Gör hansı dağların zirvəsindəyik,Gör bizi haraya qaldırıb fələk.Bu yerə iblislər əl ata bilməz,Burda sirdaşımız peyğəmbər, mələk.

Tanrının dilində səslənsin adım,Ucalıq adlanan nemətdən dadım.Şeiri burda yazım, burda yaradım,Göylər söz endirsin, durnalar lələk.

Xəbər ver gizlindən, aşkardan mənə,Yaz güldən pay olsun, qış qardan mənə.Allahım, murad ver Qoşqardan mənə,Ruhumdan meh öpsün, alnımdan külək.

Boyumun üstünə boy burda gəlsin,Nişan burda gəlsin, toy burda gəlsin.Ölüm gələndə də qoy burda gəlsin,Tabutum gül olsun, kəfənim çiçək.

Daşkəsən, 2009, 14 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви