Səhifə 2 / 4 · 25%

– Dur gəl, ocaq başında paltarını qurut, yazıqsan, yerdə soyuq vurar, naxoşlarsan, – deyə məchul kişinin sərt səsi yenə cingildədi.

Gülzar qımıldanmadı. Getdikcə qorxu onu bürüyür, bütün varlığı əsirdi. Bu aralıq Gülzar köhüldən çıxıb qaçmaq istəyirdi. Lakin qaçılası bir yer yox idi. Artıq gecə qara qanadlarını kainat üzərinə sərmiş, bütün varlıq bir məzar qaranlığına bürünmüşdü.

Yenidən boğuq bir səs eşidildi:

– Ərin kimdir?

Zavallı qızcığaz bir söz demir, hətta nəfəs çəkməkdən belə qorxurdu.

– Daha o uzaqda oturduğun nə üçündür. Səni yeməyəcəklər ki... Al, kürkümə bürün və paltarını qurut.

Gülzar artıq büsbütün özünü itirmiş, kiçicik ürəyi bir gurultu ilə döyünürdü...

Gecə getdikcə dərinləşir, sükut getdikcə artır, həyat getdikcə susurdu. Bu aralıq məchul kişi birdən yerindən qalxdı. Ağır addımlarla Gülzara yanaşıb, sərt və dəmir kimi ağır əli ilə Gülzarın biləyini yaxaladı. Zavallı qızcığaz, bütün mümaniətlərinə baxmayaraq, bir saniyədən sonra ocağın qırağında oturmuşdu...

Heç birisi danışmırdı... Ocaq getdikcə qaralır, köhül getdikcə bir qaranlığa dalırdı. Gülzar ocağın bir tərəfində bucağa sıxılmışdı. Məchul kişi o biri tərəfdə uzanmışdı.

Beləliklə, çox keçdi...

Gülzar, üzünə isti bir nəfəs toxunduğunu hiss edib, gözlərini açdı: qaranlıq bir heyət qarşısını daldalamış, eyni zamanda iki qol dəmir halqa kimi biləyini sarmış, sıxırdı. Gülzar qışqırıb, bütün şiddətilə çırpınmağa başladı. Amma belini sarmış qollar sarsılmaz və güclü idi. Gülzar çırpınır, eyni zamanda uşaq ağlına gələn sözləri

söyləyib yalvarırdı:

– Səni and verirəm Allaha, səni and verirəm Həzrət Abbasa, mənə toxunma! Mən yetiməm, kimsəsizəm. Məni öldürərlər. Səni and verirəm o gözə görünməyən Allaha, mənə toxunma, mənə toxunma, mənə yazığın gəlsin, – deyə bu sarsılmaz qollar arasından özünü çıxarmağa çalışırdı.

Məchul kişi isə mırıldanır, mırıldanırdı...

Artıq Gülzarın xırdaca əlləri yorulmuş, məchul kişinin dəmir pəncəsində sıxılır, ayaqları isə kişinin dizləri altına alınmış, tərpənməsinə belə imkan qalmamışdı... Zavallı qızcığaz özünün gücsüzlüyünü görüb bağırır, yalvarır, ağlayır, bütün imamları, peyğəmbərləri bir-bir sayır, eyni zamanda sözlərinin təsirini gözləmədən, balıq kimi çapalayır, çırpınırdı. Lakin bunların hamısı faydasız idi. Yazıq artıq yorulmuş, qolları sustalmışdı.

Hər halda yarım saatdan çox çalışmışdı. Nəhayət, zavallı büsbütün yorulub, ölü kimi düşdü. O bütün uşaq qüvvəti ilə bacardığı qədər çalışdı, çapaladı, yalvardı, yaxardı, ağladı, bağırdı, çığırdı, ilan kimi qabıqdan çıxdı, amma çarə olmadı. Axırda yarımbayğın bir halda düşüb, istər-istəməz sükuta məcbur oldu...

Gecə ölgün bir sükuta dalmışdı.

Bayırda ruzigar yetim bir uşaq fəryadı ilə inləyərkən, Gülzar bir bucağa sıxılmış, səbəbini özü də bilmədən ağlayır, ağlayır, ağlayırdı. Çünki başqa bir çarəsi yox idi.

Artıq hava işıqlanmış, gözəl bir payız səhəri açılmışdı. Meşənin bütün yarpaqları yağışdan yuyunmuş, günəşin şüalarından parıldayırdı. Bu gözəlliklər arasında Gülzar, ətrafına belə baxmadan, ölgün, solğunbir halda evə qayıdırdı.

Üç gün sonra: “Getmirəm”, – deyə ağladığına baxmayaraq, onu nişanladılar. Bu gündən etibarən artıq Gülzarın bütün keçmiş şuxluğu, təravəti itmiş, evdən bir yana çıxmır, keçmişdə qardaş kimi gördüyü kişilərdən artıq yaşınır, kimsənin üzünə baxmır, daha doğrusu baxmağa qorxur, utanırdı. Al yanaqları payız yarpaqları kimi getdikcə solur, çöhrəsi saralır, gözləri çuxura enir, bütün varlığı sarsılıb məhv olurdu. Vaxtilə hər kəs, xüsusilə Aslan bu haldan maraqlanıb, səbəbini soruşmuşdusa da, axırda Gülzarın xəstə olduğunu düşünüb, qəti bir cavabdan vaz keçmişdi. Lakin Gülzar getdikcə solurdu. Bu aralıq Gülzar məsciddən bir Quran götürüb ona tapınmış, ona pənah gətirmişdi. “Gəlin gedərkən nə olacaq? O müdhiş gecədə nə cavab verəcək? Ona inanacaqmıdır?” Bu düşüncələrlə zavallı qaranlıq daxmalarının bir bucağına sıxılıb, saatlarca orada qalırdı. “O gecə nə deyəcək, nələr eşidəcək, nələr olacaqdı?” O bu xüsusda çox şeylər eşitmiş və qorxmuşdu.

Keçən il qonşularının qızını əri doğramışdı. Zavallı bunları düşünür, bağrı adətən partlayır, otura bilmir, hövlnak qalxır, sanki bir çarə tapacaqmış kimi, mənasızcasına ətrafa baxınır, nəhayət, yenə daxmanın bir bucağına yıxılıb, ağlamağa başlayırdı. Ağlayır, ağlayır, nəhayət, özünə təsəlli verərək: “Yox, mən ona yalvararam, mən bu Quranı şahid gətirərəm ki, məndə günah yoxdur. O inanar. Bu Quran, bu Quran sahibi məni himayə edər”, – deyə bir qədər təsəlli tapırdı. Lakin bir saniyə keçmədən yeni bir şey xatırlayırdı: “O mənim andlarıma inanmazsa?” – deyə yenidən pozulur, müdhiş bir iztirab onu bürüyür, yenidən Quranını bağrına basıb, köhnə qabığını göz yaşları ilə isladırdı.

Beləliklə, uzun qış gecələri o müdhiş gecənin fəlakətlərini, dəhşətlərini düşünərək, bir iztirab içində altı ay gözləyib durmuşdu...

Bu gecə də hər kəs onun səadətinə sevinirkən, o bütün varlığını itirmiş; göz yaşlarında boğulub getmişdi.

– Hə, nə oldunuz? Qurtarmadınızmı? Xalq gözləyir axı, – deyə bayırdan Aslanın səsi eşidildi.

Gülzar diksinib, ürəyi döyünməyə başladı.

– Biz hazırıq. Qızım, daha dur, – deyə yengə cavab verdi.

Gülzar yerindən tərpənmirdi.

– Qoyun bir balamın üzünü öpüm, – deyə Gülzarın kor anası arvadların içində səslənib, irəli yeriməyə başladı.

– Aydan arı, sudan duru balam... Ya Həzrət Abbas, balamı sənə zamin verirəm, – deyə Gülzarı qucaqladı.

Gülzar özünü bilmirdi. Bəyin qardaşı gəlinin belini bağlayır, arvadlar, kimi çalır, o yan-bu yana qaçır, “Allah, Allah” deyir, xəlfə dua oxuyurdu, – bir kəlmə, bütün dünya bir-birinə çaxnaşmışdı.

– Qoyun məni axırıncı dəfə bacımın üzündən öpüm, o mənim evimin sütunu olmuşdur, – deyə Aslanın səsi eşidildi.

– Əlbəttə, əlbəttə, bacındır, qızındır, çörəyini yemişdir, sən ona atalıq eləmişsən, – deyə yengə kimsəyə möhlət vermədən cavab verirdi.

– Əlbəttə, çəkilin, arvadlar, qoyun yazıq öz bacısı ilə görüşsün, – deyə arvadlar bir-birinə söyləyir, eyni zamanda yenə gəlinin başına toplanıb, yolu daha da kəsirlərdi.

Aslan bilirdi ki, ona kimsə bir söz deməyəcəkdir, çünki bu gecə onun sözü ilə hər kəs hesablaşır, hörməti hər kəsdən çoxdur. Elə ixtiyar istəməsi də bir növ lovğalanmaq üçün idi.

Artıq Gülzarı, başında al duvaq, qapıdan çıxarırlardı. Aslan qolunu bacısının boynuna salıb:

– Gəl, bacım, səni öpüm. Sən mənim evimin sütunu olmuşsan, sən mənim üzümü xalq içində ağartmışsan, adına güldən ağır bir söz deyilməmişdir. Bu hələ mənə bəsdir. Mən səndən çox razıyam, get, Allah səni xoşbəxt eləsin, – dedi.

Bu sözlərdən zavallı Gülzarın ciyərləri parçalanır, amma artıq bir şey düşünmür, bir şey hiss etmir, köhnə qabıqlı Quranı bağrına basıb, başqalarının zövqü ilə yeriyirdi.

Otaq tam bir bayram şəkli almışdı: elə bil bəzəkli gəlin evi idi. Lakin Gülzar heç bir şey düşünmür, ancaq başqalarının “Allah, Allah” sözü arasında öz Allahını unutmamaq üçün tez-tez “Ya Allah, ya

Allah”, – deyə təkrar edirdi. Onu oturtdular. Arvadlar, baldızları, hətta qayınanası belə qabağında oynadılar, qayınanası üzündən öpdü. Lakin Gülzar bunların heç birini istəmirdi, bu iltifatlardan ürəyi sıxılırdı. Beş dəqiqədən sonra bu adamlar heç birisi onu görmək istəməyəcək, üzünə belə baxmayacaqlar. Kim bilir, bəlkə bir daha o onların heç birisini görməyəcəkdir...

Arvadlar çaldılar, çağırdılar, oynadılar, çıxdılar. Gülzar tək qalınca, artıq özünü bilmir, yarımbayğın bir halda bir-biri üzərinə salınmış döşəklərin, gəlin taxtı üstündə oturmuş, ərinin gəlməsini gözləyirdi. Özü ilə götürdüyü Quranı bütün qüvvəti ilə iki döşü arasına sıxıb: – “Ey Quran, ey Quran sahibi, sən mənə kömək ol!” – deyə təkrar edirdi. Zavallının ürəyi döyünür, ciyərləri parçalanır, bütün varlığı məhv olurdu. Altı aydan bəri çəkdiyi iztirabların, əzab və göz yaşlarının bu gecə artıq sonu idi. Bu gecə ya həmişəlik xoşbəxt olacaq, ya da həmişəlik qara torpaqlara gömülüb gedəcəkdi. Ox, nə qədər müdhiş bir gecə!.. O bu gecəni çoxdan bəri təsəvvür etmişdi. Amma belə fəlakətli bir gecənin, doğrudan da, olacağına inanmırdı. Bir aralıq: “Mən burada qalmıram” – deyə durub evlərinə qaçmaq istəyirdi. Lakin istəyirdi... Çox şeylər istəyirdi... eyni zamanda heç bir şey istəmir, yalnız özünü gizlətmək üçün bir yer, torpaq, bir məzar istəyirdi.

Nəhayət, qapı açıldı, bəy girdi. Gülzarın ürəyi çırpındı. Qapının səsindən sanki qulaqlarında göy guruldayırdı. O, qısaboylu, dik papaqlı, sərt üzlü, sərt baxışlı, azacıq çopur bir oğlan idi. Eyni zamanda simasına baxınca, onda xüsusi bir mülayimlik, bir nəvazişkarlıq görmək olurdu. Amma Gülzar üçün bu dəqiqədə ərinin necə olmasının heç bir fərqi yox idi. O bu saat ərinin bir meymun, bir qurd, bir canavar olmasına, lakin onu bağışlamasına, ona inanmasına şükr edərdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tərcümə məsələsinə əhəmiyyət verilməlidir

Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.

3 dəq
Kənd səhnələrinə kömək edilməlidir

Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.

4 dəq
Mirzə Fətəli Axundzadə

HAQQINDA*Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir.

9 dəq
Səmimi sənətkara alqış!

“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir....Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.

2 dəq

Başqa şairlərin şeirləri