Страница 1 из 2

Qorxmazovun kabineti. Dəmirov başının altına kiçik bir yastıq qoyub uzanmışdır. Dəmirov əsnəyir, gərnəşir.

Dəmirov (yuxulu)

Nə, danışan kimdir? Cecurnadır! (Hərəkətsiz) (Yenə zəng) Necə, bakalları qaldıraq padxalimlərin sağlığına? Axmaq... Burda padxalim nə gəzir... (Hərəkətsiz).

Yenə zəng vurulur. Fatma gəlib divardakı saata baxır və Dəmirovu silkələyərək zorla ayıldır.

Fatma

A kişi, bəsdir xoruldadın, dur ayağa!

Dəmirov (diksinir)

Necə, prikazım gəldi?

Fatma

Bir qazın yox, iki qazın gəldi... Umsunma, şişərsən, qalx ayağa!

Dəmirov

Arvad, bu dəqiqə yuxuda görürdüm ki, məni Qorxmazovun yerinə itələyiblər. (Stol arxasında oturur.) Bax gör yaraşır, hə?..

Fatma

Eh... cavan ömrümü gör kimlə çürütdüm. Ata, anama nə deyim.

Dəmirov

Yenə şikayət? Məndən artığına gedəcəkdin? Sən bir gör ərin kimin yanında işləyir!

Fatma

Uşaq-uşaq danışma!

Dəmirov

Yaxşı yadıma saldın, uşaq necədir?

Fatma

Nigaran qalma, yaxşıdır. Kürəkənimiz səfərdən gələnə kimi saxlarıq.

Dəmirov

Uşaq deyil, çörək ağacıdır, çörək ağacı... Uşağın əsil atası tapılsaydı daha dərdimiz olmazdı.

Fatma

Allah Qorxmazova ömür versin ki, özgənin uşağına bu qədər can yandırır.

Dəmirov

Hə, hə, görürsən necə kişidir. Sən isə həmişə onun dalınca deyinirsən. (Səbir gətirir, asqırır.)

Fatma

Ürəyimizi bulandırma... Üz-gözündən kifirlik yağır. Tez get əl-üzünü yu...

Dəmirov

O da baş üstə! (Getmək istəyir.)

Fatma

Kişi günorta bazara sən gedəcəksən.

Dəmirov

Nə deyirəm ki. (Gedir.)

Gülara (gəlir)

Salam, Fatma xala!

Fatma

Salam qızım, salam!

Gülara

Qorxmazov hələ gəlməyib?

Fatma

Xeyr qızım, niyə belə bikefsən?

Gülara

Heç xala... Atelya modamızın körpəsi necədir?

Fatma

Uşaqdan nigaran qalma. Ona öz doğma balamız kimi baxırıq. Ancaq bir az...

Gülara

Başa düşürəm... (Ona pul verir.) Al. Ancaq ondan muğayat ol, körpədə günah yoxdur. Günah bizdədir ki, bu cinayəti işləyib, sonra ört-basdır etməkçin məsum körpələri əldən-ələ salırıq.

Fatma

Cavanlıqdır qızım, bir işdir olub da... Qızım, bəs o körpənin əsil atası kimdir? Məndən gizlətmə... de.

Gülara

Deməyə çox çətinlik çəkirəm, Fatma xala. Kimin üstünə atasan ki...

Fatma

Bıy, başıma xeyir... allah günahınızdan keçsin qızım, o dünyada nə cavab verəcəksiniz?

Gülara

Mən niyə? Qoy təcrübəsiz qızları yoldan eləyən vicdansızlar cavab versin.

Fatma

Haqlısan, görəsən o dələduz daha kimləri bədbəxt eləyəcək? Qoy bu sizə ömürlük dərs olsun.

Gülara

Bu ağıllı sözdür. Sağ ol, Fatma xala. (Gedir.)

Fatma

Yazıq qız, tutduğu əməldən yaman peşman olub. (Fatma stolu təmizləyir. Papiros kötüklərini toplayır. Sonra divara söykədilmiş şəkli çevirir. Təmizləyir.) Qorxmazov bu idarəyə gələni aləmi zibilləyib. Bunu da yaman toz basıb. (Şəklə tüpürür və silir. Qorxmazov gəlir, heyrətlə Fatmaya baxır.) Tfu, tfu...

Qorxmazov

Adə, düşməni ayrı yerdə niyə axtarıram. Budur, hazır durub qabağımda. Fatma, mənim üzümə tüpürürsən?

Fatma

Bıy, salaməleyküm! Üzündəki çirki təmizləmək istəyirdim.

Qorxmazov

Xeyr, kələyin baş tutmaz. De görüm səni kim öyrədib?

Fatma

Eh, boş-boş danışma.

Qorxmazov

Necə?

Fatma

Daha bəsdir. Ərim bir yandan, sən bir yandan canımı boğazıma yığdınız... Səhərdən axşamacan işləmək bir yana dursun, üstümüzə bir uşaq da atdınız.

Qorxmazov

Yaxşı, yaxşı... uşağın halı necədir?

Fatma

Yaman şıltaqdır.

Qorxmazov

Yəqin atası qırışmala çəkib.

Fatma

Necə, atası tapılıb?

Qorxmazov (diksinir)

Hələ yox.

Fatma

Atası əclafda insaf, vicdan olsaydı, öz gül kimi uşağına sahib çıxıb onu yad əllərə tapşırmazdı.

Qorxmazov

Bəli, bəli...

Fatma

Vallah, Qorxmazov qardaş, atası rastıma gəlsəydi, tutardım onun yaxasından, bax belə... (Qorxmazovun yaxasından yapışır.) Üzünə bir parça tüpürüb deyərdim ki: ey dələduz! (Tüpürür, Qorxmazov dadlı-dadlı getdikcə Fatma onu təqib edir.) Ay binamus! Ay əclaf!

Qorxmazov

Buraxsana yaxamı, onun atasından mənə nə.

Fatma

Bu sözləri sənə yox ki, uşağın əsil atasına deyirəm də.

Qorxmazov

Heş ona da demə... Ədəblə danışmaq kulturadır, ədəbsiz danışmaq xaltura, Fatma xala!

Fatma

Əlbəttə quldur-muldur belə iş görə bilər, kül o biqeyrət atanın başına ki...

Qorxmazov

Sus, atasının yox, anası Gülaranı söymək lazımdır, Gülaranı. Ana da öz uşağından boyun qaçırar? Zalımın qızı, bəlkə bu uşaq böyüyüb zorba bir incinar olacaq, doktor olacaq...

Fatma

Dərzi olacaq...

Qorxmazov

Yox, yox atası buna razı olmaz.

Fatma

Qoy olmasın, olmasın... Hə, onu deyirəm ki, az qalmışdı yadımdan çıxsın.... Dünən Dünya xanım bizə gəlmişdi.

Qorxmazov

Sizə gəlmişdi? (Kənara) Evim yıxıldı.

Fatma

Bəli, körpənin göz-qaşına, burun-qulağına çox diqqətlə baxdı.

Qorxmazov

Yoxsa burun-qulaq doktoru olub? Fatma xala, səndən çox xoşum gəldi. (Pul verir.) Al bu pulu... Uşağa yaxşı qulluq eləyin.

Fatma

Görüm əlin kimi ürəyin də açıq olsun. Bayaq Gülarada uşaqçın bir az xərclik verdi.

Qorxmazov

Aha, uşağı aldı boynuna?

Fatma

Alan kimi oldu... ancaq atasını demədi ki, demədi. Yaxşı, Qorxmazov qardaş, baş-gözünüz niyə belə gömgöydür? Olmaya yıxılıb eləmisiniz?

Qorxmazov

Xeyr, Fatma xala, bunlar karnaval frontunun meyvəsidir.

Fatma

Yaxşı, mən getdim işimə. (Gedir.)

Qorxmazov (gəzişir)

Yaxşı Gülara... nə qədər ki, bu uşaq məsələsi var, sən mənim əlimdəsən,əlimdə! Öl desəm öləcəksən, qal desəm qalacaqsan... Məni sev desəm sevəcəksən... (Rəhilə içəri girir.) Aha... Axır ki, gəldin, görürsən hörmətini? Demişəm səni mənim yanıma bez daklad buraxsınlar.

Rəhilə

Mən balamı istəyirəm, balamı!

Qorxmazov

Şərtini dünən demişəm. Cəmisi bir dəqiqəlik əziyyəti var.

Rəhilə

Vicdanım iftira atmağı qəbul etmir. Balamı qaytarın mənə...

Qorxmazov

Aha... balamı... Dediyim şərtdən başqa bir yolu yoxdur. Onu da sənə xəbər verim ki, Dünya ilə bu gün-sabah üzülüşəcəyəm.

Rəhilə

Onun daha mənə dəxli yoxdur.

Qorxmazov

Çox dəxli var. Telefonda sənə dediyim şərtə razısan, ya yox?

Rəhilə

Yox, yox, qaytarın mənim balamı özümə.

Qorxmazov

Aha, qoy sənə düzünü deyim. Balan Nadirdədir, Nadirdə. Verdim ona oğulluğa... bu dəqiqə... (Zəngi basır.)

Rəhilə

Bu nə işdir mən düşdüm.

Dəmirov gəlir.

Qorxmazov

Tez Nadiri çağır gəlsin... Sonra o biri işçilərimə də xəbər elə yanıma gəlsinlər... (Dəmirov gedir.)

Rəhilə

Görəcək günlərim varmış.

Qorxmazov (qışqırır)

Necə, necə? Sən mənim kadrolarımı ləkələyirsən?

Nadir (gəlir)

Mənə aid qulluq!

Rəhilə (onun üstünə atılır)

Nadir, Nadir...

Nadir

Məndən nə istəyirsiniz?

Rəhilə

Balamı.

Nadir

Nə bala?

Rəhilə

Günahların hamısı məndədir.

Bu dəmdə Gülara, Dilavər, Bayramalı, Dəmirov gəlir.

Nadir

Bu nə komediyadır?

Rəhilə

Ayaqlarına düşürəm, ver mənim balamı.

Qorxmazov

Ay qız... mənim kabinetimi zaqsa döndərmə deyirəm sənə!

Rəhilə (Qorxmazova)

De mənim balamı qaytarsın özümə.

Nadir

Nə bala, canım?

Rəhilə

Yıxılıram ayaqlarına. Balamı qaytar, məni bədbəxt eləmə.

Nadir

Xanım, bu iftira üçün sizi məsuliyyətə çəkərəm. Mən sizi birinci dəfədir ki, görürəm.

Dilavər

Çün piş əz vaxt bərayi məlumat...

Gülara

Nadir, bu bədbəxti niyə təhqir edirsiniz?

Nadir

Yox, mən dəli olacağam!

Rəhilə

Balamı niyə mənə qaytarmırsan axı?..

Qorxmazov

Yoldaşlar, görürsünüz bu həngaməni? Biri otağıma uçaq qoyur, o biri gəlib kadroma, qarğaturistimə iftira atır. Rədd olun mənim kabinetimdən... Hanı bu telefon? (Zəng vurur.) Salam. Mənəm, Qorxmazov... Sən öl, məni rahat işləməyə qoymurlar. Axşam gəlirəm sizə, öpürəm. (Hamı təəccüb edir.) Rədd olun başımdan, qoyun işləyək, planımızı dolduraq. Avaralar! (Hamı gedərkən Rəhiləyə) Qızım, sən bir dəqiqə dayan. Səninlə işim var. Hə, gördün ki, heç bir qorxulu iş olmadı. Balan əvvəl Nadirgildə idi. İndi isə bax bu adresdədir. (Qorxmazov kağız yazıb ona verir.) Al, axşam gedib bu adresdən uşağını alıb apararsan. (Rəhilə kağızı alıb hönkürərək çıxır.) Bu da belə...

Dəmirov (gəlir)

Salam, indi necəsən?

Qorxmazov

Bir də o qızı bura buraxmazsan. Axşam o sizə gələcək, ver uşağını aparsın, təqsir Gülarada yox, Nadirdə imiş...

Dəmirov

Siz buyuran düz olar.

Qorxmazov

Adə Dəmirov, dostlar bilir ki, sabah nə günüdür və ayın neçəsidir?!

Dəmirov

Sabah bazar günü, özü də ayın 13-dür.

Qorxmazov

Yaman nəhs gündür, yaman, ayın on üçü, yəni nə adə?

Dəmirov

Anadan olan gününüz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов