...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.

Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...

Amma, kərbəlayı, mən o qədər qəti ümid olmuşam ki, bu zamanda iki nəfər adamın da birləşməyinə etibar edə bilmirəm. Odur ki, camaat işlərimiz də bisərəncam qalmaqdadır. İndi biz, atam, etibardan düşmüşük, rahat yatmışıq. Cəhalətlə o qədər bərk yatmışıq ki, bəlkə də qiyamətdə ayılaq.

Bəli, bəli, yatmışıq, məst olmuşuq.

“Yeni İrşad” qəzeti, 25 oktyabr 1911, №47

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов