İkinci məclis
Страница 2 из 2 · 50%
Bunlarmıdır, gözüm, insana ziynət?
Bunlarla insanlıq olmaz həqiqət.
Lazımdır insana, bil ki, mərifət,
Mərifətsiz vermə ömrün fənayə.
Adımı soruşsuz, Aşıq Vəliyəm,
Axtarmayın ağıllı, ya dəliyəm,
Nə Bakı, şirvanlı, nə gəncəliyəm,
Hardan olsam, bir bəndəyəm xudayə.
Hacı Qəmbər. Ay sağ ol, Aşıq Vəli. Çox sağ ol, qardaş!.. Yaxşı sözlərdir.
Dilbər xanım. Bərəkallah, bərəkallah, Aşıq Vəli!
Əşrəf bəy. Gəlsin qulluği-şərifinə bir üç danə manat. (Üç manat verir.)
Aşıq Vəli. Şərafətiniz artıq olsun, ay bəy! Allah o günü eləyəydi ki, sizin də toyunuzu görəydim.
Dilbər xanım. Aşıq Vəli, indicə dedin ki, hansı arvaddan həzər etmək gərək. Əgər hünərin var, de görək kişilərin hansından həzər etmək gərək?
Aşıq Vəli. Belə mənim bax bu gözüm üstə! Qulaq as, xanımcan, bir-bir ərz eləyim... Əvvala kişilərin şərir, biirzinə lənət.
Dilbər xanım. Qoçum, Aşıq Vəli, çox de!
Aşıq Vəli. Üzdə bir, batində qeyriyə lənət!
Əşrəf bəy. Amin!
Aşıq Vəli. Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət!
Əşrəf bəy. Vallah, Aşıq Vəlinin bu sözləri layiqdir ki, minbərdən deyilsin. Mərhəba, mərhəba, Aşıq Vəli.
Aşıq Vəli. Məqami-ehtiyacda dost olub, sonra dostluğu, aşnalığı kəsənə lənət!
Əşrəf bəy. Bərəkallah, Aşıq Vəli, de, qardaşım, de!
Aşıq Vəli. Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! Ay Cəbi, mən ölüm, əgər acığın tutsa da, Allaha pənah, sənin özünə də lənət ki, Zeynəb arvadın oğlunu, divanda yalandan and içib şəhadətlik edib, vilayətdən yox elədin! Biçarə arvad əli qoynunda, nalə edə-edə qalıbdır.
Cəbi. Odur ki, Allah məni gündən-günə zəlil edir də! Doğru deyirsən, Aşıq Vəli, Allah səbəbə lənət eləsin.
Hacı Qəmbər. Bu söhbəti qoyun dursun... Aşıq Vəli, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Başla görək, qəza başımıza nə gətirəcək.
Aşıq Vəli. (çalıb oxuyur) –
Ay ağalar, qulaq verin ərzimə,
Sizlərdən elərəm bu iltiması.
Cəhd eləyin dünyayə bənd olmayın,
Heç kimə olmayıb dünya vəfası.
Allanma dünyanın mülkü malına,
Nə qədər çox olsa, çoxdur cəfası.
İnsanın ziynəti elmdir, ədəb,
Nə xirqəsi xəzdən, tirmə libası.
Hacı Qəmbər. Çox sağ ol, Aşıq Vəli, çox sağ ol.
Qıdı kirvə (daxil olub). Adə, nə çox adam vaaar!.. Hacı Qəmbər kirvə, Allah saxlasun, bağışla bir az vurmuşam, kepim kökdür... Xanım, Allah saxlasun... Paaa, Əşrəp bəy, Əşrəp bəy, Allah saxlasun! Kepin-damağın, Allah səni də saxlasun, ay Cəbi... Allah sizi də saxlasun, ay uşaqlar! Allah məni də saxlasun. Bir az vurmuşam, bağışlayın.
Hacı Qəmbər. Necəsən, ay kişi, çoxdandır səni görmürəm. Necə dolanırsan, qocalmamısan ki?
Qıdı kirvə. Allahın dövlətindən kepim çox yaxşıdır... Bir az da vurmuşam, pışdırım çalıram. Gecə-gündüz dəyirman işləyir, qatırlarım saz, kepim saz. Tut arağı bol, çaxır bol, kartoflu qazanı da ocaq üstündən düşmür... Əşrəp bəy kimi otuz qonaq gəlsə, qonşuya getmərəm, dükana getmərəm, elə toyuq kəsərəm, biri bir quzu kimi.
Əşrəf bəy. Allah eləsin, Allah eləsin, ay kişi. Eşitdim özün də bir cahıl arvad almısan, doğrudurmu?
Qıdı kirvə. Ərz eləyim qulluğuva. Elə ki, bizim pağır qarı Allah rəhmətinə getdi, gördüm ki, dolana bilmirəm. Əlacımı Allah kəsdi, getdim bir qocapəndi dul arvad aldım gətirdim. İndi kepim saz, öz qarımla dolanıram.
Əşrəf bəy. Ay Qıdı kirvə, eşitmişəm ki, sən bizim hacıyla lap uşaqlıqdan aşnasan, doğrudurmu?
Qıdı kirvə. Mən sənə bir-bir nağıl eləyim, Əşrəp bəy, sən də qulaq as, kepin kök olsun... Mən hacını on iki yaşından tanıyıram. Mənim rəhmətlik atam, Allah sizinkinə də rəhmət eləsin, sağ idi... İki də eşşəyimiz var idi. Mən buğda daşıyırdım dəyirmana. Hacı həmişə bizim kəndə gələndə bizim otağa düşürdü... Belədir, Qəmbər?
Hacı Qəmbər. Belədir... Doğrudur.
Qıdı kirvə. Buna mən bu gün elə hacı deyirəm ha. Həmişə mən Qəmbər deyirəm. Qulluğuza ərz eləyim, Əşrəp bəy, bu cahıl vaxtı bir laçın oğlandı, bir laçın oğlandı ki, bərabəri yoxdu... Əşrəp bəy, bir az səbr elə, bir burunotu çəkim. (Yavaş-yavaş burunotu çəkir.) Mən özüm də çox qoçaqdım ha! Elə indi bu saat da genə zalım adamam... Müsəlmanlar yorğan-döşəkdə xoruldaya-xoruldaya yatan vaxt mən şəhərə gedib, ev yiyəsini güclən durdurub, dən apararam dəyirmana... Qol yoğunluğunda buğlarımdan buz sallana-sallana gecələr iş görərəm... Bu hacını görürsən, Əşrəp bəy? Ha bunun anası ölsün, bir belə zalım oğlan heç olmaz idi. Vallah, elə gecələr ki, göz-gözü görmür, yağış göydən tökülür, elə bil ki, sel gəlir, görürdüm ki, Qəmbər qabağında bir eşşək, suyun içində, budur gəldi... Qıdı, qapını aç! Rəhmətlik atam deyirdi ki, balam bu gədə dəlidir, nədir... Belə gecələrdə çölə çıxmaq olar ki, bu səpərə çıxır?
Dilbər xanım. Amma indi ikicə qara pula dəyməz.
Qıdı kirvə. Yox a! Elə genə kalapası durur... Bir gün, Əşrəp bəy, Qəmbər dalında bir dağarcıq dən gətirib, mən də dəyirmanda... Səbr elə, burunotu çəkim... Haa... gəldi ki, Qıdı, bu dəni gərək üyüdəsən! Dedim, ada, görmürsən ki, təknə doludur?! Yox, olmaz... Bu dedi, mən dedim, axırı ki, özgənin sarı buğda unuyla dağarcığı doldurmuşam ki, get! Hələ getməyəcəyəm... Gərək bir kömbə də yeyim gedim! Ada, Allaha bax ki, vallah olmaz... Olmadı, kömbə də bişirdim... Peşman oldum dedim ki, “durum içim arağı”. Qəmbər başladı “sonra qırxgilən parağı”. Ada, parax nədi? Ki, bəs it adıdır... Bi!.. Sənin evin yıxılsın gədə! İndi başına dönüm, Əşrəp bəy, bu Qəmbər belə Qəmbər idi... Baxışlayasız, çox naqqallıq elədim, gedim görüm qatırlarım necə oldu.
Cəmən. Xoş gəldin. (Qıdı gedir.)
Aşıq Vəli. Ağalar, mən də qulluğunuzdan mürəxxəs olum.
Əşrəf bəy. Xoş gəldin... Allah qoysa genə görüşərik. (Aşıq Vəli Cəbiynən gedir.)
Hacı Qəmbər. Mən bir belə dayanatdı erməni görməmişəm. Bunlar mənə o qədər hörmət ediblər ki, ölənəcən yadımdan çıxmaz.
Əşrəf bəy. Görünür ki, qoçaq adammış. Görəsən bunun bir yetmiş sinni olarmı?
Hacı Qəmbər. Gərək artıq olsun.
Cəbi (hövlnak daxil olub). Ağa, sənə qurban olum, Hacı Salman elə gəlir, elə gəlir, ildırım kimi!
Əşrəf bəy. Əlhəmdülillah!
Hacı Qəmbər. Qabağa çıx, ay gədə, tez ol! Ya Allah, sən özün rəhm elə!
Hacı Salman (içəri girməmiş). Cəbi, ay gədə, hacı evdədirmi?
Cəbi. Evdədir, başına dönüm, evdədir. Buyur, buyur, sənə qurban olum.
Hacı Salman daxil olur, əlində qayış torba. Hacı Qəmbər və Əşrəf bəy ayağa dururlar.
Hacı Salman (kənardan). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? Hə, necəsən, yassar kişi? Qorxaq kişi! Dəxi mənəm-mənəm deməyəcəksən ki? Əşrəf bəy, salam əleyküm.
Əşrəf bəy. Əleyküm salam. Hacı əmi, özü doğru, sözü doğru, biəvəz kişi!
Hacı Salman (əlin Hacı Qəmbərin çiyninə qoyub). Hacı yoldaş, dəxi bundan sonra başına hava gəlməyəcəkdir ki? Bazara çıxıb məni söyməyəcəksən ki? De görüm!..
Hacı Qəmbər. Keçənə güzəşt deyərlər. Bəri gəl üzündən öpüm!
Hacı Salman. Nə tövr ki, sənin xahişindir. (Öpüşürlər.) Əşrəf bəy, sənin canın üçün, maşından düz buraya gəlmişəm, heç evdən xəbərim yoxdur. Dedim ki, gərək qabaqcan kişini sakit edəm, sonra evə gedərəm... İndi, hacı qardaş, bu pulu say, mənə də bir qəbz şəfaət elə, sonra qulluğunuzdan mürəxxəs olum... Evdə də bilirəm nigarandırlar. (Hacı Qəmbər pulu sayır.)
Əşrəf bəy. Bu gün sabahdan indiyə kimi hacını inandıra bilmirəm ki, siz gələcəksiniz və qırx beş min manat pul gətirəcəksiniz.
Hacı Salman. Zarafat iş deyil, Əşrəf bəy, qırx beş min manat ağızda deyilir. Siz onu heç qınamayın.
Cəbi (Hacı Salmana). Hacı, ağa, bilmirəm, vallah, sənin əlindən öpüm, ayağından öpüm... Allah ömrünüzü uzun eləsin, hər bir xətadan, bəladan saxlasın!
Hacı Salman. Allah razı olsun, ay Cəbi. Mən burada bir artıq iş görməmişəm... Kömək Allahdandır... Hə, hacı yoldaş... hamısı qatdanmamış yüzlüklərdir ha!
Əşrəf bəy. Şükür Allaha ki, hacı dincəldi. Yoxsa yediyimizi-içdiyimizi bizə haram edəcəkdi.
Hacı Salman. Qınama, qınama, Əşrəf bəy. Allah heç bəndəyə göstərməsin, böyük müsibət idi. Zarafat deyil, qırx ildə əziyyət çəkib yığdığın dövlət bir gündə əldən gedə, qalasan müflis. Hə, hacı, saydın?
Hacı Qəmbər. Bəli, buyur bu da qəbz. Allah sizdən razı olsun... İndi gəl, dübarə üzündən öpüm.
Hacı Salman. Ay yazıq kişi... Gəl. (Öpüşürlər.) Hələ ki, xudahafiz.
Cəmən. Xoş gəldüz, Allah razı olsun!
Hacı Salman (gedə-gedə). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? (Gedir.)
Hacı Qəmbər (dizi üstə çöküb üzü qibləyə). Xudavənda! Şükür böyüklüyünə... Qurtardım zillətdən.
Cəmən. Gündə min kərə şükür!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-yagisdan-cixdiq-yagmura-dusduk-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!
Beşinci məclisVaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır.*Pirverdi** (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar...
“Əkinçi” qəzetindəki məqalələr1Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər.
Mənim sevgili, əziz müəllimim Həsən bəy!“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...