Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!

Yenə var köhnə üsul ilə bu gün dərs oxudan,Doymamış xəlfələri gör bu min illik yuxudan,Bu işə yaxşı deyən var Qarabağdan, Nuxudan,Köhnə məktəbləri dükkan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Çox da hər yerdə qumarxanələr olmuş icad,Xalq içində törədir min cürə hər gündə fəsad.Ayıl, ay bəxtəvər oğlu, bu deyildir irad,Aqibət bu işə saman olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Necə qanmaz kişilər var, aparıb zəhləmiziKi, nə var oğru, siqan qarət edir məhləmizi.Oğruyurlar gecə lampoçkamızı, vedrəmizi,Hələ onsuz da çırağban olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Qalmışam matü məəttəl o raboçi Həsənə,Poçtu soymaq sözünü söyləyir hər gündə mənə.Bir deyən yox buna, axmaq kişi, axır sənə nə,Qeybdən dərdinə dərman olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Tutular dəhnəsi, axmaz yerə yeksan suların,Xeyr olar aqibəti fikrlərin, duyğuların.İşi bir yanə yetər mirzələrin, mollaların,Sarığı başına qalxan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Mollalar gərçi edir işçini daim isfal,Haqqı öz nəfi üçün eyləyir hər yan pamal.Boğazından yapışar bir gün onun işçi Cəlal.Özü axırda peşiman olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Yazıb hər gündə qumarbazı, sataşsaq qoçuyə,Qorxusundan oların çıxmaq olarmı küçəyə?Çizkarlar bizi öldürtdürəcək heç neçəyə.Yerimiz rövzeyi-rizvan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Gəldi gül fəsli, tükəndi dəxi əyyami-xəzan,Çıxacaq bulvara seyr etməyə həp yaxşı-yaman.Üzü kirşanlı madamlar dolacaqdır hər yan,Hər tərəf büsbütün əlvan olar, inşaallah,Ölkəmiz mərkəzi-ürfan olar, inşaallah!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира