Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,Eşqdən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Qoy Vətən daim işıqlansın gözəl bir şəm tək,Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.

Nazənin, rəna gözəllərdir baxırsan hər yana,Bəs bu torpaq indi bir cənnət deyil, aya, nədir?

Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.

Vahidəm mən, sevgilim, məndən xəyanət görməzsən,Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви