– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?

– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.

– Dünya bərbad olub? Nə olub məgər? A kişi, nə vaxtadək biz sənin ah-naləni eşidəcəyik, kifayət deyil?

– Gör ağlarsan, ağlamazsan?! Atam, ənvayi-müsibət ilə özümə bir koma tikmişdim. Bir namərtub, atasından bixəbər gözüm görə-görə komadan məni çıxardıb ki, koma mənimdir. Başıma da beş-on yumruq çırpıb, məndə güc yox. Neyləyim, neyləyim, düşdüm qapılara, yalvardım qonşularıma: ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı. Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular.

İndi qalmışam naçar, bilmirəm harda gecələyim. Bundan artıq dəxi nə istəyirsən? De görüm sən də ağlarsan, ağlamazsan, kərbəlayı?

– Ağa Dərviş! Yaxşı, atam, o qonşular həmişə insafdan, vicdandan və insaniyyətdən dəm vuranlardır. Nə deyib sənə kömək etmədilər? Necə razı oldular belə açıq quldurluğa? Sən bir balaca ayağını əyri qoyanda onların dad-fəryadı göyə çıxır: “Ay aman, ay dad, qoymayın dərviş dünyanı xaraba qoymaq istəyir. Filana, filana əziyyət verir. Başından basıb, qoymayınız nəfəsi çıxsın”. Afərin belə insafa, belə dövrana!.. Atam, görünür ki, sənin bəzi qonşuların özləri də qaçaq-quldurdan bədtərdirlər...

– Kərbəlayı! Cəmi işlərdən müşkülü odur ki, heç kəsi qoymurlar ki, mənlə bərabər göz yaşını töksün. Bilirsən, insana bir bəla düçar olanda, ona göz yaşı yenə bir təsəllidir. Zalımlar onu da qoymurlar...

– Bəs indi fikrin nədir?

– Fikrim nə olacaq? Xəlvətdə ağlamaqdan savayı nə ola bilər?.. Belə zülmü Allah-taalanın divanına tapşıracağam. Əgər Allahın rəhmi olar, inşallah da olacaq, komam qayıdar özümə. Əgər qayıtmaz, özümü həlak etməkdən savayı əlacım dəxi qalmır... Yurdsuz-yuvasız mən dünyada necə ömr edə bilərəm, sən özün de, kərbəlayı?

– Allah sənin dadına yetsin, ağa Dərviş! Bundan savayı mən sənə nə deyə bilərəm, əlimdən nə gəlir?

– Atam, Allah səndən razı olsun, mənim bu halımda sənin bu sözlərin də mənim üçün genə bir təsəllidir... Xudahafiz.

“Yeni İrşad” qəzeti, 28 sentyabr 1911, №24

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов