Страница 2 из 2 · 50%

Xan. Arvad axırda sən hədyana düzdün, sarsaqladın. Dur gözümün qabağından sürün, yoxsa dişlərini tökərəm, atamın ərvahına.

Bədircahan bəyim. Nöşün acığın tutur. Sözüm haqdır, onun üçünmü?

Xan. Əstəğfürullah, lənət sənə kor şeytan.

Bədircahan bəyim. Yoxsa fikrində var məni basıb döyəsən də?

Xan. Sən istehza başlamısan, üstümə gülürsən? Səni döymək olmaz? Canını da almaq olar.

Pərzad. O vaxtlar keçib, xan. Əl saxla, heç kimi döymək olmaz, nəinki öldürmək. Səni bir xan elərlər ki, adın yadından çıxar.

Xan. Sən nə qələt edirsən, heyvanın balası? Sən kimsən, nəçisən? Nə cürət edirsən?

Pərzad. Xan, məni tanımırsan? Otuz ilin qulluqçusunu, Zəhranın dayasını? O sözləri geri götür, xan.

Xan. Əstəğfürullah, səni çoxdan tanıyıram. Səni bu evə kim darğa tikib, kim?

Pərzad. Mən darğa-zad deyiləm. Ancaq onu bilərəm ki, Zəhranı mən saxlamışam. Gecələr yuxusuz qalıb, səhərə kimi beşiyini yırğalamışam... O ağlayır, mən dözə bilmərəm... O Səfiquluya baxınız! Mənim beş kor qızım olsa, onun birini ona versəm, atama lənət!

Xan. Heç kimin ixtiyarı yoxdur bu işə qatışsın... Səsini kəs! Yoxsa dilini yerindən qopardaram!

Pərzad. Gör sən necə daş üzlü atasan ki, Zəhra kimi qızı ağlar günə qoymusan. Mənim dilimi qopartmaq olmaz, xan, əl saxla!

Bədircahan bəyim. A kişi, bircə insafın olsun... Məgər qızdan soruşmusan ki, qızım, gedirsənmi filankəsə?

Xan. Qızı öz başına qoysan, ya zurnaçıya gedər, ya nağaraçıya. Qız ancaq kəbin kəsilən günü gərək bilsin atası onu kimə verir. Köhnə qaydalarımızdan mən əl çəkə bilmərəm, onu biliz!..

Bədircahan bəyim. A qız, get Zəhranı çağır gəlsin bura.

Pərzad gedir.

Xan. Mən aşkar görürəm ki, siz məni lağlağı etmək istəyirsiniz. Amma bacarmayacaqsınız, heç zəhmət çəkməyin!..

Zəhra bəyim, dalınca Pərzad daxil olur.

Zəhra bəyim. Nə buyurursunuz?

Xan. Zəhra, doğrudurmu, sən o motalpapaq Hacı Osmanın oğlu Mikayıla söz vermisən, ölənədək ondan ayrılmayacaqsan və əhdi-peymanın üstə möhkəm durmusan?

Zəhra bəyim. Ata! Hərgah bu işdə Səfiqulunun adı olmasaydı, bir piyalə zəhər də mənə versəydin, mən onu içərdim. Ata, mən cəsarət edirəm, məni bağışlayınız, mən ölməyə razıyam, amma sənə yalan deməyə yox... Mən o sözü vermişəm...

Xan. O sözün üstündə bərk durmusan və duracaqsan da, belədirmi?

Zəhra bəyim. Bəli, ata.

Xan. Afərin, indi bildim ki, sən mənim halal qızımsan... Mən də söz vermişəm Səməd xana səni verəm onun oğlu Səfiqulu xana və sözümün üstə bərk duracağam.

Zəhra bəyim. Ata, qurban olum sənə, Səfiqulunun heç bir tikə savadı yoxdur, sən necə rəva bilirsən məni o heyvana verməyi?

Xan. Səfiqulu bisavad olsa da, bizə taydır, əlavə, mən öz sözümdən dönə bilmərəm...

Pərzad. Ay xan, ay xan! Səfiqulu vallah, billah, nökərliyə layiq deyil...

Xan. Səsini kəs, heyvərənin balası!..

Zəhra bəyim. Ata, həmişə sən mənə əziz balam, təkcə balam deyib bağrına basırdın, hər gün bir neçə dəfə başımı sığallayıb, üzümdən öpürdün... İndi məgər sənin mənə yazığın gəlmir?

Bədircahan bəyim. A kişi, Allaha bax, tanrıya bax, ağlın olsun. Belə rəftarı hər kim eşitsə adamın cəmdəyinə tüpürər...

Xan. Kəs səsini, danışma. Yoxsa sümüklərini sındıraram... Bir yol söz vermişəm, qurtarıb gedib.

Pərzad. And olsun Allaha, bu evə mən bir od vurram, yalavı ərşə çıxar. Səfiqulu nə itdir ki, bu qapıya yaxın gəlsin? Mən Zəhraya süd vermişəm, qızım deyirəm... Ölənədək ona mən analıq edəcəyəm... Qoymaram ki, o bədbəxt olsun... Rəhmətliyin oğlu! Dəvədən yıxılıb, höt-hötündən əl çəkmir... “Xan”... Xan indi zibil, indi zibil.

Xan. Ay Pərzad! Qudurma, yoxsa başına müsibət açaram, and olsun atamın ərvahına... Zəhra, mən gedirəm bir işin dalınca... Sən qalacaqsan bu evdə, iş tamam olanadək... Qandın?..

Zəhra bəyim. Ata, sahibsiz yetim qız ilə belə rəftar etməzlər ki, sən mənim ilə edirsən... Səbəbi də budur ki, mən namusuma qısılıb, bihəyalıq etmək istəmirəm... Amma sən məni vadar eləyirsən ki, əmrindən çıxmağa... Ata, Allah xatirinə, məni o məqama gətirməyiniz ki, mən özümü ləkələndirim...

Xan. Atamın ərvahına and olsun, bir elə iş olsa, mən o motalpapaqların yurdunu tar-mar elərəm. Sənin fikrin odur ki, mən sözümdən qaçım, desinlər ki, Hüseynəli xan İmamqulu xanın oğlu bir balaca qızın əlində aciz qaldı. Sözünə əməl edə bilmədi?.. (Çağırır.) Qulam! A gədə, bəri gəl!

Qulam (gəlib). Nə buyurursunuz, ağa?

Xan. Bir-iki gün darvazanı bağlarsan, bu evdən kənara çıxmağa heç kəsi qoymazsan, eşitdinmi?

Qulam. Baş üstə...

Xan. İndi gəl bəri, kağız yazacağam, onu aparıb verərsən Səməd xana və cavabını da alıb gətirərsən.

Gedirlər.

Pərzad. Get, dalınca da bir qara daş... Qızım, Zəhra, ta niyə durmusan? Durmaq yeri deyil...

Zəhra bəyim. Pərzad nənə, Mikayılın ölümündən qorxmasaydım, çoxdan başıma bir çarə qılardım, neyləyim... Mən o fikrə düşəndə Mikayıl gəlib durur gözümün qabağında. O gic Səfiquludan hər nə desən çıxar... Ana, mən gedirəm xalamın yanına. Cahangir bəy məni saxlar, qoymaz bir kəs mənə yaxın gəlsin... Əlavə, deməzlər ki, xanın qızı qoşuldu qaçdı.

Pərzad. Sənin ağlına, qeyrətinə qurban gedim, ay qız... Bədircahan bəyim, sən də dur bir yana qaç.

Zəhra bəyim. Pərzad nənə... (Qucaqlayıb ağlayır.) Mən gedirəm... Kişi sənə əziyyət verəcək.

Pərzad. Qorxma, canım sənə qurban... Arxayın ol, get... Kişi evdən çıxan kimi gələcəyəm yanına. Durmaq yeri deyil... Bədircahan bəyim, sən də... Ya Allah. (Gedirlər.)

Pərzad (tək). Əlisi dəli, vəlisi dəli, it uşağının hamısı dəli. Söz vermişəm Səməd xana... Çox qələt eləmisən. Yekəbaş axmaq!.. Səfiqulu Mikayılı hədələyir... Yazıq qız da eşidib bilmir neyləsin... Qalmışam naçar... İstəyirdi atasının əli ilə Səfiquludan xilas olsun... Kişi də ki, bir gic inadın biri. (Səktə) Allaha pənah!...

Xan (daxil olub ətrafa baxır). Zəhranı görmürəm... Bədircahan hansı cəhənnəmə gedib? (Yan otaqlara baxıb.) Pərzad! De görüm Zəhra necə oldu? Karsan, eşitmirsən? Pərzad, nəfəsini kəsərəm, de görüm bunlar necə oldular?

Pərzad. Neyçün qışqırırsan? Mən nə bilim hara getdilər.

Xan. Pərzad, and olsun İmamqulu xanın qəbrinə, səni iki parça elərəm, doğrusunu de!

Pərzad. Xan, yadından çıxıb? Sahibim əlimdən getdi. Balaca tifilim onun dalınca... İyirmi altı yaşında dul qaldım sənin evində, meylimi saldım Zəhraya, bu evdən getmədim... Sən gəlib yıxıldın ayağıma, yalvardın, üstümə xəncər çəkdin... Əlinə nə gəldi?.. Gördün kənd qızında olan namusu?.. O vaxt səndən qorxmayan kənd qızı indi heç qorxmaz... Əlində iyirmi arşın ipək parça, üstündə gümüş toqqa, gəldin yanıma... Axırı necə oldu? Toqqanı vurdum başına, parçanı atdım ocağa... Zəhranı basdım bağrıma, bilmədim dünyada kişi varmı, yoxmu... Mən də əkinçi balasıyam, indi mənə sözün nədir?

Xan. Uzun danışdın... Eybi yoxdur... (Çağırır.) Qulam, bəri gəl... Zəhra... Zəhra... Sən mənim əmrimdən çıxdın? Gərək bu papaq mənə qənim olsun, hərgah o yurdu tar-mar etməsəm... Hər nə var, əlimdən gedib. Qoy canım da bad-fənaya getsin...

Qulam (daxil olub). Nə buyurursan, ağa?

Xan. Gədə, mən sənə demədimmi darvazanı bağla, qoyma bir kəs kənara çıxsın?.. Necə oldu? Mənim əmrimə beləmi əməl edirsən?

Qulam. Ağa, başın üçün, mən qıfıl axtarırdım, onda gördüm ki, Zəhra bəyim anası ilə bir yerdə darvazadan çıxdılar... Ta küçədən tutub onları geri qaytara bilməzdim ki, ağa?

Xan (Qulama). Sürün, gözümün qabağından!.. (Qulam gedir.) Məlun balaları məlun.

Pərzad. Xan, məsləhətə xəyanət yoxdur... Sən gəl özünü rüsvay eləmə. Zəhranı qaytar evinə, xeyir-dua ver getsin istədiyi oğlana. Səfiquluya buyur farağat otursun yerində, ədavət qaldırmasın...

Xan. Bu mənim rüsvay olan günümdür, nə danışırsan? (Qışqırır.) Sürün buradan. (Qolundan tutub atır qırağa.) Rədd ol!.. (Pərizad çıxır.) Mənim qızım qoşulub qaçsın?.. Hay!.. Hay!.. Tamam ömrümdə bir kəs görmədim yanımda nəfəs çəkə bilsin, başı dik gəzdim... İndi gör qəza məni nə hala saldı, bu ağarmış başıma gör fələk nə müsibət gətirdi... Vay fələk, mənim qızım qoşulub qaçsın?.. Mənim... qızım... Mənim qızım. (Bihuş yıxılır səndəl üstə.)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 2

Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi:– Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar?

19052 мин
Balaca mütəfərriqələr 3

Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi:– Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar.

19051 мин
Balaca mütəfərriqələr 4

Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır?Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam...

19052 мин
Balaca mütəfərriqələr 5

– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam?– Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah!

19052 мин

Стихи других поэтов