Onlar üç nəfər idi,
Vətən uğrunda vuruşan
ordunun üç nəfəri.
Nə qədər ki,
Qurtarmamışdı güllələri,
Bir cərgədə,
bir cəbhədə vuruşdular,
Yüzlərin, minlərin
sırasında.
Nə təslim oldular,
Nə də “aman” diləyən oldu
onların arasında.
Vuruşdular
son gülləyə kimi...
Sonra gəldilər
ölüm ayağına
iftixarla, inamla.
Qala divarı önündə
dayanıb nizamla,
Ölümü gözlədilər.
“Yaşasaq vuruşacağıq”.
“Ölsək yaşayacağıq”.
Dedilər...
Nə hökm oxundu,
nə qərar yazıldı.
Güllələr açıldı
qırıq-qırıq...
Ancaq ölənlərin sayı
məhkumlardan az oldu.
Axtardılar,
üç nəfər tapılmaz oldu.
– Yəqin ölümdən qorxublar.
– Bəlkə qəhrəmanlıq sayıblar

düşmən əlindən qaçmağı...
Hərə bir söz dedi,
unutdular tamam
sonra bu üç qaçqını,
üç “qoçağı”.
Beləcə yoxa çıxdı
ölümə gedənlərin
üç nəfəri.
Qaçdılar...
Dostlarının,
qardaşlarının,
cəbhədaşlarının
ölümünü görmədilər.
Qaçdılar,
ölümə gedənlərin
dözümünü görmədilər.
Vətənçin yaşamağı,
Vətənçin ölməkdən
üstün bildilər yəqin.
Kimsə bilmirdi
sonu necə olacaq
ixtiyarını taleyin əlinə
verənlərin.
Qaçdılar,
o zaman ki arxada qaldı
zolaqlı sərhəd ağacı,
bir də Vətən,
elə bil dərk etdilər birdən,
necə də yalqız,
necə də kimsəsiz qaldılar.
Bayaq Vətən torpağında,
düşmən qabağında,
necə də vüqarlı idilər,
indi necə də alçaldılar...

Birinci qaçqın

O, ağ saçlı,
ağ saqqallı idi.
Dünyanın isti-soyuğundan
hali idi.
Elə birinci gün
peşman oldu qaçmağına.
İmkanı olsaydı əgər
özü özünü salardı
silah qabağına.
Artıq məhv etmişdi
bir ömrün bahasına qazandığı
adını, sanını.
Qaçmışdı,
demək itirmişdi
özünün özünə inamını.
Nə bir hünər göstərdi ki,
Vətəndə ana bilələr.
Nə də qəhrəman kimi
səngərdən çıxdı ki,
qayıdacağına inana bilələr.
“Qaçmalısan” dedilər,
qaçdı o da.
İnsan necə də miskinləşir
kimliyini unudanda...
İndi o hər şeydən hali idi,
yaşamaqçın
ölüm meydanında qalmalı idi.
Dağ uçar, yeri qalar,
igid ölər, qalar adı.
O nə öldü,
nə də qaldı.
Bir gün də getdi bu dünyadan.
Qəribədir həyat...
Qəbri üstündə dedilər:
– Rahat yat.

Fəqət,
rahat yata bilmədi hətmən,
içini yeyən peşmançılığın,
bir də bu ucuz,
mənasız ölümün kədərindən...

İkinci qaçqın

Özü qaçan,
“Özü yıxılan ağlamaz” dedi.
Sonra da yavaş-yavaş
hər dona,
hər cildə girdi.
Ölümə gedənləri ananda
əllərini yellədi aram-aram.
Görəsən mən də ölsəydim
nə olardı?
Yaxşı ki, qaçdım.
Yaxşı ki, sağam.
Bəzən də nitq elədi
əlinə tribuna düşəndə.
Səsində, boğazında
süni qəhər:
– Biz yaşamalıyıq,
Vətən üçün,
döyüş üçün.
Bir qaşıq qanımızdan
qorxsaq əgər,
bizi bağışlamaz şəhidlər.
Elə bu an
fırlandı başına tribuna.
“Eh, hardan düşdü
bu şəhidlər sözü yadıma...”
Alnında soyuq tər
endi tribunadan birtəhər.
Elə ki, gəldi özünə,
düşündü,
“yaşamalıyıq” deyəndə
görəsən gülən olmadı mənə?
Axı, hamı
hər dəfə təkrar olan,
sürtülmüş daş kimi
nə əldə,
nə də ağızda qalan
bu sözlərin kökünü bilir.
“Yaşamalıyıq” deyən adamın
nə zamandır
yaşaya-yaşaya
öldüyünü bilir...

Üçüncü qaçqın

Üçüncü nə təsadüfən öldü,
Nə də vəzifə düşkünü oldu.
Od idi Vətən torpağında,
düşmən qabağında.
Qaçırtdılar,
torpaqdan ayırdılar,
ocaqdan ayırdılar.
Köz oldu,
kül altında qaldı...
eləcə də qalacaq
yenidən od olub,
ocaq olub
yanana kimi.
Qalacaq,
güllə qabağına gedən
yüzlərin, minlərin
qanını alana kimi.
Qalacaq,
əllərdə məşal olana kimi...

Onlar üç nəfər idi,
ölümdən qaçdılar.
Onlar üç nəfər idi,
biri öldü,
biri yoxdur daha,
ancaq biri var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri