Nizami komada yazdı,Sən isəBeş gözlü sarayda yazdın o ki var.O qızıla tutdu şeri, sən misə,Sancıldı döşünə qızıl medallar.

Füzuli qürbətdə qala bilmədi,Yumdu gözlərini el deyə-deyə.Beş axça bəxşişi ala bilmədi,Bir torba pul aldın hər mədhiyyəyə.

Sabirin mazuta batdı libası,Doldu ciyərinə his qucaq-qucaq.Mindiyi yüz ilin kəl arabası,Sənin qara “Volqa”n par-par, cağbacaq.

Nəsimi qürbətdə, intizardadır,Sən öz sorağını Aydan gəzirsən.Bilmirəm Hadinin qəbri hardadır,Sən öz heykəlinçün meydan gəzirsən.

Doyurmu şöhrətdən gözün!Əttövbə!Bəlkə medalımı sənə pay verim?Dahilər içində yaransa növbə,Deyərsən: – Birinci sıradır yerim!

Özünə beləcə bir yol seçmisən,Bir sözün, əsərin yoxdur yadda, yox!Hər şeydə onları ötüb keçmisən,Ancaq şairlikdə, istedadda yox.

Bir gün vidalaşıb əzizlərinlə,Sonra diriləydin, dostum, bəlkə sən!O zaman görərdin öz gözlərinlə,Dahilər yanında sən bir kölgəsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов