Badi-səba, bir xəbər ver könlümə,Ol güli-xəndanım neçün gəlmədi?Xəyalım şəhrini qoydu viranə,Sərvərim, sultanım neçün gəlmədi?

Sərxoş yerişinə qurban olduğum,Görməyəndə dəli-devran olduğum.Mina gərdəninə heyran olduğum,Sərvi-xuramanım neçün gəlmədi?

Qaşı kaman, kirpikləri qəməlim,Ağzı şəkkər, dodaqları yeməlim,Əlvan kəlağaylı, bəyaz məməlim,Sinəsi meydanım neçün gəlmədi?

Mehrabü mənbərim, Kəbeyi-ülyam,Əqlim, huşum, canım, həm dinim, dünyam,Elim, günüm, obam, Misrü Züleyxam,Yusifi-Kənanım neçün gəlmədi?

Nəsrin binaguşlum, bənəfşə muylum,Pərilər tələtlim, məlaik xoylum,Büllur lətafətlim, sənubər boylum,Huriyü qılmanım neçün gəlmədi?

Ağzı xeyir sözlüm, dili diləklim,Tər qollum, ağ əllim, gümüş biləklim,Qarıçqay cilvəlim, tavus bəzəklim,Libası əlvanım neçün gəlmədi?

Vaqif, ilə döndü bir saətimiz,Nə səbrimiz qaldı, nə taqətimiz.Bu gündən belədir qiyamətimiz;Gəlmədi cananım, neçün gəlmədi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов