Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,Dərdindən ölən aşiqini bir düşünərsən.

Etməz, mələk olsa, bu qədər naz ilə qəmzə,İnsaf elə bari, gözəlim, sən ki, bəşərsən.

Naz ilə gələrkən qədəmin qoy gözüm üstə,Qoyma quru yer üstünə, birdən sürüşərsən.

Biganə ilə gəzmə, dedim, qəlbinə dəydi;Cana, nə bilim, sən bu qədər dəymədüşərsən?

Əğyar yetir vəslinə, amma mənə dersən:Sən düşmə bu xülyalara, umsunma, şişərsən.

Bir salmadın öz aşiqini yadına, zalim!Əğyar ilə amma gedib hər gün öpüşərsən.

Əl çək, demə, ey dil, mənə zülfündən o mahın,Bir gün bu kəməndə sən özün də ilişərsən.

Rəhm eyləmədin Vahidə, zalim, dirilikdə,Öldükdə məzarilə gedərsən, görüşərsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви