Страница 1 из 3

Park şüarlarla bəzənmişdir. Bəzi ağaclardan paltar eskizləri və modelləri asılmışdır. Pərdə açılarkən rəqs edən gənclər səhnədən keçirlər. Qorxmazov alnının tərini silə-silə gəlir. Dilavər, Bayramalı və Dəmirov əl çala-çala onu təqib edirlər.

Qorxmazov

Burda niyə, orda əl çalaydınız da.

Dəmirov

Mən sizə partapart əl çalanda dedilər: xuliqanlıq eləmə.

Qorxmazov

Heç eybi yoxdur, Gülara... Sən məni tribunadan aşağı düşürürsən? Gör bir nə deyir a... Qorxmazov azğındır, qudurğandır, gəldi gedərdir. Səhvin var, Gülara, mən pastayannıyam, pastayannı...

Dilavər

Ölmə, ölmə!..

Qorxmazov

Gör nə deyir a. Qorxmazovun atelya modadan başı çıxmır. Xeyr, Gülara xanım, mənim çox şeydən başım çıxır.

Bayramalı

Adə, niyə durmusunuz, bu gözəl nitqdən sonra gəlin hörmətli rəhbərimizi atıb-tutaq.

Dilavər

Ərşi əlaya, ərşi əlaya.

Dəmirov

Yaşasın aşnamız Qorxmazov, adə vurrey...

Qorxmazovu atıb-tuturlar, onun fəryadına fikir verən olmur.

Qorxmazov

Vay, vay, aman!.. Boğuldum, vay, vay, öldüm!..

Dilavər

Ölmə, ölmə!

Dəmirov

Yaşa, yaşa!

Qorxmazov

Ay zalımlar, doğrudan ölürəm ey...

Bayramalı

Buraxın, birdən ölüb elər, qanı düşər üstümüzə.

Qorxmazovu bihal vəziyyətdə yerə qoydular.

Dəmirov (nəfəsini yoxlayır)

Adə, deyəsən doğrudan öldü axı.

Dilavər

Tez su...

Dəmirov bir ağacın dibindən bağça sulayan süzgəci qapıb Qorxmazovu sulayır. Qorxmazov ayılıb yavaş-yavaş ayağa qalxır.

Qorxmazov

Adə, ağac-zadam ki, məni sulayırsan?

Bayramalı

Bütün bunlar sizə hörmət üçündür.

Qorxmazov

Napras yerə.

Dilavər

Adətdir, yaxşı natiqləri atıb-tutarlar.

Dəmirov (onun paltarını təmizləyir)

Öldürsələr də əyilməyəcəyəm.

Qorxmazov

Dilavər, bir dilin də var danışırsan? Adə, o nə nitq idi yazmışdın, hə?

Dilavər

Çün piş əz vaxt, bərayi məlumat...

Qorxmazov

Sənin məlumatın başına dəysin. Adə, o nə zibil nitq yazmışdın?

Dilavər

Çün, çün...

Qorxmazov

Zəhrimar çün, çor çün. Ağzına gələni yazmısan mənim nitqimə, mən də çıxmışam tribunaya ki, bu saat həriflərə zorumu göstərəcəyəm. Əcəb göstərdim zorumu. Gördüm həriflər məni nə kökə salıb tribunadan aşağı düşürdülər? Barakallah sənə, barakallah!

Dilavər

Çün nadanlar şeri nə qanır.

Qorxmazov

Nadan sənsən ki, məni düşmənlərimin qabağında heçə vurdun. Nitqimi zibilləyən sənin o qəliz, ibarəli şerlərin olmadı məgər? Heç eybi yoxdur, onlarla sabah idarədə danışaram.

Dilavər

Pəh, pəh, ölmə, ölmə!

Qorxmazov

Bunlar keçər gedər, deyin görüm bizim Dünyanı görən olmayıb ki?

Dəmirov

Göz gəzdirmişəm, yoxdur.

Qorxmazov

Düşmənlərimdən birinci yaranı aldım, Dünyadan ikinci yaranı almaq istəmirəm, gedək dostlar, gedək!

Qorxmazov və Bayramalı gedir.

Dəmirov (Dilavəri bir kənara çəkərək qulağına pıçıldayır)

Sən öl düz deyirəm. Ancaq bir sən bil, bir də mən...

Gülüşürlər.

Bayramalı (onlara yaxınlaşır)

Mən ölüm deyin nə olub? Deyin biz də gülək də...

Dəmirov

Bir dəqiqə... (Kənara çəkib onun da qulağına pıçıldayır.) Bir sən bil, bir də mən.

Dilavər

Əcaibdir, əcaib. Çün piş əzvaxt tifil görəsən kimdəndir, kimdən?

Dəmirov

Allah bilir. Amma öz aramızda, çox tez əmələ gəlib, çox...

Dilavər

Tez niyə olur. Biri öz dostundan soruşur ki, evləndiyiniz bir ay olmaz, amma arvad dünyaya bir övlad gətirib, de görək adını nə qoyaq? Dostu gülüb cavab verir: “Bir uşaq ki, 9 ay 9 günlük yolu bir aya sürətlə belə gəlib çıxıb, adını Aynapalan qoysanız məsləhətdir”.

Bayramalı

Nə ağıllı cavabdır...

Nadirlə Gülara göz-gözə gəlirlər.

Dilavər

Cavan nəsli ürəkdən təbrik etmək borcumuzdur! Sonsuz alqış! (Əl çalır.)

Nadir

Təşəkkür. (Eskizlərə, modellərə baxır.)

Dilavər

İxtiranız çox qəribədir, çün məhz məhəbbətin meyvəsi gərək belə də ola. Dost-aşnadan gizlu... pah... pah...

Gülara

Vallah günah Nadirdə deyil, məndədir. Dedik ki, xudmanı olsun.

Bayramalı

Aha... boynunuza alırsınız?

Gülara

Səhvimizi niyə boynumuza almayaq ki?

Dəmirov

Boynunuza almaqda çox ağıllı iş görürsünüz.

Gülara

Yaxşı, bu dəfə maaş alanda bir də bizdə yığışarıq, söz-söhbət qurtarar gedər. Daha orda-burda haqqımızda artıq-əskik söz demərsiniz.

Dəmirov

Mən kişi kimi söz vermişəm. Lalam... sirr dağarcığıyam... hələlik bax üçümüz bilirik. Vay onda ki...

Gülara

Eh, hamı bilsə nə olar ki.

Dilavər

Çün o yaxşı olmaz.

Gülara

Onda xərcimiz bir qədər çox çıxar, onun qorxusu yoxdur.

Dilavər

Deyirəm körpənizin adını Aynapalan qoysaq yaxşıdır.

Nadir

Canım, körpə nədir, ayropalan nədir? Zarafatı buraxın.

Dəmirov

Uşaq tərəfdən xatircəm olun. Mən razı olmaram ki, Gülara xanım əziyyət çəkə. Onun ruhani atalığı mənim boynuma.

Gülara

Sağ olsun əvvəldən gələcək körpəmizə belə can yandıran dostlar!

Dilavər

Var olsun Gülara, var olsun Təyyarə! (Əl çalır.)

Nadir

Bizi utandırmayın, canım!..

Dilavər

Məncə evlənmək, a Nadir, deyil əlbəttə xata,
Qoy təbiət eləsin sizlərə bir qız da əta. (Bayramalıya göz vurur.)

İndi sürətlə olur dəhrdə hər şey hasil
Getməmiş zaksa görürsən ki, olursan bir ata.

Gülara

Dilavər, yenə kimə söz atırsınız, kimin haqqında pıçıldaşırsınız.

Dilavər

Övzayi zəmanədən danışırıq. Gedək dostlar, işlərimiz tökülüb qaldı.

Gedirlər.

Nadir

Onları qonaq çağıracaqsan ki, söz verdin.

Gülara

Bir sözdür dedim də. Əlindəki nədir, Nadir?

Nadir

Şeir kitabçasıdır. (Ona göstərir.)

Gülara

Mən bunu çoxdan axtarırdım.

Nadir

Gözəl şeirlərdi, gəncliyin qəlbinin incə hisslərini tərənnüm edir. Hicrandan, vüsaldan danışır...

Gülara

Görək şair nə deyir:

Gözəlim, gəncliyimi mən sənə qurban etdim,
Sənin hicranını öz dərdimə dərman etdim.
Sevirəm söylədin, axırda vəfasız çıxdın,
Ağladım, lalə kimi bağrımı al qan etdim.
Mərhəmət yox bu gözəllərdə, vəfa yox, deyərək
Gecəni, gündüzü dərya kimi tüğyan etdim.
Sənin uğrunda başım xeyli bəla, dərd çəkdi;
Özüm öz qəlbimi öz eşqimə zindan etdim.
Başqa bir gənclə səni qol-qola gördükdə aman,
Yox bu dünyada vəfa söyləyib, üsyan etdim.

Nadir

Necədir, Gülara, xoşuna gəldimi?

Gülara

Yox.

Nadir

Niyə?

Gülara

Bir qız öz sevgilisinə vəfasızlıq etmişsə, başqa qızların nə günahı?

Nadir

Öz aramızdır, qızlarda günah daha çoxdur. Bir də mübaliğəsiz şer olmaz ki... Məncə şair haqlıdır.

Gülara

Mən bu şairin yerinə olsaydım, vəfasızlıqda qızları yox, oğlanları təqsirləndirərdim.

Nadir

Yox, bu olmadı... Gülara, de görüm, mən heç sənə vəfasız çıxmışammı?

Gülara

Yox... bəs mən necə?

Nadir

Sən də yox. Onu bil ki, ayrılıq cürət edib bizim səmimi eşqimizə yaxın düşə bilməyəcək. Bizim eşqimizin döyünən bir ürəyi var. Onu ikiyə bölsək yaşamaz. Barmağındakı o nişan üzüyünü görürsənmi? O bizim...

Gülara

Üzük cansız bir şeydir, bunsuz da keçinmək olar. Mən sənin qəlbini görürəm.

Nadir

Mən də sənin mənə qarşı məhəbbət dolu, ləkəsiz, pak qəlbini büllur ayna kimi əks etdirən o mənalı, mavi səmavi gözlərini görürəm. Mən o gözlərdə öz bəxtimizi görürəm.

Gülara

Mən də görürəm, Nadir!

Nadir

Gedək, Gülara.

Gedirlər. Dünya mələk qanadlı paltarda gəlir.

Dünya

Bağrım çatladı.

Müqəvvasatan qız

Müqəvva, müqəvva. Püşk ilə, püşk ilə.

Dünya

Ay qız. Çərən-pərən danışma... Torbanı bəri ver görüm. (Müqəvva satan qız qorxa-qorxa torbanı Dünyaya tərəf uzadır. Dünya torbadan nömrə çıxarır.) Tez ol 9 nömrəli müqəvvanı ver bura!

Qız (ona it müqəvvası verir)

Buyurun...

Dünya (müqəvvanı taxır)

Bu da mən. Gəzək görək başımıza nə gəlir. (Skamyada oturub tum çırtlayır. Rəqs edənlər gəlib onun qabağından keçirlər. Orada Dünyanın geydiyi paltarda bir qadın görünür.) Məni qara basır, yoxsa doğrudan belədir? (Qadını saxlayır.) Ay arvad, bir dayan! Bu paltar səninçin hardan?

Qadın

Ərim tikdirib.

Dünya

Qorxmazov?

Qadın

Bıy, Qorxmazov kimdir?

Dünya

Tez ol xoşluqla al boynuna, yoxsa səni rüsvayi-cahan elərəm. De görüm, Qorxmazov hara əkildi?

Qadın

Nə bilim axı... mənim günahım nədir, ay bacı?

Dünya (onun paltarından yapışır)

Günahın bax budur, bu!..

Qadın

Oğurluq ki deyil, atelya modada özüm tikdirmişəm.

Dünya

Özüm. Axır ki, aldın boynuna, özüm... (Bu zaman eyni paltarda bir neçə qadın gəlib keçir. Dünya bu qadını tərk edir.) Mən nələr görürəm... Bir deyil, iki deyil. Əclaf bütün şəhərdəki adamlarına mənim paltarımdan geyindirib... (Oturub əsəbi tum çırtlayır. Birinci pərdədəki milisioner gəlib Dünyanın qabağında dayanır.)

Milisioner

Vətəndaş!.. (Dünya dinmir.) Yoldaş!..

Dünya (ondan üz çevirir)

Eh qadam ağzına elə...

Milisioner

Xanım!..

Dünya

Ədəblə danışa bilməzsən?

Milisioner

Məgər xanım ədəbsizdir?

Dünya

Qoymazlar bir dəqiqə azad nəfəs alaq ki...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов