Şəbüstər və Xamnə səfəri
Страница 1 из 2
Bizə xəbər verdilər ki, Xamnədə Azəri ədəbiyyatının fəxri Mirzə Fətəli Axundovun nəslindən Axundov adlı bir müəllim yaşayır. Biz bu xəbərdən çox sevindik. Həmin müəllimi görmək arzusu bizi Xamnə səfərinə sövq etdi.
Yunis Hacıyev, rəssam İsmayıl Axundov, Zülfəli İbrahimov və mən bir dəstə opera sənətkarımızla birlikdə yola çıxdıq. Şəbüstərə çatdıq. Bu kənd Azəri poeziyasının şöhrəti, Cənubi Azərbaycan Sabiri Möcüz Şəbüstərinin vətəni idi. Şəbüstər çox mənzərəli bir yerdir.
Kənd yaşıllıqlar içərisindəydi. Badam ağacları, iydələr, qovaqlar göylərə baş qaldırmışdı. Əhali bizi dövrəyə aldı. Şirin, səmimi söhbətimiz xeyli çəkdi. Kəndlilər bizi meyvəyə qonaq etdilər. Bəzi evlərdən isə qızlar kuzələrdə bizə şərbət gətirdi. Maşınımız hərəkət edərkən onlar həsrət dolu gözlərlə bizi yola saldılar.
Budur Xamnədəyik. Uşaqlıq illərini bu yerdə keçirmiş Mirzə Fətəli haqqında düşünürük. Bizim Xamnəyə gəlişimiz bir bayrama çevrildi. Adamlar axın-axın yanımıza gəlirdi. Cümə günü idi. Biz bir məktəbin həyətinə toplaşdıq. Axundzadə familiyalı müəllimi soruşduq. Onunla görüşmək arzusunda olduğumuzu bildirdik. Boş vaxt keçirməyək deyə Xamnədəki kiçik örtülü bazara getdik.
Bazarda kitablar bizi maraqlandırırdı.
Zülfəli İbrahimov burada bir neçə qiymətli kitab aldı. Məktəb həyətinə qayıtdıq. Həyət əhali ilə dolu idi. Məktəb ətrafında damlarda al-əlvan geyinmiş qadınlar, qızlar, xırda uşaqlar vardı.
Əhali ilə söhbətə başladığımız zaman həyətə bir zabitlə bir neçə ajan daxil oldu.
Kəndlilərə “Pədər süxtə”, “bişərəflər” deyə şallaq, təpik vuraraq məktəbin həyətindən qovmağa başladılar.
Bu ədəbsizlər sovet hökumətinin nümayəndələrinə, hərbi xidmətçilərinə salam belə vermədən, nə səbəbə gəldiklərini bilmədən kəndlilərə əzab verməyə başladılar. Söyüşlərin arası kəsilmirdi. Mən buna dözə bilmədim. Parabellumu ayağa çəkib zabitin üstünə cumdum. Yunis Hacıyev “Süleyman, dayan, sən nə edirsən” dalımca çığırdı.
Zabitlər və ajanlar donub qaldılar. Artıq onlar yaltaqlanmağa başladılar. Dedim ki, “bizi görməyə gəlmiş bu kəndlilərin günahı nədir ki, onları şallaqlayırsınız, söyürsünüz”.
Zabit cavabında: – Ağayi major (mayor), biz bunları sizin xatirinizə, sizə mane olmasınlar deyə qovalayırıq. Bunlar nadandırlar, həşəratdırlar. Bizi bağışlayın. Sizin istirahətinizi pozan bu adamları buradan çıxarmaq borcumuzdur”.
Onlara dedik ki, bizim məqsədimiz kəndin bu hörmətli sakinləri ilə söhbət etməkdir. Burada bizim böyük ədibimiz dahi Mirzə Fətəli Axundov yaşamışdır. Eşitdiyimizə görə burada Axundzadə adlı bir müəllim var. Bəlkə o müəllim həmin nəsildəndir. Bu bizim üçün çox maraqlı və mühüm bir məsələdir.
Bunu aydınlaşdırmaq istəyirik. Bu söhbət əsnasında Axundzadə müəllim də gəlib çıxdı.
Zabit ona müraciətlə dedi ki: “Bu şurəvilər deyir ki, sən bunların Axundzadəsinin qohumusan. Bu doğrudurmu?”
Müəllim özünü itirdi.
Biz müəllimə dedik ki, yəqin ki, sizin böyük ədib Mirzə Fətəli Axundov haqqında az-çox məlumatınız var. O bu kənddə illər keçirmişdir. Əgər bu kənddə Axundzadə familiyalı adam varsa, şübhəsiz həmin nəsillə əlaqədar olmalıdır.
Zabit gözlərini Axundzadə müəllimin ağzına zilləmişdi. Onun cavabını gözləyirdi.
Müəllim dedi ki, əlbəttə, Mirzə Fətəli haqqında məlumatım var. Lakin biz o nəsildən deyilik.
Bizi heyrət bürüdü. Zabitin hədəli baxışları altında müəllim Axundzadə öz tərcümeyi-halilə bizi tanış etmədi.
Bizimlə gələn artistlər mahnılarla çıxış etdilər. Mən bir neçə şeir oxudum.
Məktəb həyətindən və damlardan yağan alqışların sədası kənddən uzaqlara qədər yayılırdı. Axşam Təbrizə qayıtdıq. Öyrəndik ki, Təbriz qubernatoru mənim Xamnədə polis zabiti ilə olan münaqişəmdən xəbərdardır. Bu haqda bizim sovet nümayəndələrinə xəbər vermişdir.
Təbrizdə böyük canlanma vardı. Ürəkləri milli hiss, milli qürurla dolu adamlar İrandakı vəziyyətə artıq dözə bilmirdilər. Təbriz ziyalıları tribunalardan atəşin vətənpərvər nitqlər söyləyirdilər. Qəzet səhifələri bu hisslərlə doluydu. Təbrizdəki sovet konsulluğu qarşısında saysız adam olurdu. Bunların yarısı ərizə verib sovet vətəndaşı olmaq istəyirdi. Yarısı isə cəbhəyə, faşizmə müharibədə iştirak etmək üçün can atırdı. Hətta bəziləri yalvarırdı ki, bizə heç olmasa bir barmaq kağız verin ki, bizim bu barədə sizdə ərizəmiz var.
Məscidlərdən minbərə çıxan rövzəxanlar ilk öncə sovet ordusunun qələbə çalması və Stalin haqqında dualar edirdilər. Hətta Aşura günü zəncir vuranlar, xəncərlə baş yaranlar Leninin, Stalinin adını çəkirdilər. Düşmənlərimizə qarğışlar yağdırırdılar. Təbriz ziyalılarından Əli Birəng, professor Fəxri Ədhəm, Hilal Nasiri, Mir Mehdi Etimad, Məmməd Abbaslı, Əli Fitrət kimi dostlarımız həmişə bizim yanımızda olurdular. Bizi evlərə qonaq dəvət edirdilər.
Bir dəfə bir qadın qabağımı kəsib dedi ki, “Ağa, biz varlı qonşulardan çox əziyyətlər görmüşük. Bizi adam saymırdılar. İndi siz gələndən sonra dilləri qarınlarına girib. Çox xahiş edirəm. Bizə qonaq gəlin, qoy sizi bizim evdə görüb kor olsunlar. Bağırları çatlasın. Ərim dülgərdir. Söz verin ki, gələcəksiniz”. Bu görüş “Dülgərin arzusu” adlı şerimin yazılmasına səbəb oldu.
Bir gün də Yunis Hacıyevlə məni evinə məşhur azadigah Əli Birəng dəvət etdi. Biz onun yanına getdik. Onun həyəti gözəl güllük, çiçəklikdi.
Bu ziyafətdə biz üçümüz idik. Başqa heç kəs yoxdu. Hərdən bir cavan süfrəyə yemək verirdi.
Əli Birəng bizim üçün çox zəngin süfrə açmışdı. Əli Birəng deyirdi ki, sizin Təbrizə gəlişinizlə bu ölkəyə ədalət, həqiqət, vicdan, namus gəlmişdir. Mən ziyalıyam. Vaxtilə Rusiyada Lenini görmüşəm. Bir az gözüaçıq adamam. Bu bədbəxt ölkədə haqsızlıq ərşə dayanmışdır. Sizdən niyə gizlədim. Mənim iki kiçik kəndim vardı. Dolanışığım o kəndlərdəndi. Sizin ordu hələ İran torpağına daxil olmamışdan qabaq kəndlərə getdim. Əhalini toplayıb kəndləri onların öz ixtiyarlarına verdim. Siz bu həqiqəti yoxlaya bilərsiniz. Kəndlilər də bu yaxşılığı unutmadılar. Hərdənbir mənə azuqə gətirib öz minnətdarlıqlarını bildirirlər.
Əli Birəng yaşlı adamdı. Sifətdən qəşəng, boydan uca idi.
O bizə İrandakı azərilərin başına gələn fəlakətləri şərh edirdi. Əli Birəng sovet adamlarına öz hörmətini, məhəbbətini bildirirdi.
Əli Birəng söhbətin axırında mənə xatirə olaraq qiymətli bir üzük bağışladı. Mən üzüyü ona qaytardım. Onu başa saldıq ki, belə hədiyyə bizim üçün yaxşı məna daşımaz. O öz səhvini başqa cür düzəltdi.
“Bəli, əlbəttə, şair üçün kitabdan gözəl hədiyyə ola bilməz” deyib mənə daş çaplı iki kitab bağışladı. Bu kitablardan biri şair Sabitin qəzəllərindən ibarət kitabdı.
Sonra o mənə Möcüzün şeirlərini verdi. Bu əlyazmaları mən Təbrizdə Qulam Məmmədəliyə yetirdim.
Bu görüşümüzdən sonra Əli Birəng yığıncaqlarda çox ağıllı çıxışlar edirdi. O bir gün Təbriz ziyalılarının iclasında təbrizlilər tərəfindən Üzeyir Hacıbəyovun və Səməd Vurğunun Təbrizə qonaq çağırılmalarını irəli sürdü.
Əli Birənglə tez-tez görüşürdük.
Mən Bakıya gələndən sonra ondan bir məktub aldım. Ağır xəstəliyindən şikayətlənirdi.
Cənubi Azərbaycandan qayıtmağımızı vəfasızlıq adlandırırdı. Məktubun bir yerində yazırdı ki, “Sizin getməyinizlə, namus, vicdan da buradan getdi”.
Təbriz ziyalılarından professor Fəxri Ədhəm də maraqlı bir şəxsiyyətdi. Bu alimin iki cilddən ibarət farsca-fransızca-azəricə lüğəti vardır.
Fəxri Ədhəm Cəlil Məmmədquluzadənin dostlarından idi. Çox mehriban bir insandı.
O bir axşam bizi evinə qonaq apardı. Yunis Hacıyev, Mirzə İbrahimov və bir neçə digər dostlarla onun evində gözəl saatlar keçirdik.
Əvvəlcədən demişdi sizə bir plov verəcəyəm ki, gərək barmaqlarınızı sumura-sumura yeyəsiniz. Doğrudan süfrəyə düyüsü bir qədər sarımtıl plov gəldi. Düyüdə bir qədər qara xala bənzər şeylər vardı. Heç birimiz bu plovun düyüdən başqa nə ilə hazırlandığını bilmədik.
Fəxri Ədhəm bu sirri açıb dedi ki, bu yalnız mənim mətbəximdə hazırlanır, buna “Paçaplov” deyərlər.
Doğrudan da bu çox ləziz bir plov idi.
Fəxri Ədhəm bizi öz kitabxanasıyla tanış etdi: Sonra bizə divardakı əksləri göstərdi.
Bu əkslərin biri Cəlil Məmmədquluzadə ilə birlikdə alınmışdı. Cəlil Məmmədquluzadə Təbrizdə olanda Fəxri Ədhəmgildə qalırmış.
Hələ Fəxri Ədhəmin zarafatlarını demirəm. O çox şirin-şirin bizə bəzi həyati hadisələri nağıl kimi çox maraqlı danışırdı. Fəxri Ədhəmin ən qiymətli hədiyyəsi başqa bir şey idi. Bu gecə onun evində Şərqin dahi müğənnisi oturmuşdu. Bu Əbülhəsən xan İqbal idi.
Bu adamla bir az əvvəl rəsmi tanış olmuşduq. Onu yalnız səhnədə oxuyanda görmüşdük. Bu Təbriz məktəblərinin birində olmuşdu. Bir gün Təbrizin qabaqcıl ziyalılarıyla birlikdə dostluq görüşü keçirməyi qərara aldıq.
Bu görüş bir məktəb binasının salonunda keçirilirdi. Dostluq nitqlərindən sonra konsert başlandı. Bizim səhnə ustalarından Bülbül, Həqiqət Rzayeva, Əliövsət Sadıqov və başqaları çıxış etdilər.
Birdən məni təəccüb götürdü. Bu necə dostluq konsertidir ki, cənublu qardaşlarımızdan kimsə onda iştirak etmir. Mən Təbriz ziyalılarına fikrimi söylədim. Onlar dedilər ki, məclisdə bir xanəndəmiz iştirak edir. Yəqin ki, ağzı orucdur, yalnız qubernator Fəhimi ona desə oxuyar. Mən qubernatora fikrimizi söylədim. O yanına gödək boylu, gözü eynəkli bir adamı çağırtdırdı. Qubemator dolğun bədənli şəxsə nə isə dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-sebuster-ve-xamne-seferi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakılıtək düşünürəm bayaqdan –Heç belə qış görməmişdim bu yerdə.
Yaroslav Smelyakova məktubYaroslav, danışan Bakıdır, Bakı,Ürəyi alışan Bakıdır, Bakı.
İtirsəm ağlaram mənÖzümdən tez ilhamım qocalsa, ağlaram mən,Könlüm xoş arzulardan boşalsa, ağlaram mən
Mənim günəşimGündüzlər də, gecələr də mənimlədir günəşim,Dar günümdə cəbhələrdə mənimlədir günəşim.
Стихи других поэтов
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.