Gözəl yay günü... Günəş yavaş-yavaş dağların dalına çəkilir. Mən qayıqla gölü o tərəfə keçərək meşədə asta addımlarla gəzir, bəzən günəylərə çıxıb çiyələk yığıram, bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm.Elə bu vaxt mis sifətli, uzun ağ saçları çiyinlərinə tökülmüş bir adamın mənə tərəf gəldiyini gördüm.Mən gözlərimə inanmadım. O, Səmədə oxşayırdı! Yox, bu necə ola bilərdi?! Axı o, aramızdan getmişdir! Bir müddət nə edəcəyimi bilmədim. O isə gəlib mənim qarşımda dayandı.

Səməd

Mənəm! Tanımadın! Yox, şübhə etmə,Yaxın gəl, qardaşım, uzağa getmə!

Mən

Yox! Yox! İnanmayır gözüm, doğrusu,Həqiqət deyildir, bir yuxudur bu!Ürəyim dözməyir çəkdiyin dağa,Ölənlər qalxmayır bir də ayağa!

Səməd

Elədir, qalxmayır... Bu həqiqətdir...Mənisə yaşadan bir məhəbbətdir!Doğulub dünyaya gəldiyim gündənVermişəm qəlbimi bu torpağa mən,Bu yaşıl meşəni bir gün görməsəm,At minib getməsəm əgər bir yana,Mən qonaq olmasam dağda çobana,Görməsəm təmtəraq, görməsəm sükut,Başımın üstündən keçməsə bulud,Baxmasam dünyanın xəritəsinə,Səsimi qatmasam haqqın səsinə,Alışıb sinəmdə yanmasa ürək,İçməsəm bu sudan, dərməsəm çiçəkKönlüm sakit olmaz...Bilirsən ki, sənGünəşsiz, insansız yaşamadım mən!..

Mən

Sənindir, sənindir eşitdiyim səs,Sənindir duyduğum bu isti nəfəs!Ölüm qılınc çəkdi, ayırdı bizi,Ayırdı dost olan ürəyimizi!..

Səməd

Bəs niyə ağladın? Nədir göz yaşı?Belə qarşılamaz qardaş-qardaşı...

Mən

Danlama... Demə ki, bu səadətdir,Bu görüş özü də bir fəlakətdir!

Səməd

Mən varam...Mən yoxam...Düz söylədin sən,Amma ki, unutma: ömrüm boyu mənNə qədər qaldımsa çətində darda,Vaxtsız qocaldımsa vuruşmalarda,Bəzən itirdimsə dostu, yoldaşıBir insan görmədi məndə göz yaşı.Haqq üçün, dost üçün döyüşdə hər anQızıl qanlar axdı mənim alnımdan!..

Mən

Danış, söhbətindən mən heç doymadım,Öləndə dizinə mən baş qoymadım.Gecikdim bir qədər... baxıb üzünə,Mən qulaq asmadım o son sözünə.

Səməd

Bilirəm, gecikdin... İncimədim mən:Ölümdən daha pis günlərimdə sənMənimlə olmusan... Yaxşı qulaq as,Atalar sözüdür: haqq unudulmaz!İndisə... gəl bir az gəzək dağları,Bizim quşqonmayan qayalıqları...

Biz meşədən çıxıb açıq bir yerə gəldik. Burada quşlar oxuyur, ağ, sarı, qırmızı, mavi dağ çiçəkləri bir-birini çağırırdı...Səməd adəti üzrə saçlarını dala atdı, bu gözəl mənzərəni seyr etməyə başladı. Bir az sonra isə o əyilərək, əlləri ilə çiçəkləri oxşadı.Mən bu vaxt ona baxırdım: o, əllərini çiçəklərin üstündə elə gəzdirirdi ki, elə bil mehriban bir ata öz körpə uşaqlarını oxşayırdı...

Mən

Gözəl çiçəklərdir!.. Hər səhər tezdənGələrək bunları seyr edirəm mən.

Səməd

Seyr etmək? Bu azdır! Gəl, yaxşı bir bax,Üstündə durduğun bu yer, bu torpaq,Saçında oynayan bu sərin külək,Sinənə basdığın bu gül, bu çiçək,Sıldırım qayalı bu uca dağlar,Bizə laylay deyən gözəl bulaqlar...Bir şirin nemətdir, bir böyük aləm,Əfsus, bunlar haqda az yazmış qələm!Ölüm vaxtsız kəsdi mənim yolumu,Aldı qələmimi, qırdı qolumu,Mən başa vurmadım öz mənzilimi,Öz sənət dünyamı, söz mənzilimi!Bu ağır bir dərddir!.. Amma ki, heç mənƏlimi üzmədim, qardaşım, sizdən –Şair dostlarımdan... bilin ki, hər vaxtSənətkar vətənlə olacaq xoşbəxt!Sevin bu torpağı, bu təbiəti,Bunlardır yaşadan şeiri, sənəti!..

Mən

Düzdür, az yazmışıq... Sözlərin haqdır.

Səməd

Sənətkar əsərlə yaşayacaqdır!Başqa nə vardırsa gəldi-gedərdir,Şersiz keçən gün bil ki, hədərdir!..

Bu vaxt yaxında, sərt qayaların dalında, insan gülüşləri, külüng və motor səsləri eşidildi. Biz bir an sakit dayandıq, bu səsləri dinlədik.

Mən

Yenə fəhlələrdir!

Səməd

Onlardır, bəliDağlarda yol açır insanın əli.Sanki yüngülləşdi bu an bədənim,Gözümdə qalmadı istəyim mənim.Mən dedim, dağlara yollar çəkilsin,Yollar kənarında güllər əkilsin,Dedim, evlər olsun burda yan-yana,Təbiət qoynunu açsın insana!Qəlbində qalmasın elin arzusu,Bizə gəl-gəl desin Göygöl, İstisu!Dedim, bizim dağlar qoy abad olsun,Ellərin qisməti xoş həyat olsun!Dedim, mən görməyim bir də ölüm, qəm,Gözəllik içində yaşasın aləm!

Mən

Hər şeirin, hər sözün qopdu ürəkdən,Böyük əməllərin şairisən sən!

Səməd

Gəl, gəl gedək ora!.. Dözməyir ürək,Onlarla əl tutub görüşək gərək.Çox şirin olsa da quşların səsiHər şeydən gözəldir insan nəfəsi!

Mən

Ora sıldırımdır, qorxuncdur yaman!..

Səməd

Gərək, çətinlikdən qorxmasın insan!Zəhmətsiz iş yoxdur... Düşünsən əgər,Asan qazanılan, asan da gedər.Sənət də belədir...Dözüb hər dərdə,Ürəyin vurmasa düşüncələrdə,Ən ağır bir işə addım atmasan,Ömür çürütməsən, saç ağartmasan.Bir məna görməsən bu yaşamaqda,Getməsən hünərlə daim qabaqda,Döyüşdə hədəfi düzgün vurmasan,Bəzən yıxılmasan, bəzən durmasan..İnan ki, qardaşım, belədir əlbət,Yaranmaz sənətkar, yaranmaz sənət!..

Mən

Əfsus ki, bunlarsız düşərək moda,Şairəm deyənlər çoxdur dünyada!..

Səməd

İndi başqa hava çalır bu zaman,Onlar çıxacaqdır bir-bir ortadan!Gəl gedək oraya... Vaxt keçir artıq,Çökəcək dağlara yenə qaranlıq...

Biz uca qayalar aşdıq, keçilməz yollardan keçdik... Mən birdən ətrafıma baxdım, Səmədi görmədim. Qorxu və həyəcanla onu səslədim.

Mən

Hardasan, qardaşım, Səməd, hardasan?!

Səmədin səsi

Mən getdim... Axtarma... Çox gecdir, inan!Odur, şər qarışır... Dağlara bax bir,Gözləyir yolumu Füzuli, Sabir...

Mən

Sən yenə tək qoyub gedirsən məni,Bir də görməyəcək gözlərim səni.

Səməd

Yox, yox... Getməliyəm! Düşmə təlaşa,İndisə mənzili özün vur başa!Gəlmişdim səninlə danışım bir az,Bilirdim söhbətim faydasız olmaz.Nə vaxt lazım olsam, utanma heç sən,Çağır, gələcəyəm, ölməmişəm mən!Mən də bu meydanda döyüşən zamanVaqifi köməyə çağırdım hər an.Əslindən, kökündən ayrılsa bir kəsDöyüşdə qələbə qazana bilməz.Di, sağ ol, mən getdim!..

Mən

Yox, dayan, getmə,Yenə də ömrümü tar-mar etmə!..O getdi... Durmadı, söhbəti bitdi.O, yerdən gəlmişdi, yerə də getdi!Yox, yox! Qulağımda qaldı hər sözü,Qaldı ürəyimdə Səmədin özü!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов