Mən, 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində anadan olmuşam. Hələ uşaq yaşlarında ikən atam ölmüş, anamın himayəsində qalmışam. 1885-ci ildə dayım Səfərəli Vəlibəyovun (seminariya müəllimi) yardımı ilə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şö’bəsi yanında olan ibtidai məktəbin əlifba sinfinə qəbul olunmuşam.

1894-cü ilin iyun ayında seminariyanı bitirib, həmin il oktyabrın birində Bakının üçüncü şəhər rus-tatar məktəbinə müəllim tə’yin olunmuşam.

O vaxtlar Bakıda əhalinin azərbaycanlılar hissəsi üçün ancaq üç xalq məktəbi var idi. Bu məktəblər üç sinifli idi. Mövhumatçı mollaların tə’siri altında olan avam camaat, öz uşaqlarını bu məktəblərə buraxmırdılar. Halbuki, qaranlıq, rütubətli zirzəmilərdə yerləşən məhəllə məktəbləri – mollaxanalar şakirdlərlə dolu olurdu. Mollaların tə’sirinə qarşı mübarizə edərək, uşaqları məktəbə cəlb etmək üçün biz xalq müəllimlərindən çox əmək, ehtiyatlı olmaq və bacarıq tələb olunurdu. Biz qapı-qapı gəzir, ata-anaları başa salır və yalvarırdıq ki, uşaqlarını bizim məktəblərə buraxsınlar. Ata-analarla bu barədə apardığımız mübarizə, şair Sabir tərəfindən «Oxutmuram, əl çəkin» şe’rində təsvir olunmuşdur.

Bax, mən belə bir zamanda, belə şəraitdə, on doqquz yaşında bir kənc olduğum halda xalq müəllimliyinə başlamışam. Bu dediklərimə misal olmaq üçün sayısız-hesabsız hadisələrdən birini burada söyləmək istəyirəm. Mən çox sübut və dəlildən sonra atalardan birini öz oğlunu bizim məktəbə verməyə razı saldım. Doğrudan da o, sabahısı gün oğlu ilə bərabər məktəbə gəldi. Mən sevinclə onları qarşıladım. Uşağın məktəbə qəbul olunması haqqında ərizə yazıncaya qədək oturmalarını rica etdim.

Onlar oturdular. Mən ərizəni yazıb bitirdim və uşağın atasından qol çəkməsini rica etdim. O, böyük həyəcanla qələmi əlinə götürdü, əli əsə-əsə ərizəni imza etmək istərkən, başqa məktəbdən gəlmiş zarafatçıl bir müəllim bir dəfə asqırdı. Bu tək səbir, bu qədər çətinliklə qəbul olunmuş qərarın bir an içərisində pozulması üçün kifayət idi. O:

– Allah özü bu tək səbirlə məni bu şeytan əməlindən saqındırır, – deyə qələmi yerə qoyub oğlunun əlindən yapışdı. – Gedək oğlum, gedək. Bu məktəb deyilən şeytan yuvasından uzaqlaşaq!

Tək səbir mövhumatçı müsəlmanlar arasında, işin yaxşı getirməyəcəyinə işarədir.

Biz nə qədər ona yalvarıb, nə qədər inandırmağa çalışdıq ki, bu səbir yalançı səbir idi, – bir şey çıxmadı. Oğlanın özünün də yalvarıb məktəbdə qalmaq istəməsi atanın qəlbini yumşalda bilmədi. O, küçlə oğlunu məktəbdən çəkib apardı. Uşaqların özlərinin bizim məktəblərə əlaqəsi tamamilə başqa cür idi. Bunlar bizim məktəblərə girmək üçün can atırdılar. Mollaxanaların müəllimləri – mollalar uşaqlar üçün dəhşətli bir şey idi. Məhəllə məktəblərində – mollaxanalarda belə bir qayda var idi: uşaqlar məktəbə çox tez gəlməli idilər. Molla hər uşağa ayrıca dərs verirdi. Uşaqlar tapşırığı demək olar ki, bütün gün əzbərləyirdilər, molla uşaqları evə buraxmazdan əvvəl hər kəsi tək-tək yoxlayırdı. Uşağın hər bir səhvinə görə molla onun əllərinə bir çubuq çəkirdi. Beləliklə, səhv çox olduqca cəza da o qədər ağır olurdu. Uşaq başqa bir qüsur buraxmış olsa, o vaxt falaqqa işə düşürdü. Falaqqanın adını eşidəndə uşaqların bənizləri kətan kimi ağarırdı. Falaqqa xalqa şəklində qayış keçirilmiş uzun ağacdan ibarət idi. Müqəssir uşaq mollanın qabağında, arxası üstə uzanırdı. Onun çılpaq ayaqlarını falaqqanın xalqasına keçirirdilər. Falaqqanın iki ucundan iki uşaq – mollanın köməkçiləri yapışırdı. Onlar ağacı o qədər burudular ki, qayış yığılır və uşağın ayaqlarını möhkəm sıxırdı. Bu vaxt molla çubuğu götürüb bədbəxt uşağın ayaqlarına döşəyirdi. Cəzalandırılan uşağın dəhşətli bağırtısı kənc nəslin qəlbində «maarifçinin» vəhşiliyini dayandırmırdı.

Mən mövhumat, avamlıq və ətalətlə mübarizə etmək üçün ən yaxşı vasitələrdən biri də teatr olduğunu anlayaraq pyes yazmağa başladım. «Tamahkar» adlı birinci pyesim 1899-cu ildə yazılmışdır. Bu pyes keçmişdə və Sovet hökuməti dövründə dəfələrlə tamaşaya qoyulmuşdur.

1905-ci il inqilabından sonra Azərbaycan dilində mətbuat orqanları yarandığdan sonra mən «İrşad» və «Tərəqqi» qəzetlərinə kiçik hekayələr yazmağa başladım. Bu vaxt «Nicat», «Nəşr-maarif», «Səadət», «Cəmiyyəti-xeyriyyə», «Səfa» cəmiyyətləri meydana gəldi.

Mən başlıca olaraq «Nicat» cəmiyyətində işləyirdim.

1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılmışdı. Bu qurultayda Azərbaycan məktəblərinin çox yoxsul vəziyyəti aydınlaşdı. Məktəblərdə proqram və hazırlıqlı Azərbaycan dili müəllimləri yox idi. Qurultay ibtidai məktəblər üçün ancaq proqram hazırlaya bilərdi. Bu proqram əsasında dərs kitabları yazmaq müəllimlərə tapşırılmalı idi. Biz səs üsulu ilə əlifba tərtibinə başladıq. Bu vaxt ərəb əlifbasının səs üsuluna uyğun gəlmədiyi bəlli oldu. Biz cəsarətlə bu əlifbanın islahına başladıq və bu əsasda əlifba kitabı düzəltdik. İslahımızı və əlifba kitabımızı 1907-ci ildə çağırılan ikinci müəllimlər qurultayına təqdim etdik. Qurultay prinsip e’tibarilə quya bizim islahatımızla razılaşdı, lakin formal cəhətdən (bunun üçün ümum müsəlman qurultayının razılığı lazımdır, bəhanəsilə) islahı rədd etdi. Bu bizi işdən soyutmadı və biz anladıq ki, islahı qurultaylardan, konfranslardan və sairədən keçirmək təşəbbüsü boş işdir. Buna görə də heç kəsin rə’yini soruşmadan öz təşəbbüsümüzlə, altı müəllim «İkinci il» adlı dərs kitabı tərtib etdik. Bu kitabda bə’zi imla islahları tətbiq olunmuşdu. Lakin bu təşəbbüsümüz də irticaçı ziyalıların şiddətli hücumuna səbəb oldu. Bununla belə qəzet və jurnalların çoxu bizim imlanı qəbul etdi. 1907-ci ildə əlifba kitabı düzəldərkən doğmuş fikir – qəti olaraq latın əlifbasına keçmək fikri – bizim başımızdan çıxmadı. Biz bu sahədə işləyərək, bu fikri sovet dövrünə qədər gətirib çatdırdıq. Sovet hökuməti məşhur latınçı (yə’ni latın əlifbası tərəfdarı), bu ideyanın atası, Azərbaycanın böyük yazıçısı, dramaturqu Mirzə Fətəli Axundovun ideyalarını həyata keçirdi.

Azərbaycan məktəblərinin sayının artması ilə əlaqədar olaraq uşaq ədəbiyyatına böyük ehtiyac yarandı. Əvvəlcə «Dəbistan» məcmuəsi nəşrə başlandı. O bağlandıqdan sonra «Məktəb» məcmuəsi çıxdı. Bu məcmuələrdə başlıca olaraq tərcümə hekayələri nəşr olunurdu ki, bu hekayələr də Azərbaycan uşaqlarını o qədər maraqlandırmırdı. Bu vaxt mən uşaqlar üçün, onların doğma dilində, Azərbaycan həyatından alınmış orijinal hekayələr yazmaq fikrinə düşdüm. «Qorxulu nağıllar» adlı ümumi sərlövhə altında bir seriya hekayələr yazdım. Bunlar uşaqlar arasında çox məşhurdur və uşaqların məhəbbətini qazanmışdır. 1918-ci ildə Bakı Kommunası zamanında mən sovetdə, cəlb olunmuş üzv sifətilə xalq maarifi işində işləmişəm. İyulun 8-dən osmanlı işğalçıları gələnədək Bakı Kommunasında çalışmışam. Buradakı əsas işim Sovet zəhmət məktəbləri üçün proqram düzəltmək, məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və rayonlarındakı maarifçilər arasına soxulmuş eks-inqilabçıları ifşa etmək məqsədilə maarifçilərin bütün heyətini siyahıya alıb, yoxlamaqdan ibarət idi.

1920-ci il iyunun 11-də mən Şuşaya işləməyə göndərildim.

Sonra mən Kürdüstanda kənd sovetləri təşkil etmək, Qarabağ və Zəngəzur rayonlarının birinci kəndli qurultayına nümayəndələr seçmək işi ilə məşğul olmuşam. Bu qurultay 1920-ci il iyulun 28-də Şuşada keçirildi.

1920-ci il avqustun 9-da Qarabağ vilayətinin maarif şö’bəsi müdiri vəzifəsinə tə’yin olundum. 1921-ci il fevral ayınadək bu vəzifədə çalışdım. Sonra xəstələndiyimə görə Bakıya, həmişəlik vəzifəmə – məktəb müdiri vəzifəsinə dəyişildim.

Həmin il Azərbaycanın sovetləşməsinin birinci ildönümü münasibətilə pyes üçün müsabiqə e’lan olunmuşdu. Bu müsabiqədə iştirak edərək yazdığım «Laçın yuvası» əsərinə görə birinci mükafatı aldım. Həmin ilin noyabr ayında Bakıda Azərbaycan Tənqid-təbliğ teatrı açıldı. Vəziyyət çox çətin idi. Bu teatr üçün nə hazırlıqlı artistlər, nə də bu teatrın ruhuna uyğun pyeslər var idi. Çox çətinliklə bir neçə pyes yarada bildik və noyabrın 13-də teatr mənim «Çərxi-fələk» pyesimlə açıldı.

Bu teatr camaatın rəğbətini çox tez qazandı, xüsusilə fəhlələr arasında yaxşı hörməti var idi. Sonra bu teatr Azərbaycan İşçi teatrına çevrildi. Bu teatr üçün mən bir çox pyes yazmışam.

1922-ci ildə mən 5 pərdəli «Eşq və intiqam» pyesini yazdım.

1923-cü ildə Bakıda «Şərq qadını» məcmuəsi nəşr edilməyə başladı. Mən Azərbaycan qadınlarının kənc orqanı üçün bir sıra hekayələr yazdım. Eyni zamanda «Maarif və mədəniyyət» məcmuəsində də iştirak edirdim.

Azərbaycan və ümumiyyətlə Şərq xalqlarının geridə qalmasının əsas səbəbini qadınların örtülü olmasında və ərəb əlifbasında gördüyümdən, qüvvəm çatdığıca xalqımızın bu mənhus irsdən xilas olması üçün çalışmışam.

36 il pedaqoji-mədəni işlərdə çalışdığdan sonra, səhhətim pozulduğundan Bakı maarif şö’bəsindən, 19-cu və 29-cu məktəblərin müdirliyindən məni azad etməsini rica etdim. 1930-cu il yanvar ayının 11-də Bakı xalq maarif şö’bəsi mənim xahişimi yerinə yetirərək, məni işdən azad etdi. 1932-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi, mənim uzun müddət davam edən pedaqoji, ədəbi, həmçinin mədəni-ictimai fəaliyyətimi; 1921-ci ildən 1930-cu ilədək ara vermədən Bakı Soveti üzvü, Bakı icraiyyə komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvü olaraq çalışdığımı nəzərə alaraq mənə Əmək qəhrəmanı adı verdi.

Hazırda Sovet Yazıçılar İttifaqının üzvü olaraq ədəbiyyat cəbhəsində çalışıram.

Süleyman Sani Axundov.

Bakı, 1935

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов