Страница 2 из 2 · 50%

Qorxmazov

Malades, kak raz mən sabah bu vaxt dünyaya gəlmişəm.

Dəmirov

Xoş gəlmisiniz, yoldaş Qorxmazov. Hamı hazırlıq görür.

Qorxmazov

Yaxşı, get Nadiri çağır.

Dəmirov

Nadiri? Yox, yox, qorxuram.

Qorxmazov

Qorxursan, nə olub adə?

Dəmirov

Dilim gəlmir.

Qorxmazov

Danış adə, bağrım çatdadı ki?

Dəmirov

Nadir, Nadir, bayaq, Nadir, Nadir bayaq!

Qorxmazov

Ay əclaf, sonra, sonra...

Dəmirov

Sonra, sonra Nadir... bayaq Nadir...

Qorxmazov

Dillən, nankor, dillən!

Dəmirov

Bayaq, Nadir, bayaq Nadir, işçiləri başına yığıb yavaşdan danışırdı. Tez-tez sənin adını çəkirdi. Deyirdi ki, intiqam alacağam, intiqam.

Qorxmazov

Necə intiqam?

Dəmirov

Hə, sonra mən tapşırdığın kimi onu güddüm. Gördüm stolun balaca gözünü açıb cibinə qara bir şey qoydu, tapançaya oxşayırdı.

Qorxmazov

Necə, tapança? Ölkə yiyəsizdir məgər?.. Bu saat milis idarəsinə xəbər vermək lazımdır.

Dəmirov

Tələsmə, bəlkə tapançaydı, bəlkə yox...

Qorxmazov

Bəs allah sənə gözü nə üçün verib, ay nadan? Sən şahidim olacaqsan. İntiqam, sonra da tapança. Yəqin quyuma qəsd eləmək istəyir. Yox, bu işi belə qoymaq olmaz... (Telefon zəng vurur. Dəmirov gedir.) Qulaq asıram, necə? Sizi get-gələ salıblar? Çığır-bağır salmayın. Tapança! İntiqam! Necə dəli olmuşam? İntiqam, tapança!.. Əşi rədd ol başımdan... Əlindən gələni beş qaba çək. (Trubkanı asır.)

Nadir (gəlir)

Mən gəlmişəm.

Qorxmazov

Hə? Necə! Gəlmisən? Gəlmə, gəlmə. Əlini cibindən çıxart deyirəm sənə!

Nadir

Kefim belə istəyir.

Qorxmazov

Qorxuram sənin kefin mənə çox baha otura. (Diksinir, Nadir irəlilədikcə Qorxmazov dalı-dalı gedir.)

Nadir

Sizi başa düşmürəm.

Qorxmazov

Əllərini qaldır, bir, iki, üç...

Nadir

Sizə nə olub? Tapança kimi nə açılırsınız adamın üstünə?

Qorxmazov

Aha, tapança, tapança...

Nadir

Nə tapança, canım?

Qorxmazov

Cibindəki tapança...

Nadir

Cibimdə tapança? (Ciblərini göstərərkən Qorxmazov həyəcan keçirir.)

Qorxmazov

Pencək cibini də, qoltuq cibini də, dal cibini də... (Kənara) Ürəyim bir az rahat oldu. (Nadirə) Qoçuluq dövrü çoxdan keçib.

Nadir

Əlbəttə. Bunu özünüzə deyin... Yaxşı, məni niyə çağırmısınız?

Qorxmazov

Onunçün çağırmışam ki, mənim rəhbərliyim altında sən nə ixtiyarla əxlaq pozğunluğu ilə məşğul olursan?

Nadir

Bunun sizə heç dəxli yoxdur.

Qorxmazov

Deməli bu həqiqətdir?

Nadir

Həqiqət, ya qeyri-həqiqət... Bu mənim öz işimdir.

Qorxmazov

Nə dedin? Mən heç kəsə izin vermərəm ki, əxlaqsızlıq eləyib atelya modamın və mənim avtoritetimi yerə vursun. Günah Gülarada yox, səndə imiş, sən karikaturistdə...

Nadir

Bu belə qalmayacaq.

Qorxmazov

Əlbəttə qalmayacaq.

Nadir

Mən intiqam alacağam, intiqam!

Qorxmazov

İntiqam qurtarmadı? (Qorxur, geri çəkilir.) Kimdən?

Nadir

Bu komediyanın baş rejissorundan.

Qorxmazov

Onda get teatra!

Nadir

Mənim intiqamım çox dəhşətli olacaq, çox...

Qorxmazov

Tapançayla, əlbəttə, dəhşətli olar. (Titrəyir.) Adə, məni öldürmək istəyirsən, hə?

Nadir

Bəli, sizin o çürük qəlbinizdəki murdar, ləkəli, iyrənc, əməlləri çoxdan öldürmək lazımdı.

Qorxmazov

Bu nə danışır adə... Mən vətənbazlıq eləyəndə, inqilabbazlıq eləyəndə, can qoyanda sən hələ anadan olmamışdın... Detski malçik!

Nadir

Əlimdə imkan olsaydı yaltaqlığı, alçaqlığı, qorxaqlığı, ikiüzlülüyü, lovğalığı, mənəm-mənəmliyi, sizə bənzər adamların beynindən qızmar kəlbətinlə kökündən çıxarıb zibil yeşiyinə atardım ki, sağlam cəmiyyətimizi zəhərləməsin. Bəli, sizdəki bu təmayülləri öldürmək mənim müqəddəs borcumdur. Bu qədər! (Gedir.)

Qorxmazov

Adə adam öldürmək havaxtdan müqəddəs iş olub? Vay, vay, bu nə deyir adə. Məni öldürmək... yox, yox, mən ölməyəcəyəm, mən özüm sizi öldürəcəyəm! (Zəngi basır, Dəmirov gəlir.) Adə, Dəmirov, düz deyirsənmiş, məni öldürəcəklər. Tez dost-aşnamı çağır gəlsin... (Dəmirov yalandan ağlaya-ağlaya gedir.) Yox, mən ölməyəcəyəm, ölməyəcəyəm. Yenə də prikaz verəcəyəm, qol çəkəcəyəm...

Bayramalı, Dilavər və Dəmirov birlikdə gəlirlər.

Dilavər

Bu nə qara xəbərdir, canım?

Qorxmazov

Ölüm xəbəridir ölüm, bu dəqiqə o malağanturist məni hədələdi ki, səni öldürəcəyəm.

Dilavər

Çün o...

Bayramalı

Biz ölmüşük məgər?

Qorxmazov

Ölməsəydiniz məni hədələyə bilərdilər? Ölmüsünüz? Çarı tapın görək, çarə, ölürəm.

Dilavər

Ölmə, ölmə... fikir vermə, çün o cahildir.

Qorxmazov

Görürəm sizdən mənə kömək olmayacaq. Tapdım. (Zəng vurur.) Milis idarəsidir? Danışan qonşuluğunuzdakı Qorxmazov... Bəli, bəli, atelya modnı Qorxmazovdur. Tez-tez bir milisioner göndərin! Nə üçün? Məni öldürəcəklər... Haçan? Lap elə bu dəqiqə. Zarafat nədir canım! Seryoznı deyirəm. Milisioner geciksə, mənim üstümdə özünüz də qana düşərsiniz, qana! Tez olun, daha dilim söz tutmur. (Trubkanı asır.) Dostlar! Siz də göz-qulaq olun! Daha bundan sonra mənə teloxranitelsiz gəzmək yaramaz.

Dilavər

Yoldaş Qorxmazov, biz sizi çox igid adam kimi tanıyırıq. Nahaq yerə bu qədər təlaş büruzə verirsiniz.

Qorxmazov

Adə, sən də belə? Yoxsa onu istəyirsiniz ki, gözünüzün qabağında diri-diri dərimi o qədim şair Nəsimov kimi dabanımdan soysunlar? Adə, mən ölsəm, yetim qalarsınız ki...

Bu dəmdə Gülara bir müştəri ilə içəri girir.

Gülara

Bu yoldaş...

Qorxmazov

Hə!.. Tapança? İntiqam? Hə, hə, nə olub?

Müştəri

Sizin atelya modaya gözəl bir parça vermişdim. Kostyum tikilib, sonra da əlli-ayaqlı yox olmuşdur.

Qorxmazov

Ay rəhmətlik oğlu, sən nə danışırsan, az qalmışdı bayaq mən özüm əlli-ayaqlı yox olam.

Müştəri

Bu cavab olmadı, yoldaş direktor.

Gülara

Yoldaş haqlıdır. Onun kostyumunu aparanı tapıb ağır cəzalandırmaq lazımdır.

Qorxmazov

Tapaq da... yoldaş, kostyumunu aparan qardaşım da olsa padsud verəcəyəm, padsud.

Bayramalı (büzüşür)

Yoldaş Qorxmazov, vacib işim var. İcazə verin mən gedim.

Qorxmazov

Get.

Müştəri (onu yaxalayır)

Aha, yoldaş, bir dəqiqə...

Bayramalı (müştəriyə yavaşdan)

Mən ölüm burda yox... bayırda.

Qorxmazov

Adə deyəsən tanış çıxdınız axı?

Müştəri

Özüylə yox, bu kostyumla tanışam. Axır ki, tapıldı. Budur mənim kostyumum.

Qorxmazov

Adə Bayramalı...

Bayramalı

Vallah... bir günlüyə götürdüm ki, sabah sizin şərəfli, təntənəli mübarək ad gününüzdə xəcil olmayım.

Qorxmazov

Tez get soyun kişinin kostyumunu qaytar özünə.

Bayramalı

İndi?

Qorxmazov

Əlbəttə indi.

Bayramalı

Lüt qalım deyirsən?

Qorxmazov

Axmaq, lüt niyə? Onunkini qaytar özünə. Bir başqasınınkını keçirt əyninə, qurtarsın getsin. Yoldaş, bağışla, səhv olub. Hamınız gedin. Gülara, sən qal, səninlə vajnı söhbətim var.

Gülara

Qulaq asıram, buyurun.

Qorxmazov

Gülara, gəl barışaq. (Ona əl uzadır.)

Gülara

Başa düşmürəm.

Qorxmazov

Bu uşaq məsələsinə görə gözümdən yaman düşmüşdün. Bayaqkı əhvalatdan sonra gözümdə yenə ucaldın göylərə...

Gülara

Gəlin bu barədə danışmayaq.

Qorxmazov

Niyə axı... Bayaq öz gözlərinlə görüb, qulaqlarınla eşitmədin məgər? Yoxsa yenə şübhən var?

Gülara

Bilmirəm.

Qorxmazov

Çox yaxşı bilirsən, görürəm, yaman pərtsən. Mən əvvəldən səni xəbərdar eləmişdim. Bu şairdir, bu artistdir, bu rəssamdır... nədir. Bu tayfa...

Gülara

Dedim ki, bu barədə danışmayaq, vəssalam. Gəlin əsas işdən danışaq.

Qorxmazov

Aaz, əsası elə budur də. Biz bununla da məşğul olmasaq, bəs nə ilə məşğul olacağıq. Planımızı da doldurmuşam...

Gülara

Bəli, fədakar işçilərimizin sayəsində.

Qorxmazov

Xeyr, mənim rəhbərliyim sayəsində. Xalqın gözündən pərdə asmaq olmaz.

Gülara

Düzdür... Bayramalı, Dilavər sizin gözünüzdən elə qalın pərdə asmışdır ki, onu yırtmaq çox çətindir.

Qorxmazov

Bilin ki, məni öz səmimi dostlarımdan ayırmaq çox çətindir.

Gülara

Doğrusu, siz həyatdan çox geri qalmısınız.

Qorxmazov

Uşaq-uşaq danışma, mən həyatdan geri qalmış olsaydım, bu zorbalıqda uçrejdenini mənə tapşırmazdılar. Gülara, gəl daşı ətəyindən tök yerə, əl çək o qarğaturistdən. (Kənara) Tapança, intiqam... (Gülaraya) O səni almayacaq. Bayaqkı qızın gününə salıb bütün zemnoy şarda bədnam eləyəcək... Yoxsa inanmırsan?

Gülara

Bilmirəm. Bəlkə də...

Qorxmazov

Gülara, onun adını ürəyindən poz getsin.

Gülara

Əvvəla mən onun adını ürəyimə təbaşirlə yazmamışam ki, asanlıqla poza bilim. İkinci... Bayaqkı hadisəni, soyuqqanlılıqla yoxlayıb, sonra bir qərara gəlməliyəm.

Qorxmazov

Daha buna sözüm yoxdur. O, qudurğan hələ məni öldürmək fikrinə də düşüb. (Diksinir.) Tapança, intiqam! Yox, yox, mən belə şəraitdə işləyə bilmərəm. Biri əxlaqsızlıqla məşğul, o biri stoluma göz dikib. O biri də, yəni sən...

Gülara (gülür)

Stol nə sizindir, nə mənim.

Qorxmazov

Yox, bu stol mənimdir, mənim! Qoy bu saat yuxarıya bir zəng vurum... Görərsiniz mənim gücümü... (Telefonu götürür.) Allo... zanitdir.

Gülara

Siz özünüz özünüzü ifşa edirsiniz. Bundan xəbəriniz varmı?

Qorxmazov

Məni ifşa eləyəcəksən. Tez mənim kabinetimdən bayıra çıx, yoxsa bu dəqiqə ürəyim partlar... Vay, vay...

Gülara

Oyunbaz! (Gedir.)

Qorxmazov

Yox, bunlar məni hər tərəfdən okrujeniyaya alıblar. Yox, mən də intiqam alacağam!..

Dəmirov (gəlir)

Gəldilər.

Qorxmazov

Milisionerlər?

Dəmirov

Yox... iki nəfər keçdi Gülaranın yanına. Dedilər ki, yanımıza heç kimi buraxmayın.

Qorxmazov

Qocaydılar, yoxsa cavan?

Dəmirov

Nə o, nə o. Yəqin qəmissiyadan-zaddandır.

Qorxmazov

Bayquş, ağzını xeyirliyə açsan olmaz?

Dəmirov

Nadir də bayaq məndən o Rəhilə xanımı soruşurdu.

Qorxmazov

Demədin ki, heç nə bilmirəm?

Dəmirov

Dedim. İnanmadı.

Qorxmazov

Dəmirov, get göz-qulaqda ol, mən yaman yorulmuşam. Gedim bir kəlləmi bərkidim.

Dəmirov

Xatircəm ol. (Gedir.)

Qorxmazov

Başıma nə kül töküm. Hara zəng vurum? Raykoma? Yox, ora mənim xodum yoxdur, yox... (Portfelini qapıb qapı ağzına qədər gedib cəld qayıdır.) Mən hara gedirəm, hara? (Stola). Bütün bu bəlalar mənim başıma səndən ötəri gəlir. Sən gecələr də məni rahat yatmağa qoymursan. Beynimə yerləşib, ordan çıxmırsan ki, çıxmırsan. Səndən ayrılıb evə gedəndə ürəyim xarab olur. Elə bilirəm ki, bir də sənin üzünü görməyəcəyəm. Bir özgəsi səni mənim əlimdən alacaq, mən yazıq qalacağam – kruqli yetim. Doğrudur, vücudun bir batman cansız, quru taxtadan ibarətdir. Amma səndə zorba-zorba hikmətlər, mənalar var. Bəzilərini bəzəyirsən, bəziləri də səni bəzəyir. Mən bədbəxt Qorxmazovun bəzəyi ancaq sənsən, sən! (Fikirləşir.) Məndən başqa kim burda rəhbərlik eləyə bilər axı? Heç kim, heç kim, mən özüm. Bəsdir bu qədər idarələrdə səyahət elədim, bəsdir! Son pənahım sənsən, sən! (Fikirləşir.) Bir az da fikirləşsəm, başıma hava gələr, hava... (Portfeli stol üstünə atıb oturur). Qoy hanı xəbərdar olsun ki, mən əvəzsizəm, əvəzsiz! (Bağırır.) Adə, Dəmirov, qapıda möhkəm dayan! (Gah zəngi vurur, gah telefon dəstəyini götürür.) Priyomu növbə ilə başlayacağam. Mən pastayannıyam, pastayannı!.. Rəhbərliyim davam edir i tağdalı!..

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов