Osman Sarıvəlliyə

Təbrik edirəm candan, ürəkdən səni, Osman,Təkrar nə deyir – gör sənə dostun bu Süleyman.

Sən hörməti insanlara hörmətlə qazandın,Qəlbindəki saf, nurlu məhəbbətlə qazandın.Şerindəki ən güclü həqiqətlə qazandın,Şair kimi heç güdmədin öz xeyrini dostum,Ellər oxuyur nəğmətək hər şerini dostum.

Ağ günlü həyatında elin baxtını gördün,Əzmində, səbatında elin baxtını gördün.Ən ülvi muradında elin baxtını gördün,Al bayrağı öz bağrına basdın yenə dostum,Yazdın, yenə yazdın, yenə yazdın, yenə dostum!

Hər dikbaşa baş əymədin ömründə özünçün,Mən-mən deyə car çəkmədin ömründə özünçün.Sən heç qapılar döymədin ömründə özünçün,Şöhrət özü döydü qapını, aç deyə, dostum,Şerinlə qaranlıqlara nur saç, deyə dostum!

Tərif dilənən kəsləri, sən sevmədin heç vaxt,Yad nəğmədə yad səsləri sən sevmədin heç vaxt.Biganə baxan gözləri sən sevmədin heç vaxt,Çal, çal, sazının susmasın heç telləri dostum,Çal, vəcdə gətir mahnı sevən elləri, dostum!

Qoy aləm eşitsin, mən ürəkdən çəkirəm car,Var, qarşıda bundan daha xoş illərimiz var,Yox, yormayacaqdır bizi bu zirvəli yollar,Heç baxmayıb öz şıltaq ürək ağrıma, dostum,Gəl, bir də basım mən səni öz bağrıma, dostum!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине