Bu gün yorğunluq zəif vücuduma elə qalib gəlmişdi ki, ə’zalarımı hərəkət etməyə belə qadir deyildim. Onun üçün adətimi pozaraq erkən yatmaq fikrinə düşdüm. Bu niyyəti əmələ gətirdikdə «Sabir gecəsi» münasibətilə veriləcək jurnala bir material və’d etdiyim yadıma düşdü. İndi nə yapayım? – deyə fikrə getdim. Sonra «Hophopnamə»ni götürüb oxumağa məşğul oldum. Məqsudim bir mövzu arayıb yazmaq idi. Fəqət onu unutmuşdum ki, Sabirin bu dərəcə dərin və abdar xəzinəsinə girən şəxs qərq olub tezliklə oradan çıxamaz.

Əvət, mən də çıxamadım: gecə yarıdan keçdi, mən hələ oxuyurdum. Xoruzlar ötüşdülər, mən hələ oxuyurdum...

Bilmərm kitabın harasında və nə zaman Sabirin sansız, müxtəlif tipləri başımda qaynaşaraq yuxuya getmişəm.

Rö’yada özümü «Sabir bağçasında» gördüm. Fəqət bu kiçik bağça qayət geniş, intəhasız bir meydana dönmüş. Sabirin heykəli də yüksəlib səmaya qədər qalxmışdır.

Bu meydanda Şərq millətləri qarınca kimi qaynaşırlardı.

Bir yanda «Qaç oğlan, qaç at basdı, millət gəlir!» sədası uçalırdı. Bir yanda Bakı qoçuları parta-part salıb növrəstə çavanları yanbayan yıxırlardı. Bu səmtdə əkinçi və fəhlələrin fəryadı gəlirdi. Bu küşədə mollalar sünni və şiə üstə vurhavur salırlardı. Məmdəli «Rey mülkünü satıram, ay alan!» – deyə bağırırdı...

Bir də gördüm bu qaynaşan insanlar sükut etdilər. Sonra Sabirin heykəlinə tərəf yürüş etməyə başladılar. Anladım ki, bu həşərat heykəli uçurtmaq fikrinə düşmüşlər.

Heykələ yaxınlaşdığda durdular. Sonra nə gördülərsə, xof və təlaşla qaçmağa üz qoydular. Bunların qaçmağına nə səbəb oldu, – deyə mən başımı yuxarı qaldırdım. Gördüm ki, heykəlin əlində gözlərə nur saçan bir məş’əl yanır.

Bəli, anladım ki, bu yarasalar, bu bayqüşlar ziyadan qaçırlar. Bu vaxt yuxudan oyandım. Bu rö’ya mənə bu fikri verdi: Sabirin sönməz məş’əli ilə Azərbaycanın xüsusən və Şərqin ümumən hər bir qaranlıq küşəsini işıqlandırmalı, xalq şairi Sabiri xalqa tanıtmalı, anlatmalı. Bu da yalnız ona bir heykəl yapmaq və namına bir kütübxana açmaqla olmaz.

Bunun başqa bir yolu var. Məsələn: xarici millətlər xalq şairlərini camaata layiqincə tanıtmaq üçün onların əsərlərini yüz minlərcə basdırıb müftə, yaxud ucuz qiymətlə paylamışlar. Odur ki, onların kəndləri belə haman şairləri tanımış olur.

Bizə gəldikdə hələ heç bir şairimizi dərəcəsincə camaatımıza tanıtmamışıq.

Hərkah məqsədimiz Sabiri Azərbaycan xalqına tanıtmaq isə, xarici millətləri tədqiq edib onların yolu ilə getməliyik.

Bu təklifimiz, mənə qalırsa, birinci növbədə Sabir kütübxanasının öhdəsinə gəlir. Arzu edərdim ki, kütübxanamız öz təşəbbüsilə çalışıb altı illiyində ortalığa Sabir xüsusunda bir çox tədqiqatlar da çıxarsın və bununla onu camaatımıza lazımınca tanıtmış olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов