Страница 1 из 2

Təbrizdə təbrizlilərdən, digər əyalətlərin sakinlərindən məktublar alırdıq.

Məktub müəllifləri təkidlə yazırdılar ki, sovet hökumətinə hüsnrəğbət bəsləyənlər, sovet ordusu sərhədi keçəndə qabağa düşüb yol göstərənlər hələ də Təbriz zindanında çürüməkdədirlər.

Mən və Mirzə bu haqda digər yoldaşlarla söhbət etdik... Yoldaşlarımız bu işə qarışmaqdan boyun qaçırdılar. Onların fikrincə, bu, İranın daxili işlərinə qarışmaq demək idi. Lakin birtəhər özümüz yazıçı kimi hərəkət etməyə razılıq aldıq. Yox, biz buna dözə bilməzdik. Sovet dövlətimizin, sovet ordumuzun şərəfini qorumalı idik. Mirzə ilə birlikdə qubernator Fəhiminin yanına getdik. Nə üçün gəldiyimizi ona bildirdik. O ciddi etiraz etdi:

– Bu bizim daxili işlərimizə qarışmaqdır. Bizim orqanlarımız zindanlarda yalnız caniləri, dələduzları, oğruları saxlayır. Sizə yalan məlumat vermişlər.

Biz ona bir neçə siyahı göstərdik. Bu siyahıdakı adamlar Mərənddən, Əhərdən, Sərabdan, Culfadan, Qaradağdan idi. Məktublarda bu adamların nahaqdan zindanda saxlanıldıqlarını yazırdılar. Biz qubernatora dedik ki: “Biz bir yazıçı və jurnalist kimi bu məsələ ilə maraqlanırıq. Məktublar yalan məlumat verirsə, daha yaxşı, gəlin sizin adamlarla birlikdə bu işi yoxlayaq. Sizinçin də, bizimçün də arxayınlıq olsun”.

Qubernatorun yolunu hər tərəfdən bağladıq. Əlacsız birlikdə yoxlamağa razılıq verdi. Bizim üçün kabinetinə çay və meyvə gətirtdi. Bir neçə yerə zəng vurub farsca nə barədə isə tapşırıq verdi.

Bizdən cəbhə vəziyyəti haqqında məlumat istədi. Özü isə ordanburdan bəzi gülməli əhvalat danışdı.

Bizi iki saata qədər öz kabinetində əyləndirdi. Biz bunu çox yaxşı başa düşürdük. Zindanda nə isə bir iş gedirdi. Nəhayət, iki zabit və bir qarayaxa gəlib bizimlə birlikdə zindana getməyə hazır olduqlarını bildirdilər.

Təbriz zindanına getdik: bir-bir kameraları gəzirik. Yeri rütubətli torpaq olan kameralar dustaqlarla doluydu.

Dərhal hiss etdik ki, qubernator bizi iki saat kabinetində bilərəkdən saxlamışdır. Sərəncam verib zindanda bir az təmizlik apartdırmışdır. Buradakı insanlardan hər birinin öz macərası, öz aləmi vardı. Biz siyahımıza baxırıq. Dustaqları dindiririk. Oğrular, canilərlə məşğul oluruq.

Mülkədarlardan işgəncələr çəkmiş və nahaqdan zindana atılanların, sovet ordusuna məhəbbət bəsləyib cəza alanların taleyi bizi düşündürürdü. Biz hər kameraya girəndə bu səslər ucalırdı:

– Yaşasın şurəvilər! Zindəbad Stalin!

Bizə yazılanlar həqiqət imiş.

Dustaqları dindirdikdə vəziyyət aydınlaşırdı. Dustaqların bəzisi çirk köynəyini qaldırıb vurulmuş şallaq yerini bizə göstərirdilər. Hələ mülkədarların, ajanların, əmniyələrin, bunların başlarına gətirdikləri azmış kimi, zindanda da cəza alırlar.

Gödəkboylu biri irəli gəlib bizi salamladı. Öz başına və yaşadığı mahaldakı yoxsulların başına gətirilən müsibətlərdən danışdı. Hamı bir ağızdan dedi ki: Bu Əli bolşevikdir, qəribədir. Necə yəni, Əli bolşevik.

– Doğru danışdığıma görə qorxmayıb sözümü qansoranların üzünə dediyimə görə, kənd camaatı bu adı veribdir. Adım Əlidir.

Biz bu adamların adını, familiyasını, harada yaşadığını qeydə alırdıq.

Zindanda bütün kameralar həyəcan içindəydi. Hətta bizimlə gedən məmurlara söyüşlər yağdırırdılar. Az qalırdı üstlərinə hücum etsinlər. Hər yeri bir uğultu bürümüşdü.

Bir kamerada isə tənha bir qadın bir küncə qısılmışdı. Rəngi solğun, bədəncə çox zəifdi. Dərdini soruşduq. Ehtiyac üzündən doğduğu körpəni boğub çaya atmışdır.

Bu qaranlıq kameralarda gözəl insanlar yatırdı. Zindandan qayıdandan sonra biz sovet hökuməti nümayəndələrini vəziyyətlə tanış etdik. Qubernatora etiraz göndərdik.

Sovet hökumətinə məhəbbət bəsləmək və sovet qoşunlarına bələdçilik üstündə tutulmuşların hamısı zindandan azad edildi.

Mənim “Zindan” və “Zindanda işıq” şerim bu hadisələrdən doğmuşdur.


Təbrizdə mənim çox dostlarım var idi. Onlardan biri də Hilal Nasiri idi. Mən onun dəftər, kitab mağazasındakı kitabları araşdırıb mütaliə üçün götürürdüm. Bəzən insanlığa düşmən yazanların kitabına da təsadüf edirdim. Hilal Nasiri həmin kitabları xahişsiz, filansız cırıb yandırırdı.

Hilal Nasirini biz “Köşkü balaban” deyə çağırardıq. O “Köşkü balaban Araza baxar-Arazın suyu gözlərdən axar” adlı bir dastan yazmışdı.

Tribunalardan həmin şeri tez-tez oxuyardı. Hətta bir axşam konsert zamanı Hilal Nasirinin təşəbbüsüylə səhnədə “Köşkü balaban” ifa olundu. On iki adam bir-birinin qurşağından tutmuş, onların çiynində isə yenə o qədər adam dayanmışdır. Aşağıdakılar “Köşkü balaban Araza baxar”, mahnısını oxuyaraq yallı gedir. Üstdəkilər isə əllərini gözlərinin üstünə qoyub Arazın o tayına baxır və oxuyurlar.

Hilal Nasiri “Köşkü balaban” şerilə, rəqsilə həmişə yadımıza düşür.

Dostumuz İsmayıl Şəmsi də həmişə məhəbbətlə yad edirik. Bu mədəni, təvazökar, bir az utancaq və səmimi dostumuz “Azərbaycan” qəzetinin məsul katibi idi. Demək olar ki, qəzetin əsas işini o görürdü. Bu qəzetin səhifələrində sovet dövlətinə, sovet ordusuna məhəbbət dolu məqalələr çap olunurdu.

İsmayıl Şəms az danışıb, çox iş görən bir gəncdi. İsmayıl Şəms məni Təbrizlə və Təbrizin ətrafındakı yaşayış məskənləri ilə tanış etməkdə çox səy göstərirdi. Onun aydın baxışları, gülər üzü indi də gözlərimin qabağındadır.


Təbrizdə olduğum müddətdə çox maraqlı şəhərlərdə olub, maraqlı insanlarla da görüşmüşəm. Bəzilərilə dostluq da etmişəm. Mərənd səfəri də məndə unudulmaz xatirələr yaratmışdır. Bu şəhərdə mərəndlilər bizi böyük məhəbbətlə qarşıladılar. Bizə çiçəklər, güllər verdilər. Bizi dədə-baba qaydasıyla duz-çörəklə qarşıladılar: bağlardan dərilmiş gözəl meyvələr, mərəndi üzümü süfrəmizə dalbadal gəlirdi. Bizi dinləmək üçün bütün mərəndlilər meydançaya toplaşmışdı.

Sovet Azərbaycanındakı həyatla, cəbhədəki vəziyyətlə tanış olmaq istəyirdilər. Həqiqəti bizim dilimizdən eşitmək arzusuyla çırpınırdılar. Meydan, ətraf evlərin damları, ağacların təpələri adamlarla doluydu.

Alqış səsləri bütün ətrafa yayılırdı. Mən onlara bir neçə şeir oxudum. Mərəndlilərdən bir gənc xanəndə “Mərənddən aşdım Xoya qoymadılar, paltarım yoxdur, toya qoymadılar” mahnısını oxudu.

Azərfilm bu görüşü çəkmişdir. Saxlanırsa çox yaxşı. Biz geri Təbrizə qayıdarkən mərəndlilər yolumuza çiçəklər səpdilər, arxamızca gülabdanlardan su atdılar.

Cənubi Azərbaycan şairi Mir Mehdi Etimad bizimləydi. O, mərəndli idi.


Heç yadımdan çıxmaz. Oktyabr inqilabının ildönümü münasibətilə Təbriz klubunda təntənəli yığıncaq keçirilirdi.

Bu görüşə təbrizlilər axın-axın gəlmişdilər. Salonda yer yoxdu. Bir çoxları ayaq üstə dayanmışdı.

Təbrizlilər bu görüşə böyük əhəmiyyət verirdilər. Onlar burada Sovet İttifaqındakı həyatla qiyabi də olsa tanış olurdular.

Əziz Əliyev giriş sözüylə iclası açdı. Salondakı cənublu qardaşlarımıza salamlar yetirdi. Sonra Həsən Şahgəldiyev Oktyabr inqilabının fütuhatı barədə məruzə etdi.

Təbriz şairləri, xanəndələri buradaydı. Əbülhəsən xan İqbal konsertdə iştirak üçün gəlmişdi.

İclasın rəsmi hissəsini qapamaq istəyəndə salonda gurultu başladı. Salondakılar əl çalaraq, ayaq döyərək “Ağayi Süleyman Rüstəm” deyirdilər.

Prezidiumda oturan İsrafil Cahangirov salona gəlib mənə dedi ki: “Hərbi sovet üzvü Əziz Əliyev yoldaş sizi təcili səhnəyə çağırır”. Dedim ki, “lazım olsaydım əvvəldən çağırardılar”. Salondakılar təkrar əl çalaraq, ayaq döyərək “Ağayi Süleyman Rüstəm, Ağayi Süleyman Rüstəm” deyə səslənirdilər.

Mən qalxıb birbaşa salondan tribunaya çıxdım. Təbrizli qardaşlarımızın azəri ədəbiyyatına olan məhəbbəti məni vəcdə gətirdi. Təbrizdə yazdığım şeirlərdən, cəbhə şeirlərindən doyunca onlara oxudum.

Bu məhəbbət məni təzə-təzə gözəl şeirlər yazmağa ilhamlandırdı.

Təbrizdə qəzetlərdə çap etdirdiyim şeirlər haqqında Tehranda təhsil alan azəri tələbələri məktublar göndərirdilər. “Vətən yolunda” qəzetimizə təzə şeirlərim haqqında fikirlər yazırdılar.

Bəzi məktub müəllifləri Süleyman Hikmətin kim olduğunu bilmək istəyirdi. Yazırdılar ki, bizim dərdlərimizi, arzularımızı özümüz qədər bilən bu adam kimdir? Bizi onunla görüşdürün.

Bu məktubların bəzisi “Vətən yolunda” qəzetimizdə dərc edilmişdir.

Bir axşam Mirzə ilə Təbriz küçələrinin birindən keçirdik. Qəzetsatan uşaqlar “Ruznameyi Şahin, əşari Süleyman Rüstəm” deyə bağırıb əllərindəki qəzeti yoldan keçənlərin qabağında yellədirdilər.

Biz təəccübləndik. Mirzə dedi ki, “Təbrizlilər yaman zarafatcıl olurlar. Yəqin bizi tanıyıblar ki, belə edirlər”.

Mirzə pul verib qəzet aldı. Doğrudan da “Şahin” qəzetinin birinci səhifəsində başda mənim kiçik bir şerimi dərc etmişdilər. Redaksiya bu növ ilə qəzetini satdırmaq istəyirmiş.

Təbrizdə çıxan qəzetlər arasında yaman rəqabət vardı. Bəzi qəzetlər alıcısız qalanda daha nəşr olunmurdu.

Hələ cənubda yaşayan yazıçı və şairlərin vəziyyətinə bir nəzər salaq. Şair mətbəə sahibi ilə danışıb qiymət kəsirlər. Əsər müəllifin kefi istədiyi tirajla çap olunur. Şair kitabını mətbəədən götürüb düşür bazarın canına. Dükançılarla sövdələşəndən sonra kitablarını satmaq üçün onlara təhvil verir. Əlbəttə, belə şəraitdə ancaq yazıçılıqla yaşamaq çox müşküldür.

Halbuki İranda 10 milyondan çox azəri yaşayır. Burada dövlət nəşriyyatı isə yoxdur.

Yeri gəlmişkən, Təbrizdə bir fars yazıçısına təsadüf etdim. O mənə kitabını bağışladı.

Kitabın cildində rəngli, yarımçılpaq bir qadın şəkli vardı. Ondan soruşdum ki, kitabda bu qadınmı haqqında söhbət gedir. Dedi: xeyr ağa, kitabda başqa həyatdan bəhs edilir. Bu şəkil kitabın satılması üçündür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов