Səhnəyə, sənətə məcnuncasına
Məftunumuz təkdi, gəldi və getdi.
Füzuli gözünün yaşından doğan,
Məcnunumuz təkdi, gəldi və getdi.

Sənət aləmində unudulmayan, əbədi yaşayan sənətkarlarımızdan biri də Hüseynqulu Sarabskidir. Vaxtilə şöhrəti dastan kimi dildəndilə gəzən bu əvəzsiz ustadın musiqi mədəniyyətimizin, opera sənətimizin inkişafında çox böyük xidmətləri olmuşdur. Təəssüf ki, bu misilsiz sənətkarın səsi yazılmamış, haqqında film çəkilməmişdir. Mən şəxsən Sarabski ilə gənclik illərində, 1926-cı ildə mətbuat orqanlarında çalışdığım zaman tanış oldum. Sonralar daha tez-tez görüşüb dostlaşdıq. Yadımdadır, məktəbli çağlarımızda əlimizə pul düşən kimi opera teatrına “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Əsli və Kərəm” və digər tamaşalara baxmağa gedərdik. Hüseynqulu Sarabskinin aktyorluq istedadı, ürəkləri titrədən məlahətli səsi biz gənclərin ruhunu oxşayırdı, həyəcanlandırırdı. Onun iştirak etdiyi tamaşalara təkrar-təkrar baxdıqca bu sənətkara qarşı məhəbbətimiz qat-qat artırdı. Məcnunu o qədər təbii, canlı, zəngin boyalarla ifa edirdi ki, tamaşa salonundakıların gözləri yaşarırdı. O zaman Hüseynqulu Sarabskinin iştirakilə verilən tamaşa axşamları teatr qarşısında atlı milis dəstəsi növbə çəkirdi. Çünki bilet əldə edə bilməyənlər nə yol ilə olursa-olsun teatra girib Hüseynqulunu səhnədə görmək istəyirdilər. Qapılar sınmaq dərəcəsinə gəlirdi. Hər sənətkarın gözəl, qiymətli əsərləri sırasında bir şah əsəri olur. Sarabskinin yaratdığı gözəl surətlərin hamısından yüksəyi Məcnun obrazı idi. Mühitinin ədalətsizliyi nəticəsində müsibətlərə düçar olub faciələr keçirən Məcnunu Sarabski kimi səhnədə təcəssüm etdirən başqa bir artist təsəvvür etmirəm. Biz bir dəfə bir neçə mədəniyyət xadimi ilə birlikdə Sarabskinin evində qonaq idik. Söhbət yenə “Leyli və Məcnun” operasından gedirdi. Sarabski “Leyli və Məcnun” operasının rejissorluğunu etmək fikrində olduğunu bildirdi. O dedi: “Tanımayan olsa, səhnəmizdə o imkan olsa, doğrusu, mən Məcnunu səhnədə qumlar üstündə ayaqyalın oynayardım. Onda özümü tamam kamal bir ərəb zənn edərdim”.

Bu sözlər göstərir ki, Hüseynqulu Sarabski bir Məcnun kimi, bir ərəb kimi səhnədə özünü tamam kamal Ərəbistan torpağında görmək istəyirdi.

Səhnə fəaliyyəti bir hadisəyə çevrilmiş Sarabski həyatda çox sadə, mehriban, təvazökar, qayğıkeş bir insandı. Ümumxalq məhəbbəti qazanmış bu ustad insanları çox sevirdi. Həmişə insanda yaxşı cəhətləri görməyə çalışırdı. Gənclərin yüksəlişi üçün əlindən gələni əsirgəmir, müvəffəqiyyətlərini ürəkdən alqışlayırdı. Hüseynqulu Sarabski dövlət, partiya xadimlərindən Ruhulla Axundov, Əli Heydər Qarayev, Ağamalıoğlu, Baba Əliyev, sənət və ədəbiyyat xadimlərindən Hacıağa Abbasov, Üzeyir Hacıbəyov, Mirzəğa Əliyev, Abbas Mirzə Şərifzadə, Əzim Əzimzadə, Hüseyn Cavid, Haqverdiyev, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun kimi şəxsiyyətlərlə tez-tez görüşər, onlarla dostluq edərdi. Bu şəxsiyyətlər onun istedadına yüksək qiymət verərdi. Biz Hüseynqulu Sarabskinin səhnədən kənardakı həyatilə, hətta geyimi ilə də maraqlanardıq.

Sarabski olduqca səmimi bir insandı. Onun qəlbində həsədə, kinə, küdurətə yer yox idi. O, kiçik bir haqsızlıq görəndə yaman coşardı. Respublikamızın rayonlarından gəlmiş tələbələrin təhsil taleyi ilə maraqlanar, gənclərin müəyyən bir təşkilatda işə düzəlməklərinə yaxından kömək edərdi. Sarabski bir deputat kimi də az fəaliyyət göstərməmişdir. Öz seçicilərinin yanına tez-tez gedər, onların arzularının yerinə yetməsi üçün əlindən gələni əsirgəməzdi.

Dedim ki, biz Sarabskinin geyimi ilə də maraqlanardıq. Onun geyimi də daxili kimi təmizdi, səliqəliydi. Geyimdə bütün aktyorlardan seçilirdi desəm yanılmaram. Sarabski ilin hər mövsümünə görə paltar geyərdi. Onun davranışı, yerişi, nəcib ədası hamının nəzərini cəlb edirdi. Şax qamətli, iri gözlü, qara qaşlı, qarabuğdayı bu adam Bakı küçələrindən keçərkən hamı bir də dönüb ona baxar və dodaqaltı “Sarabski keçdi” deyərdi.

İndi də yaşlı ziyalılarımıza rast gəldiyim zaman Sarabskidən söhbət açırlar. Onun yaratdığı Məcnun surətini yada salırlar. Bəli, Sarabskinin Məcnun rolunda:

“Yandıraram dağı, daşı”

yaxud:

“Get dərdim sən dava deyilsən,
Biganəsən, aşina deyilsən”

– deməsi ilə kim həyəcanlanmamışdır?! Kimin gözləri yaşarmamışdır?! Əgər Füzuli sağ olsaydı “Leyli və Məcnun” tamaşasına baxmış olsaydı, məncə deyərdi ki, Məcnunu (Qeysi) mən belə düşünüb yaratmışam! Məcnunu mən belə ifada görmək istəmişdim”.

Yadımdadır, biz 1930-cu ildə çox istedadlı bir bəstəkar dostumuz Asəf Zeynallını vaxtsız itirdik. Sarabski onun cənazəsi üstündə uşaq kimi ağladı və dedi: “Asəf, oğlum, sən çox cavandın, mən dünya görmüşəm. Sən yox, gərək mən öləydim, mən”

Doğrudan da bu hamımız üçün çox böyük itki idi. Asəf Zeynallının vaxtsız ölümü Sarabskini sarsıtmışdı. Bu son dərəcə səmimi və qayğıkeş adam bizim gənc yazıçılarla da dostluq edərdi.

Onu incəsənətlə, ədəbiyyatla əlaqədar çağırılmış bütün məclislərimizdə görərdik. Yeni gənc ədəbi qüvvələrin yaxşı əsərlərini ürəkdən alqışlardı.

Bizə öz həyatından canlı hadisələrlə dolu xatirələr söylərdi. Ədəbi gecələrimizin konsert şöbəsində qonorarsız, könüllü çıxış edərdi. Onun son dərəcə məlahətli səsi dinləyənlərin hələ də qulaqlarındadır. Sarabski teatrda məşğul olmadığı vaxtlarda “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “İnqilab və mədəniyyət” reaksiyalarına gələrdi. Yeni sənət və ədəbiyyat məsələlərilə tanış olardı. Hüseynqulu Sarabski bir sıra mahnılar da yaratmışdır. Vaxtilə konsert salonlarında, məclislərdə oxuduğu “Muğan”, “Qızıl əsgər” mahnısı onun özünündür. Hətta “Qızıl əsgər” mahnısının bu sətirlərlə başlayan mətni də onundur.

Yatmış idin, fəhlə-kəndli, oyandın,
Şuralarçin al qanına boyandın.
Sən getdiyin doğru yola inandın,
Möhkəm saxla al bayrağı əlində!

Hüseynqulu Sarabski bizim musiqi mədəniyyətimizin tarixində əbədi yaşayan simalardandır.

30 oktyabr 1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Seyid Hüseyn Sadiq

Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım.O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik illərimizdə aramızda “nadinc” tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq damarını tutub dərs zamanı dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi. Onu deyim ki, Həsən müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da çatırdı.

5 мин
Cəfəri yad edərkən

Bu torpağın gözü acdır, nə versələr yeyəcək,O hər zaman dil açıb mən acam, acam deyəcək.

19605 мин
Vladimir Mayakovski

Sovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq həyatıma xeyirxah təsir buraxmışdır. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın görünür.Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara rast gəlirik.

19639 мин
Mikayıl Müşfiq

Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.

19695 мин

Стихи других поэтов