– Kərbəlayı, doğru buyurursan, keçən vaxtlar mən də bazara, dükan qabağına çıxıb yanıqlı qəsidələr oxuyurdum. Camaat yığılırdı başıma, mən də səslənirdim:

Qonşu köçdü, biz qaldıq,
Aman ellər, ay ellər!
Yaman günə biz qaldıq,
Fəryad ellər, ay ellər!

Qışqırırdım.

Keçsə belə günlər, belə illər, belə dövran,
Dünya olacaq başımıza təng, deyirlər...

Amma, çifayda, kərbəlayı, zəhmətim bisəmər qaldı. İndi mən aşkar görürəm ki, torpağımızda zəhər var. Heç bir toxum belə torpaqda nəinki bitməz, hətta cücərməz də. Ona görə də bazar dövrünü mən tərk etdim.

– Nə eyib elər, ağa Dərviş, qəsidələrdən əl çəkmisən, yazmaqdan əl çəkmə. Əlhəmdülillah, ruznaməmiz ki var, qoy oxusunlar, bilsinlər ki, dərdimiz nədir, dərdlərimizə əlac nədir.

– Bağışla, kərbəlayı! Qəribə sən bixəbər adamsan! Atam, qabaqca mənə ruznamə oxuyanları göstər, baş üstə, mən də yazım... Bizim camaatın başı gecə-gündüz qəpik-quruş güdməkdədir. Bir qara pul bizim üçün hər bir şeydən qiymətli olubdur. Bir saat vaxt olar ki, ruznamə də oxusunlar? Əlavə böyük bədbəxtlik ondadır ki, camaat arasında yüzdən birinin savadı var və savadı olan adam bizim ruznamələrə əsla etina etmir. “Nə ruznaməbazlıqdır?” – deyib bulvara təşrif aparır... Yox, kərbəlayı, Allah xatirinə əl çək yaxamdan. Bundan sonra mən əlimə qələm də almayacağam, çünki torpağımız torpaq deyil, zibildir içində zəhər...

– Bəs nə etmək gərək, ağa Dərviş? Sən özün deyirsən ki, işlər belə keçsə dünya olacaq başımıza təng deyirlər. Elə yatıb qalaqmı?

– Yatıb mürtəd azarlıq etməmək ki, xeyr bir işdir. Dərd orasıdır ki, bu kəsafəti-mədə ilə bir-birimizə əziyyət də veririk, bir-birimizin malına, canına, namusuna toxunuruq. Elə namərtub, bivicdan işlər görürük ki, adamın əti ürpəşir, başının tükü qabarır.

– Hansı işlərimizi buyurursan, ağa Dərviş?

– Qulaq as, kərbəlayı! Bir gün bir məclisdə əyləşmişdim. Başladılar ki, bir ya iki ildən artıq övrət saxlayan kişinin ağlı yoxdur. Övrət növrəstə gərək ola, ildə də biri... Ağalardan birisi buyurdular ki, ildə bir övrət almaq yaman olmazdı, amma bir az çox xərc istər. Həzəratın neçəsi qəhqəhə edib buyurdular ki, övrətin başına elə iş gətirmək olar ki, atası evi deyib, düz getsin. Kəbin pulu nədir, xərci nədir? “Kəbinim halal, canım azad”, vəssalam. Get bir qeyri-kasıbca, növrəstə qız tap, on dörd yaşında. Pəh, pəh, pəh, ildə biri...

Məclisdə sinnə dolmuş cənablara nəzər etdim, aşkara gördüm ki, ağalarımın söhbət xoşlarına gəldi...

Qalxdım ayağa... Ağlım başımdan oynadı... Ərz elədim: – Ay biinsaflar, biədəblər, biqeyrətlər! Məgər ünas tayfasını Allah yaratmayıb? Məgər sizlərdə insaf, mürüvvət, rəhm yoxdur? Necə həya edib dilinizə gətirə bilirsiniz göyçək, kasıbca qızı, on dörd yaşında, bir ildən sonra küçələrə atılmış, ac-susuz?.. Bərəkallah! Adınızı müsəlman qoymusunuz... Bütpərəstlər!.. Heyvandan əskiklər!

“Vay, vay!” – deyib çıxdım məclisdən...

“Yeni İrşad” qəzeti, 18 oktyabr 1911, №41

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 12

Ucadan danışmaq da yəqin cəhalətin bir nişanəsidir. Ömrümdə hər nə şikayət var isə mənim, hamısı o məni təngnəfəs edən cəhalətdəndir. Xudaya, nə vaxt biz o zülmətdən xilas olacağıq?!Sübhdən gözümü açmamış dalandar cənab Kərbəlayı Səfi bağıra-bağıra mənzilə daxil oldu.

19051 мин
Balaca mütəfərriqələr 13

Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. Bu qərar ilə oturub mənzildə bir günü xəyalıma gətirdim yer üzündə olan müsəlman qardaşlarımın haləti-hazırını. Nə gördüm? Hər yerdə zülmət, cəhalət gördüm, tiryək gördüm, bəng gördüm, zülm gördüm; birəhm, bimürüvvət, kəmfürsət gördüm... Haqq sözü qorxuda gördüm. Şikayətləndim: Xudaya, bu qəzəb göydənmi bizə gəlib, baqidirmi, ya bizim üçün bir nicat yolu var?– Ağlım dedi: qorxma, Dərviş, ətrafa bax, nicat yolunu görərsən... Baxdım, nicat yolunu gördüm. Nədən başlamalı? Min illərdir mənbərlərdə vəzlər oxunur. Xudaya, necə gözəl vəzlər!.. Şəriətdən, insaniyyətlikdən. Onunla belə tiryəkdən əl çəkmişik? Xeyr! Yuxudan ayılmışıq? Əstəğfürullah! Rəhm-mürüvvət artıb? Müsəlmanlığa yaxınlaşmışıq? Nə, nə, nə, nə!

19051 мин
Balaca mütəfərriqələr 14

– Salam əleyküm, ağa Dərviş! Oğlan, heç görünmürsən, yəqin ki, qorxursan çölə çıxmağa?– Hara görünüm, atam, məgər şəhərin halından xəbərdar deyilsən?

19052 мин
Balaca mütəfərriqələr 15

– Salam əleyküm, ağa Dərviş!– Əleykəssalam, kərbəlayı! Buyur görək!

19051 мин

Стихи других поэтов