Gözümün önündə adam ölürdü
Ölümlə, əcəllə əlbəyaxaydı,Gözümün önündə adam ölürdü.Ata ölümünü görmüşdü gözüm,Elə bil təzədən atam ölürdü.
Ağlaya bilmirdi, boşala qəlbi,Solmuş gözlərində yaş qurumuşdu.Çubuq barmaqları... taxta əlləri...Çiyinlər üstündə baş qurumuşdu,Gözümün önündə adam ölürdü.
Ah çəkir, uf deyir, nəfəs dərirdi,Qəlbinin ahından kömək umurdu.Yerdə bəndələrdən üzülür əli,Göydə Allahından kömək umurdu,Gözümün önündə adam ölürdü.
Solmuş baxışından, soyuq üzündənYerə də, göyə də qəm çilənirdi.Əzrayıl əlində bir insan ömrü,Bir insan taleyi qamçılanırdı,Gözümün önündə adam ölürdü.
Allah uzaqdaydı, bəndə yaxında,Bir ömrün min cürə mənzərəsi var.Sonuncu mənzərə bu imiş demək,Gözümün önündə adam ölürdü.
Qardaşım, ölümə həyatdır demə,Desən də bu fikir boş təsəllidir.
Son mənzil, son səfər gəldi yetişdi,Bu hökmün hamıya gücü bəllidi,Gözümün önündə adam ölürdü.
Nə qızıl, nə gümüş, nə sərvət, nə var,Nə polad, nə də ki dəmir aparır.Torpağın ömrünə calamaq üçünHər gedən bir parça ömür aparır.Mənim də gözümü qırırdı ölüm,İçimdə səs batır, sədam ölürdü.
Qardaş itkisiydi, dost yarasıydı,Gözümün önündə adam ölürdü.Ata ölümünü görmüşdü gözüm,Elə bil təzədən atam ölürdü.
2002, 8 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gozumun-onunde-adam-olurdu
Клавиши ← → для перехода, R — случайное стихотворение