Səhifə 4 / 11 · 27%

Küleyni rəvayət edir ki, İshaq ibn-Yə’qub həzrəti-sahibin xidmətinə bir ərizə yazıb, ikinci səfir Məhəmməd ibn-Osmana təslim etdi ki, həzrətə yetirsin. İshaq ərizəsində həzrətdən sual etmişdi ki, aya sənin qeybətinin illəti nədir və sənin qeybətində səndən xalqa nə nəf’ aiddir?

Ey Cəlalüddövlə, görək həzrət necə mətin cavab verəcəkdir ki, sailə sükut hasil ola.

Və sənin qeybətində səndən xalqa nə nəf’ aiddir?

Həzrət cavabında yazdı ki, amma illəti-qeybət, pəs həqq-təala buyurur ki:

Və amma o ki, sual eləmişdin: xalqın vəchi-intifaından mənim qeybət halımda, pəs bil ki, xalqın intifaı məndən mənim qeybət halımda gündən olan intifa kimidir, bulud altında olan zaman. Bədürüsti ki: mən əmani-əhli-zəminəm Allahın əzabından, necə ki, ulduzlar əmani-əhli asimandadırlar. Pəs bağlayın sual qapısını ki, sizə nəf’i yoxdur və təklif etməyin bir işdə ki, onu bilməyi sizə təklif etməyibdirlər və dua edin ki, həqq-təala sizə tezliklə fərəc kəramət etsin ki, sizin səlahınız bu duadadır. Allahın salamı sənə olsun və hidayətə tabe’ olanlara.

Bundan nə çıxdı, ey Cəlalüddövlə, bu fikir o suala cavab oldu? Bəhər surət...

İmami-Cə’fəri-Sadiq buyurubdur ki, həzrəti-qaimin iki qeybəti olacaqdır: birisi qısa ki, adına qeybəti-süğra deyirlər; birisi uzun ki, adına qeybəti-kübra deyirlər.

Əvvəlinci qeybətdə onun yerini bilən olmayacaqdır, məgər xəvassişiəyan və ikinci qeybətdə onun məkanın bilən olmaz, məgər övliyalar. Pəs vəqta ki, əhadisi-mütəvatirə həzrəti-qaimin vücuduna dəlalət edər, o həzrəti inkar etmək məhz tuli-həyatının qərabəti səbəbi ilə bisurətdir. Bavücudi ki, Həzrəti-Xizrin həyatına, Həzrəti-Nuhun ömrünün min il olmağına və Həzrəti-Loğmanın ömrünün üç min il olma-

+

ğına xalq qaildir. Və sual etmək ki, imami-qaibin vücudunda qeybət halında nə fayda var? Bivəchdir; zira ki, imamın qeybət halında haman fayda var ki, sabiqi peyğəmbərlərin qeybət halında vardır. Məgər bu səvab fayda deyil ki, şiəyan onun imamətinə e’tiqad edib zühuruna müntəzirdirlər?

Ey Cəlalüddövlə, görürsənmi ki, qeybətin faydası sübutunda axund Molla Məhəmməd Baqir Məclisi nə gunə bürhani-qate izhar edir? Bəli, bu dəlildən sonra dəxi şübhə etməyə hərgiz imkan yoxdur.

İmami-Cə’fəri-Sadiqdən mənquldur ki, hər kəs həzrəti-qaimin intizarını çəkib vəfat edə, ol kəsin mənziləsindədir ki, o həzrətin xeyməsinin altında o həzrət ilə bir yerdə calis olmuş ola və həzrəti-rəsulun xidmətində şəhid olmuş ola və həm sabitdir ki, hər il imami-qaib həccə gəlir və xalqı tanır və xalq onu tanımazlar və həzrəti-sahibin qeybəti-süğra əyyamında süfəranın təvəssütü ilə şiələrə tövqiat yetişirdi və imami-qaibdəndir bu hədis ki, mənim qeybət halımda rücu edin biz ali-rəsulun əhadisini rəvayət edənlərə ki, olar bizim hüccətimizdirlər və mən Allahın hüccətiyəm. Bu babda əhadis həddi-hesabdan ziyadədir. Bu dəlail və nüsusdan sonra ki, axundi-mərhum, həzrəti-qaimin qeybətinə iqamə edibdir ziyadə dəlail zikr etməyə ehtiyac yoxdur.

Ey Cəlalüddövlə, səbətəl-mətlub. Həzrəti-qaimin qeybəti-süğrasında süfəraları var idi ki, xalqın ərayizini həzrətə yetirərdilər və o həzrətin xətti-şərifi ilə cavab gətirərdilər və xalqdan yetişən xüms və nəzrləri təhvil alıfb həzrətə ərz edərdilər və həzrət dəxi buyurardı ki, sadatə və şiələrin füqərasına yetirsinlər və ənva kəşfü-kəramat süfəradan zahir olurdu.

Qeybəti-süğranın müddəti yetmiş il çəkdi. Süfəranın əvvəlincisi Osman ibn-Səid-Əsədi idi ki, ədaləti və əmanəti, imami-Həsən- Əsgərinin şəhadəti ilə sabit idi. İkincisi Əbu-Cə’fər-Məhəmməd ibn- Osman idi; yə’ni əvvəlinci səfirin oğlu ki, atası hini-vəfatından səfarəti və peşəsini öz oğluna tapşırdı, bu xüsusda Məhəmməd ibn-Osman, imami-qaib tərəfindən dəxi namə izhar etdi ki, atasının bərhəqq canişinidir.

Məhəmməd ibn-Osman vəfat edəndə səfarəti Əbülqasim Hüseyn ibn-Ruh-Növbəxtiyə vəsiyyət etdi və Hüseyn ibn-Ruh, iyirmi bir ildən ziyadə məşquli-səfarət oldu və mərcəi-cəmi-şiə idi. Bir nəhv

+

təqiyyədə mahir idi ki, sünnilər onu özlərindən bilirdilər. Taki, üç yüz iyirmi altıncı tarixdə riyazi-bexiştə irtihal etdi və imami-qayibin əmri ilə səfarəti şeyx Cəlil Əli ibn-Məhəmməd Samiriyə təfviz elədi və şeyx Cəlil üç il əmri-səfarətə məşğul oldu və tarix üç yüz iyirmi doqquzda vəfat etdi.

Qeybəti-kübra başlandı. Şeyx Cəlil Əli ibn-Məhəmməd Samirinin vəfat halətində şiələrdən bir neçəsi onun hüzuruna getdilər. İmamiqaibdən bir fərman çıxdı:

“Bismillahirrəhmanirrəhim. Ey Əli ibn-Məhəmməd Samiri, həqqtəala böyük eləsin sənin qardaşlarının əcrini sənin müsibətində. Sən altı gündən sonra dünyadan müfariqət edəcəksən. Pəs öz işlərini cəm elə və bir kəsi özünə vəsi və qaim-məqam etmə ki, indidən qeybətikübra və tammə başlandı. Olur ki, bu qeybətin müddəti çox tul tapsın və ürəklər səngin olsun və yer sitəmdən və cövrdən dolsun, amma bu qeybət zamanında hər kəs şiələrdən iddia etsə ki, məni görübdür, düruğgu və iftira deyəndir.

Ey Cəlalüddövlə, pəs mə’lum olur ki, şiələrdən imami-qaibi görmək xüsusunda düruğ iddia etmək ehtimalı var imiş. Bu surətdə həmin ehtimal süfəranın öz haqqında dəxi şamil olmazmı? Və onların sadiqliyi hansı dəlili-əqli ilə sabit olur? Kisaniyyə dəxi Yəməndə qaildirlər ki, Məhəmməd Hənəfiyyə qeybət edibdir. Siz deyəcəksiniz ki, olar yalan deyirlər. Xeyr, özünüz yalan deyirsiniz. Qeybətin isbatına siz ki, dəlili-əqli gətirmirsiniz, sizin e’tiqadınız bu babda məbnidir bir neçə nəfər əyyar əbləhfiribin rəvayətinə. onların məgər bu cürə əyyarları yox idi? Haradan mə’lum olur ki, sizin əyyarlarınız doğru danışandırlar və onların əyyarları yalançıdırlar? Bəhər surət...

Süfəradan çox mö’cüzat zühur edərdi; o cümlədən bir yol Əbu- Əli-Bağdadi nəql edər ki: İbn-Cavşir tərəfindən on şümş tila gətirirdim ki, Bağdadda Hüseyn ibn-Ruha verim. İttifaq [üzündən] yolda bir şümşü itirdim; onun əvəzinə başqa bir şümş bazardan aldım, qoydum. Vəqta ki, Hüseyn ibn-Ruhun hüzuruna yetişdim və şümşləri ərz etdim, işarə elədi ki: filan şümşü götür ki, onu bazardan almısan; zira ki, məfqud olan şümş bizə vasil olubdur. O saatda əlin uzatdı, yolda məfqud olan şümşü çıxarıb göstərdi.

Bir dəfə dəxi, Bağdadda bir arvad, şiələrdən soruşurdu ki, imamiqaibin vəkili kimdir? Şiələrdən birisi Hüseyn ibn-Ruhu ona nişan verdi. Arvad gəldi Hüseynin yanına, dedi ki: “Xəbər ver mənə ki, sənə nə gətirmişəm, taki, təslim edim”.

Hüseyn dedi: “Hər nə gətiribsən, tulla Dəclənin içinə. Sonra deyərəm”. Arvad gətirdiyini Dəclənin içinə tulladı. Hüseynə rücu etdi, Hüseyn xadimə dedi ki: “Gətir haman hoqqanı!”.

Xadim hoqqanı gətirəndə, arvada dedi ki, “Gətirdiyin bu hoqqa idi. Bunun içində bir cüft tila biləzik var və neçə dürdanə var və neçə əqiq və firuzə əngüştəri var”.

Arvad heyrətindən bihuş oldu.

Bir dəfə də Həsən ibn-Əhməd Nasiriddövlənin məclisində imamın qeybətindən söhbət düşmüş imiş, Həsən ibn-Əhməd istehza edirmiş ki, qeybət, kizbdir. Bu halda onun əmisi Hüseyn daxili-məclis olub deyibdir ki: “Balam, şəkk etmə və istehza eləmə. Mən də əvvəl sənin kimi şəkk edirdim, amma vəqta ki, məni Quma hakim etdilər, qoşun ilə gedirdim, bir şikarın dalısına düşüb tənha, dəstələrdən uzaqlaşdım. Çox iraq düşdüm, nagah bir səvar peyda oldu, əşhəb atın üstündə; xəzdən yaşıl əmmamə başında, qırmızı çəkmə ayağında. Mənə əmir xitab etməyib dedi ki: “Ey Hüseyn, niyə mənim qeybətimdə şəkk edirsən və niyə malın xümsünü mənim əshabıma və nəvvabıma vermirsən?”. Mən xofdan titrədim. Ərz etdim ki: “Sənə fəda olum, necə ki, buyurursan, əməl edərəm”. Buyurdu: “Filan yoldan qayıt, ləşkərinə çatarsan və əgərçi Qum xalqı xəlifəyə asi olublar, amma sən bizim bərəkətimizdən biduni-qital və cidal daxili-şəhr olursan və kamranlıq görürsən və hər nə ki, kəsb edərsən, onun xümsünü mənim naibimə yetir!”

Ərz etdim: “İtaət edərəm!”.

Buyurdu ki: “Get, indi rüşd ilə və səlah ilə!”

Sonra nəzərimdən qaib oldu.

Vəqta ki, mən Qum hökumətindən mə’zul olub, çoxlu mal ilə Bağdada varid oldum, xalq məni görməyə gəldilər. O cümlədən Məhəmməd ibn-Osman-Əsədi də gəlib oturdu. Hamı gəlib gedirdi; elə Məhəmməd otururdu və heç danışmırdı. Ürəyimdə çox acığım tuturdu ki, görəsən bu niyə durub getmir? Ta inki məclis münqəzi oldu, Məhəmməd mənə yaxın gəlib dedi ki, mənim ilə sənin mabeyinində bir sirr var, eşit!

Dedim: – Söylə.

Dedi ki: – Əşhəb atın sahibi buyurur ki, biz və’dəmizə vəfa etdik, sən də və’dənə vəfa elə.

Dedim: – Canıma minnətdir.

Durdum əlindən tutdum, içəri apardım. Sandıqlarımı açdım, xümsimalımı küllən ona təslim elədim. Bir para malım ki, yadımdan çıxıb, xümsü qalırdı, Məhəmməd mənim yadıma salırdı; onun da xümsün alırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

20 dəq
Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 dəq
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 dəq
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 dəq

Başqa şairlərin şeirləri