Səhifə 2 / 2 · 50%

İnsanları yola gətirmək, onlara düzgün yol göstərib, həqiqəti öyrətmək qaydası belə deyildir. Sən bu qayda ilə özünə minlərlə düşmən və bədxah hazırlayarsan və məqsədinə də yetişməzsən. Onlardan hər biri tərslik və inad üzündən, sənin sözünü səmərəsiz və sənin dəlillərini puç hesab edəcəkdir. Sənin zəhmətin hədər və səmərəsiz olacaqdır.

Sən onların heç birinin dinindən yapışma! Sən onların dinini bir tərəfə qoy! Onların dininin batil olması haqqında danışma! Sən təbliğatını bu cür başla:

Bizdən əvvəl yazılan tarix kitablarında bu dünyanın tarixini yeddi min il söyləmişlər. Bu günə qədər əldə etdiyimiz qəti dəlillərə görə dünyanın yaranmasından bir neçə kürur min illər keçib. Musanın, İsanın və Məhəmmədin dinlərindən qabaq, dünyada saysız-hesabsız puç dinlər olmuşdur. Məsələn, bütpərəstlik, atəşpərəstlik, brəhmənilik, yunanların çoxallahlılığı və i.a. Belə isə insanın ağlı bir işə heyran qalır ki, nə üçün dünyaları yaradan Allah doğru sayılan bu üç dini yaratmazdan əvvəl, o qədər puç dinlərin bir neçə min il dünyada yaşamasına imkan vermişdir? Belə bir heyrətləndirici təsəvvürün nəticəsində insan ağlı istər-istəməz belə bir mə’nanı dərk edir və qəti hökm verə bilir ki, cəlal sahibi olan Allahın o pus dinlərin əmələ gəlməsi və yaşamasında qətiyyən iştirakı olmamışdır. Bəlkə də onların hamısını zirək və şöhrətpərəst adamlar öz məqsədlərinə çatmaq üçün özləri quraşdırmışlar.

Belə ki, qədim dinlərin puç olması düzgün sayılan üç dinə inananlara tamamilə aydın və aşkar oldu, onlar öz-özlərinə və ixtiyarsız öz inandıqları dinlərin də puç olduğunu bu əyardan başa düşəcəkdilər. Onlar anlayacaqdırlar ki, əgər dünyada din lazım idisə, nə üçün dünyanın Allahı bir neçə min ilin ərzində haqq bir peyğəmbər göndərmirdi ki, o puç dinləri yer üzündən təmizləsin və nə üçün bu işi ancaq Həzrət Musa zamanında başlamışdır? Məgər o zamana qədər bu dünyanın və bu insanların ixtiyarı onun öz əlində deyildi? Məgər o zamana qədər Allah yatmışdımı ki, sonra oyanıb gördü ki, puç dinlər onun dünyasını zibilləmişdir və buna görə də sonra Həzrət Musanı və onun yoldaşlarını göndərmək qərarına gəldi?

Dördüncü – haqqı batildən seçmək və əyrini düzdən ayırmaq işində bu günə qədər bizim səhvimiz onda olmuşdur ki, biz həmişə bir-birindən fərqli olan iki məsələni bir məsələ hesab etmişik. Halbuki bu iki məsələ nəinki eyni deyil, hətta biri digərinin ziddidir. Onlardan biri elmdir, ikincisi e’tiqaddır. Məsələn, elm deyir ki, birinci Napoleon olmuşdur və Moskvaya getmişdir və aqibəti də belə, ya elə olmuşdur. Bu xüsusda e’tiqada artıq ehtiyac yoxdur. Çünki məsələ qəti surətdə elmə əsaslanır. Dəlil və sübuta ehtiyacı olmayan hər bir məsələ və ya dəlil və sübutu qəti olan hər bir məsələ elmdir. Belə bir məsələnin e’tiqada dəxli yoxdur.

Digər tərəfdən isə dini rəhbərlərin verdiyi xəbərlərə görə, bizdə belə bir əqidə əmələ gəlmişdir ki, Həzrət Musa Tur dağına getmişdir və dünyanın Allahı ilə danışmışdır. O öz əsasını daşa vurmuşdur, daşdan bulaqlar çıxmışdır və sairə və i.a. Bu məsələnin dəlil və sübuta ehtiyacı vardır. Əgər dəlili olsa da, heç bir zaman qəti ola bilməz. Belə isə biz bu məsələni elm adlandıra bilmərik. Biz bu məsələni e’tiqad adlandırmalıyıq və ona elm üzündən deyil, e’tiqad üzündən yanaşmalıyıq.

Lakin bizim din rəhbərlərimiz bu kimi məsələləri də elmin bir sahəsi hesab edirlər. Necə ki, deyirlər: təfsir elmi, hədislər elmi, kəlam elmi və sairə. Bundan sonra isə deyirlər: fizika, riyaziyyat, coğrafiya, astronomiya və sairə. Onlar bunların hamısını elm adlandırırlar və belə iddia edirlər ki, birincilər də sonuncular kimi elmdir. Halbuki, bu sonuncuların birincilərdən fərqli olması gündən aydındır. Biz, birinciləri e’tiqad məsələləri ilə əlaqələndirib, yalnız sonuncuları elm adlandırmalıyıq.

Beşinci – kimyanın həyatda olmamasının dəlili bundan ibarətdir ki, kimya elminin gücü sayəsində hər bir mürəkkəb şeyin başqa bir şeyə çevrilməsi mümkündür, lakin bəsit şeylərin başqa şeyə çevrilməsi hələlik imkan xaricindədir. Məsələn, zəy mürəkkəb şeylər qismindəndir. Biz onu suya çevirə bilərik, sonra onu havaya təbdil edə bilərik, yenə də həmin zəy havasını, yə’ni onun mahiyyətini, əsil mahiyyətindən fərqlənən başqa bir şeyə çevirə bilərik. Lakin gümüşü, qızılı, qurğuşunu və bu kimi bəsit şeyləri də suya və havaya döndərə biləriksə də, lakin onlardan əmələ gələn havanı, yə’ni onların mahiyyətini, bu mahiyyətin ziddi olan başqa bir şeyə çevirə bilmərik. Əgər biz bu filizlərin havasını başqa bir şeyə çevirsək, yenə də həmin filizlərin özlərini maye və ya sülb vəziyyətinə gətirə bilərik. Beləliklə də, mə’lum olur ki, qurğuşun gümüşə və mis heç bir zaman qızıla çevrilə bilməz və guya qurğuşunu gümüşə və misi qızıla çevirən iksir deyilən şey ənqa və simurğ quşu kimi əfsanəvi bir şeydir. Yə’ni adı olub özü olmayan bir kəlmə, mövhumi və xəyali bir işdir.

Altıncı – hər bir din üç müxtəlif əmələ şamildir: e’tiqad, ibadət və əxlaq. Hər dinin əmələ gəlməsindən əsas məqsəd üçüncü əməldir. E’tiqad və ibadət əsas məqsəd olan üçüncü əmələ görə yardımçı işlər hesab olunur. İnsanın gözəl əxlaq sahibi olması üçün biz gərək elə xəyali bir vücud nəzərimizdə tutaq ki, o, ən gözəl əxlaq, əzəmət, cəlal, qüdrət, rəhmət, mətanət sahibi olub, pərəstiş və ibadətə layiq olsun ki, biz də özümüzü əxlaq cəhətdən ona uyğunlaqdırmağa çalışar və belə bir varlığı aləmin Allahı və kainatın yaradıcısı adlandıraq. Belə bir varlığı nəzərdə tutub, onu pərəstiş və ibadətə layiq gördükdən sonra ona namaz, oruc, həcc, zəkat və bu kimi pərəstiş və ibadət rüsumunu yerinə yetirməliyik. Belə bir vücudu nəzərdə tutduqdan və onun haqqında pərəstiş və ibadət mərasimini yerinə yetirdikdən sonra onun mərhəmətinə bel bağlayıb, onun qəzəbindən də qorxmalıyıq. Belə bir vücudun rəhmətinə bel bağlayıb qəzəbindən qorxduqdan sonra onun gözəl əxlaqını təqlid etməliyik. Buna görə də heç bir günaha yol verməməliyik ki, onun rəhmətinə şamil olub, qəzəbinə düçar olmayaq.

Bəs belə isə, əgər biz elə bir vasitə tapsaq ki, ibadət və pərəstişə layiq sayılan bu vücudu nəzərə gətirmədən gözəl əxlaq sahibi ola bilək, o zaman dinin ikinci dərəcəli şərtləri olan e’tiqad və ibadətə lüzum qalmır. Bir halda ki, belə bir vasitə tapılmamışdır, ikinci dərəcəli olan iki əməl əsil məsələdən, yə’ni gözəl əxlaqdan ibarət olan məqsəddən ayrılmır. Əgər ayrılarsa, əsil məqsəd tamamilə ortadan gedər.

Bir çox Avropa və Yengi Dünya ölkələrində elmin geniş yayılması nəticəsində xalqın yaxşı əxlaq kəsb etmək üçün hər dinin iki şərti olan e’tiqad və ibadətə ehtiyac yoxdur. Lakin Asiyada elm yayılmamışdır; ona görə də bu qit’ədə hər dinin əsas məqsədi olan yaxşı əxlaq kəsb etmək üçün həmin iki şərtin saxlanılması vacibdir.

Yeddinci – heyvan cinsi iki növdən ibarətdir. Onlardan biri inkişaf qəbul edənlərdir. Məsələn, insan ki, vəhşilik aləmindən tərbiyə aləminə qədəm qoyaraq, sonra yavaş-yavaş inkişaf aləmində irəliləyir. İkincisi – inkişaf etməyənlərdir. Məsələn, dəvə, at və bunlar kimi ki, dünya yarandıqdan bu günə qədər necə vardılarsa, elə də qalmışlar və bundan sonra da həmin vəziyyətdə qalacaqdırlar.

İnsanların yeddi vəzifəsi vardır. Əgər insan onların hamısını yerinə yetirsə, kamil adam sayılır və əgər bə’zilərini yerinə yetirib, bə’zilərini yetirməzsə, naqis insan sayılır və əgər bu yeddi vəzifədən heç birini yerinə yetirməzsə, bəşəriyyət dairəsindən çıxaraq, heyvanlıq dairəsinə daxil olar.

Birinci vəzifə ondan ibarətdir ki, insan pis əməllərdən çəkinməlidir.

İkinci vəzifə budur ki, insan yaxşılıq etməyə çalışmalıdır.

Üçüncü vəzifə bundan ibarətdir ki, insan zülmü dəf etməyə çalışmalıdır.

Dördüncü vəzifə bundan ibarətdir ki, insan öz həmnöv’iləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.

Beşinci vəzifə bundan ibarətdir ki, insan elm ardınca getməlidir.

Altıncı vəzifə bundan ibarətdir ki, insan hər yerdə elmi yaymağa çalışmalıdır.

Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi və öz imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və öz həmfikirləri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.

Bu yeddi vəzifədən hər birinin geniş şərh və izaha ehtiyacı vardır. Onlardan hər biri cürbəcür bəyanat və təfsilata möhtacdır ki, onları “Adəmiyyət” kitabında yazmışam. Burada onları izah etməyə imkanım yoxdur və bu yeddi vəzifə “Adəmiyyət” kitabının əsil məzmununu təşkil edib.

Mirzə Fətəlinin sualı:

– Görünür ki, bu məsələlər Fəramuşxanənin məsələlərindəndir?

Ruhül-qüdsün cavabı:

– Bəli, Fəramuşxanədə aparılan müsahibə zamanı hərdənbir bu məsələlər də müzakirə olunur. Lakin Fəramuşxanənin məsələləri çox-çox böyükdür və bu məsələlərdən xaricə çıxır.

Mirzə Fətəli Axundzadə

1279-cu ilin yay fəslində üç ay Tiflisin Qocur yaylağında qaldım. İşdən asudə saatlarda bə’zən “Hidayət” təxəllüslü Rzaquluxanın yazdığı “Rövzətüs-səfayi-Nasiriyyə” tarixini mütaliə edirdim. Tehran qəzeti müdiriyyətindən xahiş edirəm ki, mənimlə Rzaquluxan arasında əmələ gələn bu mübahisələri “Darülxilafə” ruznaməsində çap etsin; bu şərtlə ki, mükalimələr bir-birinə qarışmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri