) Bəzi ağzıgöyçəklər deyirlər ki, mən öz üzərimdə işləmirəm. Böhtançılar, bəs bu nədir? Qoy bu kitab burda, göz qabağında olsun. Qoy bunu tamamlayım, sonra keçəcəyəm yuxarı... (Mürgüləyir.) Düz demirəm adə?

Dəmirov (diksinir)

Ha? Bəli.

Qorxmazov

Adə Dəmirov, yatırsan? Mən sizə kərənlərlə demişəm ki, fizik kulturası eləməmiş işə gəlməyin?

Dəmirov

Demisiniz... ancaq gecə...

Qorxmazov

Bizim kimi adamlarda sağlam bədən, sağlam ailə, sağlam dostbazlıq olmalıdır. Yox, gərək mən özüm sizinlə məşğul olam. Gündə radio deyir ki, məmə yeyəndən, pəpə deyənəcən fizik kulturası eləməlidir. Bunsuz adamın ürəyi, beyni kif atar. Əslinə baxsan mənim ağlımı artıran elə bu fizik kulturasıdır. Evimdəki fizik kulturası dəm-dəsgahını görmüsən? Tez mənim adamlarımı bura çağır.

Dəmirov gedir.

Yox, yox, mən özüm öz işçilərimi nizam-intizama çağırmasam, iş getməz.

Bayramalı, Dilavər, Gülara, Dəmirov, Nadir, dərzilər əllərində paltar, şlyapa içəri girirlər.

Qorxmazov

Sıraya düzül! (Hamı sıraya düzülür. Gülaradan, Nadirdən başqa) Gülara, Nadir, bunun sizə dəxli yoxdur?

Gülara

Bu oyuncaq kimə gərəkdir axı...

Gedirlər, pəncərədən baxıb gülürlər.

Qorxmazov

Yaxşı, yaxşı, mənim adamlarım, sıraya düzül! (Düzülürlər.) Dalımca arş... (Otaqda addımlayırlar.) Sola dön! (Biri sağa, digəri sola dönür.) Sağa dön! (Yenə qarışıq dönürlər.) Afərin! Geriyə dön! Yeni sağlam qüvvə ilə işə başla... Arş marş... (Hamı gedir.) Varam belə kadrlara. (Qorxmazov gəlib yerində oturur və birdən ayağa qalxır, zəngi basır.) Adə, Dəmirov...

Dəmirov (gəlir)

Salaməleyküm! (Əl uzadır.)

Qorxmazov

Çəkil... Belə də şəriət olar? Yox, yox, mən belə şəriətdə sizə rəhbərlik eləyə bilmərəm. Oturanda dev kimi adam dönür cırtdana. Siz allah, bir görün sizdən nə qədər alçağam. Halbuki gərək siz məndən çox-çox alçaq olasınız.

Dəmirov

Elədir ki, var, yoldaş şey, dülgər gəmişdi... lap yadımdan çıxıb... bu dəqiqə... (Şkafdan dörd taxta parçası çıxarır.) Dülgər dedi ki, bunları vurarsınız Qorxmazovun ayaqlarına...

Qorxmazov

Necə? Bir nallanmağım əskikdi! “Beqramotnik”lər.

Dəmirov

Sizin yox ki, stolun ayaqlarına... (Taxta parçalarını stulun ayaqlarına keçirir, stul hündür olur.)

Qorxmazov

Bu başqa məsələ... Buna deyərəm şəriət, ancaq telefonum qoşalaşsaydı daha heç dərdim-zadım olmazdı. Ölmərik bəlkə onu da gördük. Dəmirov, get, Bayramalını çağır... (Dəmirov gedir.) Yaman yoruldum, heç canımın qədrini bilmirəm ki. Bu qədər də işləmək olar? Görək radio nə çalır. Vaxtıdır: (qurur.)

Radio

İndi də musiqini dinləyin.

Qorxmazov

Ver gəlsin.

Radio oxuyur.

Səni qəlbimdə gəzdirib hər an,
Eşqimiz görməsin dedim hicran.
Ala gözlüm mənimkisən bildim,
Sənin eşqinlə ağladım, güldüm.
Gülə bilməz bahar sənsiz,
Ürəyim od tutub yanar sənsiz.
Dönmərəm heç sözümdən ey canan!
Getmə bir an gözümdən ey canan!
Səndən ilham alır mənim könlüm,
Bizi cürət edib ayırmaz ölüm.

Bu zaman Rəhilə qucağında körpə içəri girir.

Qorxmazov (Rəhiləyə)

Ay qız, niyə gəlmisən? İşçilərim səni görmədilər ki?

Rəhilə

Mənim gözlərim körpəmdən başqa heç nə görmür. Artıq mən dözə bilmirəm. Öz körpənə sahib ol.

Qorxmazov

Deyirsən ki, atelye modamın yanında zorba bir detski yasli da açım?!

Rəhilə

Başıma bu oyunu açdığın bəs deyil, bir danışırsan da. Yoxsa bunu danmaq istəyirsən. (Körpəni göstərir.) “Arvadım yoxdur... Ancaq səni sevirəm, subayam... səni alacağam...”

Qorxmazov

Mən səni alacaqdım. Sonra dərindən fikirləşib gördüm ki, yox, əgər mənim kimi namuslu adam ailə pozğunluğu ilə məşğul olsa, onun atasını dalına sarıyarlar. Səhvimi lap vaxtında düzəltdim. Səni alsaydım, onda gərək bax bu stolumdan əl çəkəydim. Bunsuz isə mənə gün-güzəran yoxdur, yox... Başa düşdün?

Rəhilə

Bəli, mən aldandığımı çoxdan başa düşmüşəm. Anam deyir ki, bu uşaq kimindirsə get onun evinə. Deyirəm atası orduya gedib, qayıdar... İnanırlarmı?

Qorxmazov

Ay qız, anana de ki, uşağın atası Allah rəhmətinə gedib.

Rəhilə

Allah ağzından eşitsin.

Qorxmazov

Rəhilə, gəlsənə ustanı çağırım sənin əndamına layiq təzə modni bir paltar tiksin, hə...

Rəhilə

İstəməz.

Qorxmazov

Ay qız... bir ağıla gəl, qoy sənə bir az xərclik verim. (Pul uzadır.)

Rəhilə (pulu qaytarır)

İstəməz! Mən dilənçi deyiləm. (Cibindən konvertləri çıxarıb Qorxmazovun üzünə çırpır.) Al, bu da sənin mənə yazdığın məhəbbət məktubları. Adını dəyişib başqalarına göndərərsən.

Qorxmazov

Mən sədaqətçin.

Rəhilə

Xeyr... Xeyr, sən məhəbbətçin, sədaqətçin yox, fırıldaqçın, avantüra üçün yaranmısan, binamus... (Körpəni stol üstünə qoyur və telefon dəstəyini götürür.) Mən bu saat lazımi yerə zəng vuraram.

Qorxmazov

Vurma, vurma, qoy yerə... Bu səninçin küçə telefonu-zadı deyil... (dəstəyi əlindən alır).

Rəhilə

Mən telefonsuz da sözümü lazımi yerinə çatdıra bilərəm.

Qorxmazov

Xux, qorxdum elə, çatdır görüm necə çatdırırsan.

Rəhilə

Bu dəqiqə... (Yüyürə-yüyürə gedir.)

Qorxmazov

Ay qız, hara? Dayan! (Bərkdən qışqırır və sonra qorxub səsini yavaşıdır. Pəncərədən) Ay qız, Rəhilə... Napras yerə işə düşmədik. Siz anada namusa, vicdana baxın. Əşi, azı üç-dörd dəfə rəsmi arvad alıb-boşamışam, ancaq belə kələyə düşməmişdim, düşdüm. (Gözü uşağa sataşır, diksinir.) Bismillah-ərrəhman-ərrəhim!.. Yoxsa bu dilsiz körpənin də gözü mənim stolumdadır!.. Yaxşı, indi gəlib bunu burda görsələr neylərəm. (Uşağı qucağına alır.) Mən ölüm, məni ifşa eləmə. Özüm ölüm Dünya xanım olmasaydı, səni aparardım evə... (Səs gəlir.) Deyəsən gələn var... (Fikirləşir.) Aha, tapdım, tapdım... hələlik səni yan otağa qoysam necədir?! (Uşağı yan otağa qoyur.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов