Biz hələlik üz-üzə gəlirik küləklərlə,Hələlik çox ağırdır Qara-Qumun havası.Şübhəsiz xeyrimizə qurtaracaq zəfərlə –Sovet texnikasının quraqlıqla davası.Hələlik çöllər yanır günəşdən təndir kimi,İlanlar fışıldayır kol-koslar arasında;Əl-ayağa dolaşan düyünlü kəndir kimi.Hələlik bir ağrı var səhranın yarasında,Bu yaranın adına ellər quraqlıq deyir:Kəsib atırıq onu zamanın bıçağıyla,Sağalan xəstə kimi Qara-Qum gülümsəyir.Necə öyünməsin o, ömrünün bu çağıyla?!Hələlik toxum kimi bu çöllərə səpirəmÖz ürək sözlərimi, polad misralarımı.Hələlik mən xəyalən çiçəkləri öpürəm,Görürəm gözlərimlə öz dilbər baharımı.Hələlik müntəzirdir bir ilk bahara torpaq,Amansız qumlar axır səhrada sellər kimiTorpağın ürəyindən ağrısını çəkir baxMaşınlar xortumuyla qocaman fillər kimi.Keşikçidir qurğuya günəş dolu gözlərim,Vəzifəmdən, a dostlar, bezməmişəm hələlik.Aşır sahillərini dalğa-dalğa sözlərim,Dünyamızı doyunca gəzməmişəm hələlik.Hələlik dəyişməyib bu səhrada adamlar,Könlü istəyən kimi qurğunun simasını.Hələlik bitirməyib igid, sadə adamlarƏsrimizin bu yeni, canlı poemasını,Deyirəm nə olaydı yüz il də yaşayaydım,Bəzəyəydim zəfərlə mən ayları, illəri.Danışaydım nağıltək öz həyatımı aydınToplayıb ətrafıma gələcək nəsilləri!..Ey gələcək nəsillər! Xoşbəxt nəsillərsiniz,Ey əziz nəvələrim, əziz nəticələrim,Sizin həyatınızçün açdı uğurlu bir iz –Mənalı gündüzlərim, yuxusuz gecələrim.Mən ölümdən qorxmuram, bilmirəm nədir kədər...Yormaz məni bu sonsuz, nəhayətsiz səyahət,Ömrüm döyüşdə keçdi, etmirəm zərrə qədərZəif adamlar kimi yorğunluqdan şikayət.Yüz il yaşamasam da, gələcək nəsillərləBu dünyaya yenidən gələcəyəm bərabər.Bəli, o xoşbəxtlərlə mən milyon-milyon illərÖmr eləyib bərabər, güləcəyəm bərabər...Ayrılmaz parçasıyam çünki o milyonların,Muzeylərdə varlığım durmayacaq daş kimi.Gəzəcəyəm vüqarla arasında onlarınÖz şeir pasportumla sadə vətəndaş kimi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов