İstehzalı
Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!
Ordan-burdan 57Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.
Ordan-burdan 58Rusiyanın hal-hazırda mövcud övza və əhvali rus “ər”lərinə xoş gəlmir. Bu iğtişaşə bir nəhayət olacaqmı? Haçan Rusiya kəsbi sükunət edəcək? – suallarını virdi-zəban edərək, təngə gəldiklərini izhar edirlər. “Zülm, cəbr, zor lazımdır! Öldürmək, yandırmaq, qırmaq lazımdır!” – deyə bunlar hökumətə “əlac” və “əncam” göstərirdilər. Lakin zülm, cəbr, zor, öldürmək, yandırmaq, qırmaq, dağıtmaq – bunlar Rusiyanın sükunəti üçün bir “əlac” və rahatlıq üçün “əncam” olmadı və olmur.Bəs nə etməli? Daha “əlac” yoxdurmu? “Novoye vremya”çı cənab Menşikov deyir ki, “əlac” var – yaponlar ilə ikinci dəfə müharibə etməlidir və yaponları nə tövr olursa olsun basmalıdır. O halda, Rusiyanın içi düzələr. Bu sözləri eşidib, Rusiyanın sair balaları deyirlər ki, binəva Menşikov sərsəm azarına mübtəla olubdur... Allah şəfa versin.
Ordan-burdan 59Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: – Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü “oda-közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, “təqdiri-qəza qüvvəti bazu ilə dönməz” misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub, “hüməmül rical təqləül cibal” kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim!Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, “Abbasını bəyənməyən beş şahı çıxardar”. Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində “abbasını bəyənməyən” fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, “abbasını bəyənməyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar.
Ordan-burdan 60Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.
Ordan-burdan 61Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
Ordan-burdan 62Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!
Ordan-burdan 63“Dərə xəlvət tülkü bəy”Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?
Ordan-burdan 64Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftarı və Şuşa ərbabi-hökumətinin belə rəftara etinasız və qeydsiz baxmağı Qafqaz ermənilərini böyük bir həyəcan və qələyanə gətirdi. Arvad, kişi, uşaq, iri dad-haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılar. İş istintaq olundu. Şuşa uyezd naçalniki ilə bərabər bəzi məmurlar suda verildilər.Kazakların Cavanşir uyezd naçalniki Pivovarov və pristav Şəfi bəy ilə bərabər Cavanşir kəndlərində icra etdiyi zülm və sitəmi müsəlmanlar eşidib bildilər. Heyf – dedilər. Çox pis iş olubdur, gərək elə olmaya idi! Söylədilər və... Bu faciəni nisyan bucağına atıb, işlərinin dalınca getdilər... Şayiələrə görə bu əhvalatı istintaq etmək üçün Cavanşirə məhkəmə məmurları göndərilibdir. Nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavın suda, verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm təkrar baş verə...
Ordan-burdan 65Mühüm suallar və əhəmli cavablarS u a l: Biz, nə üçün geridə qalmışıq?
Ordan-burdan 66Deyirlər ki, “Ərdəbil bir şəhərdir – hər kəs də öz vəkili”.Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olubolmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan – heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən – heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.
Ordan-burdan 67“Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır.Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!..
Ordan-burdan 68Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.“Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.
Dövlət Dumasının qurulmasıMillətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?
Ordan-burdan 69“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.
Vəkillərimiz nə tövr olmalıdırBakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.
Ordan-burdan 70Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?..Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar.
Ordan-burdan 71Ha fikir edirəm, başa düşmürəm!Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmədim. Lap “Molla Nəsrəddin”in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsa idi, acığı tutub haman dəm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə kərdəngir edibdir ki, heç cavab zad da yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay Allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və “ideya”sı nə imiş, çünki bu saat heç bir kəs “ideyasız”, məqsədsiz bir kağız yazmayır. Dükançılar köhnə qəzetənin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir “ideya” bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür “ideya” bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyüb də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şeir xüsusda danışmışam, o da mənə cavab verirmiş; qərəz, nə baş ağrısı verim, kağızın məzmunu budur:
Kəndçilərimizə dairNeçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:Ke əz çəngale-korgəm dər rebudi,
Bir tədbir lazımdır ya yox?Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... “əsaslı” tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu?
Ordan-burdan 72İran Rusiyanı yamsılayırDoğrudan da İran Rusiyanı yamsılayır. İran camaatı baxıb gördü ki, rus camaatı öz dövlətindən azadlıq tələb edir. Ona görə o da öz dövlətindən azadlıq tələb etdi. İran dövləti baxıb gördü ki, rus dövləti camaatı dolamaq üçün dedi: dinməyin, sizə bir otaq verəcəyəm, adı “qosudarstvennaya duma”, o da öz camaatını tovlayıb dedi ki, sakit olun, sizin üçün bir ev tikəcəyəm, adı olsun “Ədalətxanə”. Rusiya camaatı tovlanmağını duyub, dövlətə bərk acığı tutdu və ayağını yerə döyüb dedi: özün bil, ya vədinə vəfa elə, ya ki... İran camaatı da rus camaatına baxıb dövlətinə dedi: bax, özün bil, ya “Ədalətxana”nı bu saat qur, ya da ki... əyan və əşrəfdən dəstbərdar ol.
Ordan-burdan 73“Osmanlı”, Üdəba və mühərriri zümrəsinə daxil olmağa layiqi olan bir “ədib”in hər həftə çıxan asari-qələmindən bir nümunəyi-imtisal:“Əfəndim, şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndimin millətpərəstliyini bildirməkdir. Beləmi, əfəndim? Belə isə, qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz. Beləmi, əfəndim? Belə isə çox gözəl əfəndim. Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmırlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmirlər, beləmi əfəndim? Belə isə yaxşı olmadı, şəhərimizin qocaları şu yanda dursun, əfəndim? Gəlin “cavanlar”ın üstünə; şu cavanlar heç mənim xoşuma gəlməyir, əfəndim! Çünki onlar heç bir şey qanmayırlar, beləmi, əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır. Beləmi, əfəndim? “Əta olundu” sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz, əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsil millətpərəst ola bilər, beləmi, əfəndim? Əlbəttə belədir, əfəndim? İştə, şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız, əfəndim və pul qazanmaqda mahir olan “millətpərəst”ləri öz-özümüzə yol göstərən ittixaz etməliyiz, beləmi, əfəndim? Beləmi, əfəndim? Belə, belə əfəndim!”
Mədəni ingilislərin vəhşi yırtıcılığıRus qəzetələrini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən məəl-təəssüf xəbərdar oldum. “Liberalnı” adlanan ingilis qəzetələrindən “Tribyun” adlısı yazır ki, bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda ingilis zabitlərindən, birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və 2 nəfərini qırmanc (qamçı) ilə döyüb əziyyət verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamısını qətl edibdirlər...Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun. Amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Nə tövr öldürür?
Gələcəyi unutmayalımBu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir.Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.