Bax, bu yaşamaqdı, bax, bu həyatdı
Mənə gəl-gəl dedi bu axşam, bu dan,Aldım qüvvətimi torpaqdan, sudan.Yetişdim istəkdən, bitdim arzudan,Elə ki, bu dünya qəlbimə yatdı –Ürəklə dilləndim, ürəklə dedim,Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Mehlə mayalandı, şehlə yuyuldu,Sözümdən həyatın ətri duyuldu.Şeirim ki güllərin ətrinə batdı –Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Köklər zolaq-zolaq budağa bağlı,İnsan yurda bağlı, dağ dağa bağlı,İgidlər həmişə yarağa bağlı,Cığırlar kəmərdi, qayalar atdı,Köhlən səyirdirəm belədən-belə –Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Elə ki, ömrümü güldürdü baxtım,Elə ki, zirvədən dünyaya baxdım,Elə ki, ucada quruldu taxtım,Səsim də tanrının səsinə çatdı,Allahdan bir özgə umacağım yox –Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Nə kamandan gəlir, nə neydən gəlir,Avaz haqdan gəlir, səs göydən gəlir.Təravət güneydən, quzeydən gəlir,Qəlbim də, ruhum da donub elə bil,Gözəllik önündə heyrandı, matdı.Bir günün ləzzəti bir ömrə dəydi –Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Zirvələr ucadı, dərələr dərin,Yaylaqlar havalı, çeşmələr sərin.Yaşamaq həvəsi şirindən şirin,Torpaq yer üzündə gör neçə rəngdi,Bulud göy üzündə gör neçə qatdı.Yerlərlə, göylərlə əlləşə bilsən –Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Seli də, çayı da, arxı da gördüm,Ölüm də, həsrət də, qorxu da gördüm.Ömür pilləsində qırxı da gördüm,Bu yarı yaşımda işığa dönüb,Nur verə bildimsə, bir çıraq qədər,Bar verə bildimsə, bir budaq qədər,Od verə bildimsə, bir ocaq qədər,Desələr Zəlimxan həyat yolunda,Hər gün addımını inamla atdı,Düşmən də dost olub deyər ürəkdən:– Bax, bu yaşamaqdı, bax, bu həyatdı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bax-bu-yasamaqdi-bax-bu-heyatdi
Клавиши ← → для перехода, R — случайное стихотворение