Balaca mütəfərriqələr 45
Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.
– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!
– Ağacan! Hal-hazırımız məni yandırıb, vadar edir. Qəzəbnak olmayız, elmsiz cəhalətdə qalıb payimal oluruq... İran bərbad olur cəhalətdən... Avropa məmləkətlərindən yeddi yaşından tutmuş ta yetmiş yaşınadək bir ünas, ya zükur tapmazsan ki, mədəniyyətdən kənar olsun; amma buyuruz bazara, buyuruz karxanalara, mədənlərə. Min nəfər İran əhlindən biri, bəlkə yazıb oxumaq bilə.
Ağacan, bir gün qəsdən əlimə bir kağız alıb dövr etdim, bazarı gəzdim, karxanaları, mədənləri dolandım, bir İran əhli tapmadım ki, mənim kağızımı oxusun, hər yerdə savadım yoxdur dedilər... Ahnaləm asimana bülənd oldu. Mərhum Nəsrəddin şahı yad-bud etdim... Necə yad-bud etdim? Onu, arifsən, ağacan, annarsan...
İran dursun kənara. Götürək bizim öz şəhərimizi. Təftiş ediniz, onda bilərsiniz ki, iki yüz adamdan bəlkə bircəsi ana dilində oxuyub yazmaq bilir... Məgər bu halət huşyar olan qardaşlar üçün müsibət deyil!
– Ağa Dərviş! Sözlərin haqdır, amma işə bir tərəfdən baxırsan, atam! Elm lazımdır. Elmi peyğəmbərimiz vacib edib. Ancaq çifayda, bizim darülfünun qurtarıb gələn bəzi cavanlarımız camaatı elmdən ikrah ediblər. Bu həzərat bizlərə etina etmirlər. Cəmi sülük-rəftarımızı tənqid edirlər. Bu sifətlər kimi elmdən ikrah etməz, əfəndim?
– Ağacan! Bisəbəb iş olmaz, çox da müqəssir etmirik bu cənabları; tərbiyəli anaları olmayıb.
– Ha, ha, ha... Bağışla məni, ağa Dərviş, tamaşa et bu ürəfaların işlərinə... Aralarında ana dili məhv, dillərini də... Hərəmləri: biri firəng, bir alman, biri yəhudi, biri kim... Balalarının ismi-şərifləridir: Nisə olub Dusya, Züleyxa – Zulya, İskəndər – Saşa, Midhət – Mitya, Mərziyə – Marusya, Ayna – Anyuta, İzzət – Aza... Hakəzə... Belə evlərdə verilən tərbiyədən nə hasil olacaq, atam? Bizləri tanımayacaqlar, bizlərə yaxın durmayacaqlar.
– Ağacan! Dübarə ərz edirəm ana olmayıb... Tərbiyəli ana gərək tərbiyəli bala yetirsin... Bundan sonra ümidimi hər tərəfdən kəsib, atam, dəxil düşəcəyəm analar qapısına: analar, sizi and verirəm o məhəbbətə, hansı ki övladınıza var, bizi bu təhlükədən qurtarmaq adilə ömrünüzü sərf edin elmə və elm gücilə tərbiyə verin balalarınıza. Hansılar ki bir tək sizin təhti-nəzarətinizdədirlər və möhtacdırlar ana tərbiyəsinə! Xudaya, dərvişin bu naləsini icabətə yetir.
“Yeni İrşad” qəzeti, 18 sentyabr 1911, №15
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-balaca-muteferriqeler-45
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Komediya 4 məclisdə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisVaqe olur Ağa Kərim xanın evində, otağın qabağında bağça, Rəhim ayaq üstə, Leyla xanım əyləşib taxt üstə.*Rəhim**. Mən çox təəccüb edirəm, Leyla xanım, əlhəmdülillah əhd-peyman elədik ölənədək bir-birimizdən ayrılmayaq; o gündən bəri mən şadlığımdan bilmirəm neyləyim. Amma sən həmişə fikirdəsən, üzün gülüb, qaşqabağın açılmır. Qana bilmirəm səbəb nədir?.. Yoxsa peşman olubsan, əzizim?
İkinci məclisVaqe olur həmin otaqda.*Ağa Kərim xan** (tək). Vallah, axır ki, ürək döyünməsinə düşmüşəm... İt hürdükcə qaçıram bağa. Əlac nədi, qorxuram... Zalım uşaqları sandıqçanın yerini bilib, pulumu apararlar. Yerini dəyişməyə də cürət edə bilmirəm, qalmışam naçar.
Üçüncü məclisVaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar.*Ağa Kərim xan** (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum?